Qərb laboratoriyaları Aleksey Navalnının həbsxanada zəhərlənməsi barədə məlumatları xüsusi xidmətlər arasındakı "razılaşma"lara görə açıqlamırlar. Bunu Rusiya müxalifətçisi Vladimir Kara-Murza "Dojd" telekanalının efirində səsləndirib.
Müxalif siyasətçi öz təcrübəsini yada salıb. Belə ki, 2020-ci ildə ABŞ Ədliyyə Nazirliyi ona 2015 və 2017-ci illərdə Rusiyada zəhərlənməsi ilə bağlı FBI araşdırmasının sənədlərini təqdim edibmiş. "Onlar analizləri aparıb, sonra nəticələri məxfi saxlayıblar", – Kara-Murza deyib.
Kara-Murzanın sözlərinə görə, FBI 1947-ci il ABŞ milli təhlükəsizlik qanununa dayanaraq sənədlərin açıqlanmasını yasaqlayıb. Çünki bu sənədlər "xüsusi xidmətlərin mənbəyini və ya metodlarını ortaya çıxara bilər". O deyib ki, məhkəmədə onun zəhərlənmələrinə dair bir neçə yüz səhifəlik sənəd əldə edilib, amma məhkəmə həmin zəhərin adını belə açıqlamaqdan imtina edib.
"Müharibəyə müharibə, siyasətə siyasət, sanksiyalara sanksiyalarla cavab verirlər. Amma xüsusi xidmətlərin öz kommunikasiya kanalları və razılaşmaları qalır. Əgər Qərb laboratoriyaları Navalnının bioloji materialının analiz nəticələrini açıqlasa, bu, Rusiya Federasiyasının Putinin rəhbərliyi altında qadağan olunmuş kimyəvi silahları istehsal və istifadə etdiyini rəsmən təsdiqləyər. Bu isə beynəlxalq kimyəvi silahların qadağan olunması konvensiyasına ziddir. Onda hərəkətə keçmək, reaksiya vermək lazım gələcək. Görünür, bunu etmək istəmirlər", – Kara-Murza vurğulayıb.
'Navalnının həbsdə zəhərləndiyini iki laboratoriya təsdiqləyib'
Rusiyada həbsxanada vəfat etmiş müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya deyir ki, keçən ilin fevralında ərinin zəhərlənmə nəticəsində öldüyünü iki xarici laboratoriya ayrı-ayrılıqda təsdiqləyib.
Y.Navalnayanın dediyinə görə, 2024-cü il fevralın 16-da Xarp həbsxanasında ərinin ölümündən sonra Alekseyin bioloji nümunələri əldə edilərək "etibarlı yolla" xaricə göndərilib.
"İki fərqli ölkənin laboratoriyaları belə qənaətə gəliblər ki, Aleksey öldürülüb, yəni zəhərlənib", – Navalnaya yazır.
O, həmin laboratoriyaları Navalnının zəhərlənməsi barədə araşdırmanın nəticələrini dərc etməyə çağırıb. Amma laboratoriyaların adlarını, yerləşdikləri ölkələri açıqlamayıb. Nəticələrin dərc olunmamasının arxasında siyasi səbəblərin dura biləcəyinə eyham vursa da, bunu kimin edə biləcəyini deməyib.
Putinə birbaşa ittiham
Navalnaya ərinin zəhərlənməsində Rusiya hakimiyyətini ittiham edib: "Vladimir Putinin ərim Aleksey Navalnının öldürülməsində günahkar olduğunu bildirirəm. Rusiyanın xüsusi xidmət orqanlarını qadağan olunmuş kimyəvi və bioloji silah hazırlamaqda ittiham edirəm".
Y.Navalnaya bildirir ki, həbsxana əməkdaşları ərində qıcolmalardan danışıblar, amma rəsmi sənədlərdə bundan danışılmır: "Qıcolmalar zəhərlənmənin göstəricisi ola bilər. Məhkəmə-tibbi ekspertizanın arayışında qıcolmalardan söz açılmayıb, amma orada Alekseyin dirsəklərində və dizlərində ölümündən 30-40 dəqiqə əvvəl qansızmalar qeyd olunub".
Rusiya prezidenti Vladimir Putinin qatı tənqidçilərindən olan Navalnı Rusiyanın uzaq Arktika həbsxanasında 47 yaşında vəfat edib. O, bir sıra siyasi maddələrlə cəza çəkirdi.
Navalnının tərəfdaşları onun öldürülməsi versiyasında təkid edir, siyasətçinin 2020-ci ildə zəhərləndiyini yada salırdılar. O zaman müstəqil istintaq onu böyük ehtimalla Rusiya xüsusi xidmət orqanlarının zəhərlədiyini təsdiqləmişdi.
Dünən, sentyabrın 16-da isə bəlli olub ki, Salexard şəhər məhkəməsi siyasətçinin anası Lyudmila Navalnayanın oğlunun həbsxanada öldürülməsi üzrə cinayət işi açılması tələbi ilə bağlı şikayətinin icraatını dayandırıb.