Ötən ay "Netflix" ötən ilin sonuncu rübünə nəzərən dünya üzrə 200 min abunəçisini itirdiyini bildirib. Ancaq məsələ bununla bitmir. Şirkət qarşıda onu daha böyük itkilərin gözlədiyini proqnozlaşdırır. "Netflix"in hesablamalarına görə, bu ilin ikinci rübündə 2 milyonadək abunəçi itiriləcək.
"Gəlir artımımız ciddi şəkildə yavaşıyıb. COVID 2020-ci ildə böyüməmizi ciddi artıraraq mənzərəni pərdələdi. Nəticədə 2021-ci ildə yavaşıyan inkişafımızın, əsasən, KOVID-in uzanması ilə bağlı olduğuna inandıq", – "Netflix" səhmdarlara ünvanladığı məktubunda etiraf etdi.
222 milyon abunəçi
"Netflix" bu rübü təqribən 222 milyon abunəçi ilə başa çatdırdı. Beləliklə, o, hələ də ən iri striminq xidməti olaraq qalmaqdadır. Ancaq həm də ciddi problemlərlə üz-üzədir.
"Netflix" yanvarda abunəçi sayının iki ildə ilk dəfə artdığını elan etmişdi. Hazırkı gəlir hesabatı isə bundan çox fərqlidir. "Netflix" ABŞ və Kanadada 600 min müştərisini itirdiyini deyir. Hesabatda bunun qiymət dəyişikliyi ilə bağlı olduğu göstərilir.
Mövcud müştərilərindən əldə etdiyi qazancı maksimallaşdırmağa çalışan striminq nəhəngi bu yaxınlarda parol və loqin məlumatlarını başqa adamlarla paylaşan müştərilərlə bağlı siyasətini sərtləşdirəcəyini bildirib. Bu o qədər də kiçik problem deyil. "Netflix"in hesablamalarına görə, 100 milyonadək ev xidmətdən paylaşılan parollar vasitəsilə yararlanır. Şirkət bu səbəbdən bir çox bazarlarda üzvlük sayını artırmağın çətinləşdiyini deyir.
Rəqiblər
Yeni abunəçi sayının azalması həm də daha rəqabətli striminq mühiti ilə bağlıdır. Hazırda "Netflix" striminq bazarını hər zamankından daha çox rəqib şirkətlə bölüşməli olur. Rəqiblərin hər biri müştərilərin diqqətini cəlb etmək üçün əlindən gələni edir və buna nail olur. Üstəlik, rəqiblər qiymətlərini get-gedə daha aşağı endirirlər. "Disney Plus" daha ucuz, reklamlardan maliyyələşən xidmət təklif etmək planını açıqlayıb. Bu səbəbdən son illərdə "Netflix"in böyüməsi çətinləşib. Martda şirkət Rusiya bazarında xidmətini dayandırmalı oldu. Cari gəlir hesabatında "Netflix"in bu səbəbdən 700 min abunəçi itirdiyi bildirilir.
"Bizim planımız "Netflix"in bütün aspektlərinin, xüsusən də müştərilərin ən çox dəyər verdiyi proqramlar və tövsiyələrin keyfiyyətini inkişaf etdirməklə baxış və gəlir artımını canlandırmaqdır", – "Netflix" öz gəlir məktubunda yazır. Şirkət məhsulların bəyənilməsini daha yaxşı ölçmək üçün iki bəyənmə düyməsini tətbiq etməyə başladığını bildirib. Onun köməyi ilə müştərilər məhsullara münasibətlərini daha yaxşı göstərə, daha çox bəyəndikləri videoları qabarda bilərlər. Bu, şirkətə tövsiyələrin keyfiyyətini yaxşılaşdırmaq imkanı verməlidir.
"Netflix", eyni zamanda, beynəlxalq bazardakı uğurun şirkətin gələcəyi üçün vacib olduğunu vurğulayıb. "Daha uzun perspektivdə gəlir artımımızın xeyli hissəsi ABŞ xaricindən qaynaqlanacaq", – şirkət bildirib.
Oyun
Daha çox müştəri cəlb etməyin yollarını axtaran "Netflix" oyun sahəsində də fəaliyyətini artırmaq qərarına gəlib. Şirkət ötən ay "Exploding Kittens" ilə tərəfdaşlığa başladığını elan edib. Tərəfdaşlıq çərçivəsində həm mobil oyun, həm də animasiya serialı istehsal ediləcək.
"Netflix" bu rüb yeni abunəçilərinin sayının artacağına ümid bəsləmirdi. Ötən ilin eyni rübündə yeni abunəçilərin sayının 4 milyon olduğu halda, builki artımın 2.5 milyon olacağı gözlənilirdi. Ötən ilin son rübündə "Red Notice" və "Don't Look Up" kimi filmlərin buraxıldığı halda belə, gözlənilən artımın əldə olunmaması özü-özlüyündə xəbərdarlıq idi. Bu xəbərlərdən sonra "Netflix"in səhm qiymətləri aşağı düşüb.
Bu ilin ilk rübü isə böyük Hollivud filmləri ilə yadda qalmayıb. Bunun əvəzində "Netflix" "Bridgerton" və başqa sevilən layihələrin qayıtmasına güvənirdi.