Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Striminqin kinonu 'öldürməsi'


Möhsün Maxmalbaf
Möhsün Maxmalbaf

Arthaus tipli filmlərdə aparıcı səslərdən biri sayılan iranlı rejissor Möhsün Maxmalbaf deyir ki, videostriminq erasında kino ölməkdədir.

Kann film festivalının mükafatına layiq görülən "Kandahar", Sices və Tokio film festivallarının qalibi olan "Gabbeh", Venesiya film festivalının qalibi "The Silence" filmlərinin rejissoru Maxmalbaf hesab edir ki, striminq bir filmi çox sayda insana göstərmək imkanı versə də, "digər medium növlərini məhv edir".

"Onda niyə başqa insanlarla birlikdə restorana yeməyə gedirsiniz?"

"Siz yeməyinizi otağınızda yeyə bilərsiniz. Onda niyə başqa insanlarla birlikdə restorana yeməyə gedirsiniz? Əgər dindarsınızsa, gedib öz otağınızda dua edə bilərsiniz. Ancaq bunu başqaları ilə birlikdə etmək istədiyiniz üçün kilsəyə, məbədə və ya məscidə gedirsiniz. Siz filmə təklikdə öz mobil telefonunuzda baxa bilərsiniz. Ancaq ona başqaları ilə birlikdə baxmaq üçün kinoteatra gedirsiniz", – Maxmalbaf deyib.

"Beləliklə də kino ölür, çünki bir çox ölkədə festivallardan başqa kino yoxdur. COVID bizi izolyasiyaya itələdiyi kimi, bu növ media da bizi təcridə itələyib. Biz öz evimizdə oturub o filmə TV-də baxırıq", –o əlavə edib.

Maxmalbaf deyir ki, ən yaxşısı, nüansları dəyərləndirə bilmək üçün kinoya böyük ekranda baxmaqdır.

"Variety" yazır ki, strimerlərin prestijli müstəqil filmləri maliyyələşdirməsi və ya nümayiş üçün satın alması tendensiyası get-gedə artmaqdadır. Məsələn, "Amazon Studios" digər bir iranlı rejissor Əsgər Fərhadinin "A Hero" filmini hələ Kannda qalib olmasından əvvəl satın almışdı. Maxmalbaf bu modelə skeptik yanaşır.

Kinodan gedənlər

"Neçə rejissor o məbləğdə pul ala bilər? Sizcə, "Amazon" "Gabbeh" [kimi bir film] çəkmək istəyər, yoxsa onlar kommersiya filmləri çəkmək istəyirlər? Deməli, incəsənət kinosu təhlükədədir. …Biz aşağı büdcə ilə filmlər çəkirdik və sənətdə müxtəlifliyin olmasına çalışırdıq. Sonra da "Amazon" gəlib deyir ki, yaxşı, bir neçəniz gəlib istədiyi filmi çəkə bilər. Bu isə sənətin sonu deməkdir", – Maxmalbaf deyir.

Rejissorun sözlərinə görə, çox sayda gözəl sənətkar "Netflix" və "Amazon"la birlikdə film çəkmək istəmədikləri üçün kinonu tərk edib.

Maxmalbaf strimerlərin nümayiş praktikasından da narazıdır. "Netflix" onun Tokio və Çikaqo film festivallarının qalibi olmuş "The President" filmini yalnız ABŞ-da nümayiş etdirməkdən ötrü satın alıb. Rejissor filmin yalnız bu ərazidə göstərilməsindən, digər ərazilər üçün bağlı qalmasından narazıdır.

"İranda film çəkməyi sevirəm"

Maxmalbaf vətəni İranı senzuraya görə tərk edib. O, sonradan Türkiyə, Əfqanıstan, Tacikistan, Hindistan, Gürcüstan və İtaliyada filmlər çəkib. İndi Britaniyada yaşayır. Buranı da "boz" və "ilhamdan uzaq" adlandırır.

"Mən İranda film çəkməyi sevirəm. Ancaq İranın gələcəyi ilə bağlı nikbin deyiləm, çünki vəziyyət gündən-günə daha da pisləşir. Çin və Rusiyanın dəstəyi ilə bu rejim qalmaqda davam edəcək və hər gün sənət adamlarına qarşı daha aqressiv olacaq", – Maxmalbaf deyir.

Bu il Fransada keçirilən Vezul Beynəlxalq Asiya Kinosu Festivalı açılışını Maxmalbafın "Kandahar" filmi ilə edib. Rejissor "Variety"yə müsahibəsini də buradan verib. Bu festival 2009-cu ildə Maxmalbafı "Golden Wheel" fəxri mükafatına layiq görüb.

Maxmalbafın növbəti layihəsi "The Quarters" adlanır. Bu antologiya filmində hadisələr Qüdsdə cərəyan edir. Filmin ayrı-ayrı hissələrini Maxmalbafın özü, Todd Solondz, Arsine Xancyan və Anna Muylaert çəkir. Filmin fərqli seqmentləri Qüdsün müsəlman, yəhudi, erməni və xristian məhəllələrində çəkilir. COVID-19 səbəbindən ləngiyən çəkilişlərin tezliklə başa çatacağı gözlənilir. Maxmalbaf bundan başqa son 16 ildə 30 ssenari yazıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG