Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 21:39

'Netflix'in 'Oskar'dan boylanan gücü


Netflix
Netflix

Bu il Amerika Kino Akademiyasının altı qanadı "Oskar" mükafatına namizəd filmlərin 10 qısa siyahısına səs verib. Bu siyahılar musiqi, sənədli film, animasiya və qısa film, vizual effektlər, makiyaj və saç, habelə ilk dəfə səs nominasiyalarına aiddir. Bu qısa siyahılar yanvarın 27-də başlanacaq səsverməyə çıxarılacaq və onların arasından finala çıxacaq beş namizəd seçiləcək. Fevralın 1-i başa çatacaq səsvermənin nəticələri fevralın 8-də elan ediləcək.

Indiewire saytı yazır ki, "Oskar" nominasiyalarına baxanda "Netflix"in nə qədər güclü olduğunu anlamaq mümkündür. Striminq xidmətinin mükafat komandası səylə çalışaraq 13 filmin 16 qısa siyahıya salınmasına nail olub.

Helli Berrinin rejissorluq debütü olan "Bruised" filminin musiqisi – H.E.R.-ın "Automatic Woman" mahnısı birdən-birə üç ən yaxşı mahnı nominasiyasına daxil edilib.

Bir neçə siyahıda "Netflix" filmləri var

"Netflix" xarici film nominasiyasının qısa siyahısındakı 15 yerdən ikisini tutub. Bunlardan biri Meksikanın namizədi olan "Prayers for the Stolen", digəri isə İtaliyanın namizədi, Paolo Sorrentinonun "Hand of God" filmidir.

"Netflix", bundan başqa, səs nominasiyasında qısa siyahıdakı 10 yerdən ikisini tutub. Söhbət "The Power of the Dog" və Lin-Manuel Mirandanın "Tick, Tick, Boom" müziklindən gedir. Sənədli film nominasiyasının qısa siyahısındakı 15 yerdən biri və animasiya siyahısında 10 yerdən biri də "Netflix"in payına düşüb. Robert Qrinin "Procession" və "Aardman Animations"ın "Robin Robin" filmləri sayəsində.

Sənədli qısa film kateqoriyasının qısa siyahısında isə "Audible", "Camp Confidential: America's Secret Nazis", "Lead Me Home""Three Songs for Benazir" filmləri "Netflix"in istehsalıdır.

"No Time to Die"

Indiewire saytı musiqi kateqoriyasında səsvermənin nəticələrindən çox da razı qalmayıb. Sayt Billi Aylişin ən son Ceyms Bond filminin saundtreki olan "No Time to Die" mahnısının finala çıxma ehtimalının yüksək olduğunu yazır.

Bundan başqa, Hans Zimmerin "Dune" filmi üçün yazdığı, Arrakis planetinin gözəllik və təhlükələrini ifadə edən, qadın səsləri ilə ifa olunan gözəl musiqisi də var. Zimmer, bundan başqa, "No Time to Die" filmi üçün yazdığı musiqi ilə də qısa siyahıya düşüb.

"The Power of the Dog" filminin musiqisini yazan Conni Qrinvud isə, eyni zamanda, "Spencer" filminin musiqisinin müəllifidir.

Siyahıda onlardan başqa ispan bəstəkarı, Pedro Almodovarın "Parallel Mothers" filminin musiqisini yazan Alberto İqlesiasın da adı var.

Mükafat qalibləri

Bu il "Oskar"a namizəd xarici filmlər arasında tanınmış və artıq bu mükafata layiq görülmüş sənətkarların filmlərinin çoxluğu diqqəti cəlb edir. Söhbət Əsgər Fərhadinin Kann kinofestivalının mükafatını qazanmış "A Hero", Paolo Sorrentinonun "Hand of God", Yoakim Trierin "Worst Person in the World" və Fernando Leon de Aranoanın Xavyer Bardemin rol aldığı "The Good Boss" filmlərindən gedir.

Ancaq tənqidçilər favorit kimi Danimarkanın namizədi "Flee" və Rüsuke Hamaqutinin "Drive My Car" filmlərini görürlər.

Maraqlıdır ki, qısa siyahıda Fransanın "Qızıl Palma" mükafatını qazanmış namizədi "Titane", Apiçatpon Virasetakulun Tilda Suintonun baş rolunu oynadığı "Memoria" (Kolumbiya) və rumıniyalı rejissor Radu Judenin "Bad Luck Banging or Loony Porn" filmlərinin adları yoxdur. Bu filmlərin hər üçü tənqidçilərin diqqətini cəlb etmiş, müsbət rəylər toplamışdı. Ancaq görünür, "Oskar" mükafatının qısa siyahılarını seçən seçicilərin baxışı tənqidçilərinkindən fərqlidir.

XS
SM
MD
LG