Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:32

ABŞ və Avropa Rusiyadan Navalnı və etirazçıların azad olunmasını tələb edir


Aleksey Navalnı məhkəmədə
Aleksey Navalnı məhkəmədə

ABŞ Dövlət Departamenti Rusiyada müxalifət lideri və antikorrupsiya fəalı Aleksey Navalnının həbsindən “narahat” olduğunu bildirib.

Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, Vaşinqton “Rusiya hökumətini bütün dinc etirazçıların dərhal azad edilməsinə” çağırır.

Sözçü deyib ki, “dinc etirazçıların, insan haqları müşahidəçilərinin və jurnalistlərin saxlanması demokratik dəyərlərə ziddir”.

Avropa İttifaqı da Rusiyanı insanlara “ifadə, təşkilatlanma və sərbəst toplaşma kimi təməl azadlıqların verilməsinə” çağırıb.

Martın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbi Rusiyada keçirilmiş etiraz aksiyalarına “ikili standartlarla” yanaşmaqda ittiham edib.

O deyib ki, beynəlxalq qanunlar həm “söz azadlığını və toplaşma haqlarını, həm də söhbət dövlət təhlükəsizliyindən və cəmiyyətin mənəvi rifahından gedərkən istisnaları nəzərdə tutur”.

Amnesty International beynəlxalq insan haqları təşkilatı da Navalnı və bütün dinc etirazçıların dərhal azad olunmasını tələb edən bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, həbslər Rusiya hökumətinin ifadə və sərbəst toplaşma azadlığına “dərin hörmətsizliyini” nümayiş etdirir.

Sözü gedən nümayişlərdən az əvvəl Navalnının Antikorrupsiya Fondu baş nazir Dmitri Medvedevi xeyriyyə fondlarından və QHT-lərdən istifadə etməklə maqnatlardan, dövlət banklarından alınmış ianələrlə bahalı mülkiyyət əldə etməkdə günahlandıran hesabatı açıqlamışdı.

Martın 27-də keçirilmiş məhkəmə dinləməsi barədə yayılan məlumatlara görə Navalnı proses zamanı Medvedevin ifadə vermək üçün məhkəməyə dəvət olunmasını tələb edib.

O hakim Alesya Orexovanı da tənqid edərək onu “kobud yeniyetməyə” bənzədib.

Həbs edildikdən sonra saxlandığı kameradan yazdığı tvitdə Navalnı etirazçılarla “fəxr etdiyini” yazıb və qeyd edib ki, həbslər “başa düşüləndir”.

Navalnı yazır ki, “oğrular özlərini məhz bu sayaq müdafiə edirlər. Lakin siz korrupsiyaya qarşı olan hər kəsi həbs edə bilməzsiniz. Bizlər milyonlarlayıq”.

Martın 27-də yazdığı tvitdə Navalnı bunu da bildirir ki, onun ofisi “qarət edilib” və bütün avadanlıq aparılıb.

Rusiyanın Interfax agentliyi təkcə Sankt Peterburqda 130 nəfərin həbs olunduğunu xəbər verib.

AzadlıqRadiosunun müxbiri yazır ki, 26 mart etirazlarının diqqətəlayiqliyi onların icazəsiz olmasında idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG