Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:54

Narkodispanser işi: ‘O işi mən görməmişəm, yalvarıram, məni bu bəladan qurtarın’


Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü, daha 29-nun xəsarət aldığı yanğınla bağlı səkkiz aydır davam edən məhkəmə araşdırmaları yekunlaşır.

Martın 29-da bu iş üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub. Aprelin 2-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edib, təqsirləndirilən dörd nəfərə cəza istəyəcək.

Bu işi Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Paşayevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə olunan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır.

Afət Məmmədova həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Məhəmməd Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş Afət Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

“Günahsız adama bu boyda işi necə yükləmək olar?!.”

64 yaşlı Məhəmməd Məmmədov martın 29-da ağlayaraq hakimlərə müraciət edərək, günahsız olduğu halda, 25 nəfərin ölümünün onun üzərində qalmasına imkan verilməməsini istəyib:

"Allaha and olsun, mən bu işi eləməmişəm. Möhtərəm hakim, sizə yalvarıram, məni bu bəladan qurtarın. Hamı da bilir ki, bunu mən eləməmişəm. Amma burada kim günahkar olmalıdır, kimsəsiz olduğuma görə məni seçiblər. Bunu Allah götürməz axı, günahsız adama bu boyda işi necə yükləmək olar?!"

Məhəmməd Məmmədov aqressiv olması, evə buraxılmamasından əsəbiləşərək əvvəl özünü yandırmaq istəməsi, sonra fikrindən daşınıb, alovlu yorğanı yerə atmaqla, Mərkəzi yandırması barədə yazılanların tam yalan olduğunu bildirib.

O yada salıb ki, məhkəmədə dindirilən şahidlər də yanğının onun qaldığı palatadan yox, qonşu otaqdan başladığını bildirdilər:

"Şahidlər də dedi ki, mən sakit adam olmuşam, aqressiv olmamışam. Mən Mərkəzdə həyətdə təmir, qaynaq işlərini görürdüm. Normal olmasaydım, bunları mənə etibar eləməzdilər ki. O da yalandır ki, guya mən yanğından sonra oradan qaçmışam. Həyətdə ustalıq eləyəndə açarlar da məndə olurdu. Qaçmaq istəsəydim elə onda qaçardım da..."

Məhəmməd Məmmədov həbs olunarkən işgəncəyə məruz qalmasından da danışıb.

Hadisədən sonra hazırda məhkəmə qarşısına çıxarılan 4 nəfərlə yanaşı, Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərov da həbs olunmuşdu.

Amma bu iş məhkəməyə göndəriləndə Azad Ələkbərov haqqında cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də isə o, həbsdə vəfat etdi.

Azərbaycan cinayət qanunvericiliyində iki və daha çox adamın qəsdən öldürülməsinə görə 20 ilədək və ya ömürlük, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olanda 3 ildən 7 ilə qədər, dəfələrlə rüşvət almağa görə 8 ildən 12 ilə, yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmişlərin ölümünə səbəb olanda isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG