Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:59

Narkodispanserdəki yanğına görə ömürlük həbs verildi


25 nəfərin ölümünə səbəb olan yanğın
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

25 nəfərin ölümünə səbəb olan yanğın

Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü, daha 29-nun xəsarət aldığı yanğına görə 10 ay davam edən məhkəmə yekunlaşdı. Bu hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunmuş dörd nəfərə hökm mayın 15-də oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan 65 yaşlı Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edilib. O, yanğını törətməkdə təqsirli bilinib.

Mərkəzin direktoru Telman Məmmədhəsənov və mühəndis Mahir Abdullayev isə CM-nin 225 (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib. Keçmiş direktora 4 il, mühəndisə isə 3 il 6 ay həbs cəzası kəsilib.

Mərkəzdə şöbə müdiri olmuş, M.Məmmədovun müalicə həkimi, narkoloq Afət Məmmədovaya 5 il şərti cəza verilib. Amma o, CM-nin 311-ci maddəsi ilə - M.Məmmədovun oğlundan rüşvət alıb, onu illərlə Narkoloji Mərkəzdə saxlamaqda təqsirli bilinib.

Bu adamların heç biri özünü təqsirli bilmir. M.Məmmədov məhkəmədə dəfələrlə bildirib ki, kimsəsiz olduğuna görə bu cinayəti onun üzərinə atıblar. Onun sözlərinə görə, hadisədən sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirib, orada işgəncə veriblər. İşgəncələr nəticəsində o, qarşısına qoyulan ifadəyə imza atmaq məcburiyyətində qalıb.

Amma məhkəmənin hökmündə yazılıb ki, onun işgəncəyə məruz qalması barədə iddialar təsdiqini tapmayıb.

Ömürlük həbs cəzası alan M.Məmmədovun bacısının həyat yoldaşı Səlimxan Yəhyayev deyir ki, qaynı günahsız cəzalandırıldı: «Ora elektrik naqillərindən alışıb yanıb. Niyə Məhəmmədin üstünə atırlar? Çünki kasıb balasıdır, pulu, adamı yoxdur. Məhəmmədin heç bir günahı yoxdur. Polis idarəsində döyüb boynuna qoydular. Hamısı yalandır».

Yanğında ölənlərdən biri - Akif Əliyevin bacısı Arifə Əliyeva da məhkəmənin nəticəsindən narazı qalıb. O da M.Məmmədovun günahsız olduğunu düşünür. Deyir ki, əgər məhkəmə Məhəmmədi təqsirli bilib, ona ömürlük cəza verirsə, bəs niyə onu orada məcburi saxlamaqda təqsirli bildiyi həkimə şərti cəza verir: «25 nəfərin ölümü var bu işdə, bu nə hökmdür? Mən sabah Prezident Administrasiyasına, Baş Prokurorluğa gedəcəm».

Bu iş üzrə öncə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də isə o, həbsdə vəfat etdi.

Həm məhkum edilənlər, həm də zərərçəkənlər hökmdən narazı qalıb. Onlar apellyasiya şikayəti verəcəklərini bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG