►Hökumətin indən belə neftin qiymətinə bel bağlamaması diqqət çəkir
Azərbaycan prezidentin martın 16-da təsdiqlədiyi "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" hökumətə yaxın mediada antiböhran proqramı kimi təqdim edilir.
Hökumətin indən belə neftin qiymətinə bel bağlamadığı diqqət çəkir. Sənəd Azərbaycan iqtisadiyyatının 8 üstün inkişaf istiqamətini müəyyənləşdirir:
İstehsal sektorları (1-4):
- neft-qaz;
- kənd təsərrüfatı;
- istehlak malları istehsalı;
- ağır sənaye və maşınqayırma.
Xidmət sektorları (5-6):
* ixtisaslaşmış turizm;
* logistika və ticarət.
Sosial sektorlar(7-8):
* uyğun qiymətə mənzillər;
* peşə təlimləri.
Ekspertlər göstərilən sahələrdə əvvəllər də dövlət proqramlarının qəbuluna diqqət çəkir və “yol xəritəsi”nin fayda gətirəcəyinə şübhə edirlər. Belə ekspertlərin fikrincə, problem heç də hər hansı proqram və ya strategiyanın olub-olmamasında deyil, nəticə əldə edilməməsindədir.
“Bunların yol xəritəsi də, getdiyi yol da “uzun” olacaq”
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu proqram çoxdan qəbul edilməli idi: “Düz 2 ildir böhranla bağlı plan və proqram qəbul edilməsinin önəmindən danışırdıq. Sərəncamın özü, gec də olsa, pozitiv addımdır”.
N. Cəfərli daha sonra tənqidi qeydlərini dilə gətirir: “Yaradılan işçi qrupun tərkibi bugünədək öz işində ciddi uğur qazanmayan məmurlardan ibarətdir. Belə uzun adı olan işçi qrup yaradılırsa, bunların yol xəritəsi də, getdiyi yol da "uzun" olacaq. Məhkəmə islahatı ilə bağlı heç nə yoxdur. Azad məhkəmə olmazsa, heç nə düzəlməyəcək. Yol xəritəsinin ciddi müzakirəsi üçün qrupda müxtəlif fikirli insanların təmsil olunması şərtdir, bunu da görmədik”.
Rövşən Ağayevin təklifləri var
Başqa bir ekspert - Rövşən Ağayev də sərəncamın gec verildiyini, amma ona müsbət yanaşdığını bildirir:
“Bir reallığı qəbul etmək lazımdır. İndiki vəziyyətdən yalnız iqtisadiyyatın yenidən qurulmasına yönəlik mexanizm və tədbirlərlə çıxmaq mümkün olacaq. İqtisadiyyatı yenidən qurmaq üçün idarəetmə yenidən qurulmalıdır”.
R.Ağayev yol xəritəsinin fayda gətirməsi üçün bu tədbirlərin gerçəkləşdirilməsini vacib sayır:
“ - Mərkəzi icra hakimiyyəti sistemində köklü islahatlara start verilməlidir. Bu islahatlar çərçivəsində paralel və oxşar funksiyaları yerinə yetirən bütün qurumlar birləşdirilməli, fəaliyyəti iqtisadiyyata heç bir töhfə verməyən strukturlar ləğv edilərək, büdcənin yükü yüngülləşdirilməlidir;
- Nəticəli büdcə modelinə keçid üçün hüquqi baza yaradılmalı, bütün nazirlik və komitələrin yalnız 3-5 illik strateji planlar əsasında büdcədən vəsait alması məcburi hüquqi norma kimi təsbit edilməlidir. Ayrılıqda hər nazirlik və komitənin fəaliyyət nəticələrini ölçmək üçün kəmiyyət-keyfiyyət indikatorları təsdiqlənməlidir. İldə bir dəfə bütün nazirlərin məhz bu indikatorlar əsasında parlamentə hesabatı təqdim edilməlidir;
- Kiçik və orta sahibkarların kreditlərinin sığortalanması üçün Kredit Zəmanəti Fondu yaradılmalıdır;
- Kommunal xidmətlər göstərən bütün dövlət şirkətlərinin konsessiya əsasında təcrübəli investorlara idarəetməyə verilməsi təmin edilməlidir;
- İctimai nəzarət funksiyası görən, eləcə də araşdırma və təşəbbüsləri ilə hökumətə yeni ideyalar verən vətəndaş cəmiyyəti iqurumlarının fəaliyyətinə törədilən bütün maneələr aradan qaldırılmalıdır;
- Məmurların gəlir bəyannaməsini təqdim etməsi təmin olunmalıdır;
- Dövlət vəsaitləri hesabına kreditlərin verilməsində şəffaflıq təmin edilməlidir. Özəlliklə bu vəsaitləri alan subyektlərin adı kommersiya sirri sayılmamalıdır;
- Dövlətdən vəsait alan bütün kommersiya şirkətləri üçün təsisçilərin adını açıqlamaq məcburi olmalıdır;
- Mərkəzi Bankın banklara resursların verilməsi prosesində şəffaflıq və hesabatlılıq təmin edilməlidir;
- Hökumət aqrar sektorda monopoliya doğuran aqroparkları deyil, kiçik və orta fermerlər bazasında yaradılan kooperativləri dəstəkləməlidir;
- Ölkənin kənd təsərrüfatına yararlı torpaqlarının 73%-ni təşkil edən dövlət və bələdiyyə torpaqlarından istifadə barədə hesabatlılıq sistemi yaradılmalıdır. Bu torpaqlardan bütün subyektlərin bərabər istifadə imkanı təmin edilməlidir;
- Azərbaycanın dünya bazarlarında nisbi üstünlüyə malik məhsullarının siyahısı müəyyənləşdirilməlidir. Onların istehsalının təşkili üçün potensial investorlara dəstək mexanizmləri hazırlanmalıdır”.
Ekspert təkliflər siyahısını yetərincə uzada biləcəyini deyərək, fikrini belə yekunlaşdırır: “Amma məqsəd əsas institusional tədbirlərə diqqəti yönəltmək idi”.