Həbsdə olan jurnalist Nərgiz Absalamovanın səhhətində yaranan ciddi problemlərə rəğmən, dörd aydır tibbi müayinə ilə təmin olunmadığı bildirilir. Bu barədə məlumatı jurnalistin yaxınları yayıblar.
Yaxınlarının sözlərinə görə, xroniki haymoritdən əziyyət çəkən və həbsindən əvvəl də vaxtaşırı müalicə alan N.Absalamovanın vəziyyəti yenidən pisləşib. Hazırda onun xəstəlik səbəbindən nəfəs darlığı və kəskin baş ağrılarından əziyyət çəkdiyi bildirilir. Yaxınlarının deməsinə görə, jurnalist MRT (Maqnit Rezonans Tomoqrafiya) və ümumi tibbi yoxlanışdan keçirilməsi üçün saxlanıldığı Lənkəran Penitensiar Kompleksinin rəhbərliyinə hələ dörd ay əvvəl müraciət etsə də, bu müraciət cavabsız qalıb.
Penitensiar Xidmətdən mövzu ilə bağlı münasibət almaq mümkün olmayıb. Qurum bundan əvvəl bənzər şikayətlərə cavab olaraq, cəzaçəkmə müəssisələrində məhbusların müalicəsi üçün bütün lazımi şəraitin yaradıldığını bəyan edib. Amma həbsdəki digər jurnalist və ictimai fəallar da vaxtaşırı bənzər səhhət problemləri ilə üzləşdiklərini, bununla belə lazımı, effektiv tibbi yardımdan kənarda saxlandıqlarını açıqlayırlar.
Xatırlatma
N.Absalamova 2023-cü il noyabrın 30-da "AbzasMedia işi" üzrə saxlanılıb. Ötən il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o və həmkarı Elnarə Qasımova 8 il, nəşrin rəhbər şəxsləri Ülvi Həsənli, Sevinc Vaqifqızı, araşdırmaçı Hafiz Babalı və AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə 9 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qaçaqmalçılıq və bir sıra digər maddələrlə ittiham olunan jurnalistlər bu iddiaları rədd edirlər. Bir sıra yerli və beynəlxalq hüquq müdafiəçiləri isə sözügedən həbslərin birbaşa jurnalist fəaliyyəti ilə bağlı olduğunu vurğulayırlar.
Son illər Azərbaycanda 30-a yaxın jurnalist və fəal bənzər şəkildə barmaqlıqlar arxasına göndərilib.