Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:27

'Stratfor'un Azərbaycana dair proqnozları


Dağlıq Qarabağda erməni əsgəri, 20Noy2015
Dağlıq Qarabağda erməni əsgəri, 20Noy2015

“Stratfor” araşdırmalar mərkəzi 2017-ci ilə proqnozlarını dərc edib. Mərkəz gələn ilin Avropadan ötrü həlledici olacağını yazır.

Fransa və Almaniya seçkilərə hazırlaşır, eləcə də Avropanın 3-cü böyük iqtisadi zonası sayılan İtaliyada seçki ehtimalı böyükdür. “Stratfor” bu səsvermələrin bir-birinə, həmçinin bütövlükdə Avropa Birliyinə təsir edəcəyini, ümumiyyətlə avrozonanın mövcudluğuna təhlükə olacağını yazır. Qurum əvvəlki ehtimallarını təkrarlayaraq, AB-nin süquta uğrayacağını proqnozlaşdırır. Mərkəzə görə, indi məsələ, seçkilərin bu süqutu nə qədər tezləşdirəcəyidir.

Buna da bax:​ "Stratfor" Cənubi Qafqazda hərbi təlimlərdən yazır

REGİONAL BLOKLARA PARÇALANMA

“Stratfor” yazır ki, qələbə qazanan tərəf kim olursa olsun, Avropa yenə də regional bloklara parçalanmağa doğru irəliləyəcək.

Avropanın parçalanması isə Rusiyaya geniş imkanlar yaradacaq. Ruslar 2017-ci ildə AB-nin sanksiyalarla bağlı həmrəyliyini sarsıda biləcək. Yeni seçilmiş ABŞ prezidenti Donald Trump-ın da sanksiyaları yumşaltmağa çalışacağı, Suriyada əməkdaşlığa cəhd edəcəyi gözlənir. Bütün bunlar isə Moskvaya sərhədyanı ərazilərdə nüfuzunu gücləndirmək fürsəti verəcək.

“Stratfor” hesab edir ki, sonucda Ukrayna, təhlükəsizliyini gücləndirməkdən ötrü Polşa və Baltikyanı ölkələrlə əməkdaşlığını gücləndirməyə çalışacaq. Gürcüstan isə Azərbaycanla Türkiyəyə üz tutacaq. Türkiyə də öz növbəsində Qafqazda və Qara dənizdə dayaqlarını möhkəmlədəcək, eyni zamanda Moskvayla enerji və ticarət əlaqələrini qoruyacaq ki, Suriyadakı missiyasına xələl gəlməsin.

Buna da bax: Türkiyə Suriya üsyançılarına yardımı dayandırarsa...

İNTEQRASİYA TƏŞƏBBÜSLƏRİ

Azərbaycana gəlincə, “Stratfor” Rusiyanın Qarabağ məsələsində yenə əsas hakim rolunu oynayacağını, öz mənfəəti naminə Azərbaycanla Ermənistanı bir-birinə qarşı oynadacağını yazır. Mərkəzə görə, AB-nin Şərq Tərəfdaşlığı Proqramı və digər layihələri parçalanmadan zərər görəcək və bundan dolayı Rusiya Qafqazda da nüfuzunu artıracaq və öz inteqrasiya təşəbbüslərini, məsələn, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıyla bağlı ideyalarını işə salacaq.

“Strafor”a görə, Rusiya müdafiə mövqeyini möhkəmləndirmək, müxtəlif yerlərdə – Yaxın Şərqdə, eləcə də kiber mühitdə müxtəlif ocaqlar yaratmaq cəhdlərini davam etdirəcək. ABŞ isə Rusiyanın genişlənməsinin qarşısını almağa çalışacaq.

Buna da bax:​ 'Stratfor': Ermənistanda narazılıq artacaq

ARAQARIŞDIRAN SÜLHSEVƏR

Bu strategiyanın tərkib hissəsi olaraq, Rusiyanın Qərblə sövdələşmələrdən ötrü Yaxın Şərqdə yenə araqarışdıran, həm də sülhsevər rolunu oynayacağı, Vaşinqtonla münasibətləri, yəqin ki, korlanacaq Tehrana yaxınlaşacağı gözlənir.

Tehran isə Suriyada Ankara ilə yarışa girəcək. Hər biri öz nüfuz dairəsini genişləndirməyə, Türkiyə həm də kürdlərin qarşısını almağa çalışacaq.

Hərbi əməliyyatların 2017-ci ildə “İslam Dövləti” (İŞİD) qruplaşmasını taqətdən salacağı, onun müxtəlif ölkələrdə qiyamlara və terror hücumlarına üstünlük verəcəyi ehtimal edilir.

“Stratfor” gələn il təkcə İŞİD-in deyil, Əl-Qaidənin də ciddi təhlükəyə çevrilə biləcəyini, onun Şimali Afrika və Ərəbistan yarımadasında artıq möhkəmlənməkdə olduğunu yazır.

Buna da bax: «Stratfor»: Qarabağ danışıqları ucuzlaşıb

QLOBAL İQTİSADİYYAT SİLKƏLƏNƏCƏK

Neft istehsalçılarının hasilatı azaltmaqla bağlı razılıq əldə etməsi xam neftin qiymətini xeyli artıracaq. Bu isə istehsalçılara müsbət təsirini göstərəcək, amma bu təsirin, məsələn, Venesuela kimi zərərçəkmiş ölkələrdən ötrü gec olacağı ehtimal edilir.

“Stratfor” bazarın 2017-ci ildə inflyasiyadan əziyyət çəkəcəyini, bankları sərt monetar tədbirlər görməyə məcbur edəcəyini yazır.

Monetar siyasətin sərtləşdirilməsi və dolların güclənməsi qlobal iqtisadiyyatı ilin əvvəlində əməlli-başlı silkələyəcək. Dollarla borcu olan ölkələr – Venesuela, Türkiyə, Cənubi Afrika, Nigeriya, Misir, Çili, Braziliya, Kolumbiya və İndoneziya bu prosesdən özəlliklə zərər görəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG