Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 00:04

'Nardaran işi'ndə vəkil: 'Belə hallar faşizm əsirliyində olurdu...'


Nardaran məhbusları

Şərti olaraq «Nardaran-1» adlandırılan məhkəmə işi üzrə çıxarılmış hökmü Ali Məhkəmə də qüvvədə saxladı. Söhbət «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Nardaran əməliyyatında həbs edilmiş daha 16 nəfərə 10 ildən 20 ilədək həbs cəzası verilməsinə dair hökmdən gedir.

Martın 1-də Ali Məhkəmədə bu işə baxılarkən təqsirləndirilən şəxslərdən Abbas HüseynovAbbas Quliyev də iştirak edib. Şamil Abduləliyev də gəlmək istəyirdi, bu haqda ərizəsi də təmin olunmuşdu. Amma ötən məhkəmə iclasından sonra Ali Məhkəməyə daha bir ərizə göndərib, yazıb ki, səhhətində ciddi problemlər var, ona görə gələ bilmir.

Hakim Şahin Yusifov bunu elan edəndə vəkillər məhkəmənin nəzərinə çatdırıb ki, Ş.Abduləliyev Nardaran əməliyyatında üç güllə yarası alıb, ikisi hələ də bədənindədir. Bu üzdən son günlər vəziyyəti ağırlaşıb, hətta hərəkət qabiliyyətini itirmək üzrədir.

***Buna da bax-Əbülfəz Bünyadov necə güllələnməyindən danışdı

«Adamları güllələyib, qalanlarını da tutub aparıblar»

Ali Məhkəmədə vəkillər ötən iclasda çıxış etmişdilər, yalnız Nemət Kərimli qalmışdı. O da bildirdi ki, bu 18 nəfər haqqında çıxarılan hökm əsassızdır, qanunsuzdur, çünki heç bir mötəbər sübuta söykənmir. Vəkilin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxılarkən müdafiə tərəfinin 60 vəsatətindən heç biri təmin olunmayıb, ifadələr protokollarda təhrif olunub: «Bu hadisə nardaranlılara, «Müsəlman Birliyi» Hərəkatına qarşı münasibətin göstəricisidir. Şamil Abduləliyevin vəziyyəti də qərəzi sübut edir. Adamın bədənindən niyə güllələri çıxarmırlar? Niyə ona zülm eləyirlər? Faşizm əsirliyində belə hallar olurdu».

Vəkil deyir ki, əməliyyat zamanı təqsirləndirilən şəxslərdə silah olması, onların qumbara partlatması haqda iş materiallarında yazılanlar cəfəngiyatdır, sübuta yetirilməyib: «Bu adamların əməlində cinayət tərkibi yoxdur. Evə hücum edib, adamları güllələyib, qalanını da tutub aparıblar. Əməllərində cinayət tərkibi olmadığına görə də onların haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir».

Abbas Hüseynov
Abbas Hüseynov

«Özünüz seçin - Allahın, yoxsa şeytanın dostu...»

Təqsirləndirilən A.Hüseynov vəkillərinin yanında əyləşməsi, T.Bağırov və digərlərinin də məhkəmədə iştirakı haqda vəsatətlər qaldırıb. O bildirib ki, özü də daxil, Nardaran hadisələriylə bağlı həbs olunanların hamısı günahsızdır, sifariş əsasında tutulublar:

«Bütün bunlar birbaşa İlham Əliyevin sifarişi ilə baş verib. Bu iş siyasi məsələdir. Ona görə də bu məhkəmədən heç bir gözləntim yoxdur. Bu işdə ədalətli qərar vermək üçün insanın daxilindəki vicdan səs salmalıdır, cəsarət olmalıdır. Bizi müdafiə edən vəkilləri Kollegiyadan çıxartdılar, Gözəl Bayramlını bizə görə əvvəl «bandotdel»ə çağırıb hədələdilər, sonra da şərləyib tutdular».

Çıxışının sonunda A.Hüseynovun hakimlərə belə bir müraciəti olub: «Bir var, Allahın dostu olub haqqı müdafiə edəsən, bir də var Şeytanın dostu olub nahaqqı. İndi özünüz seçin...».

***Buna da bax-Taleh Bağırov: 'İstəyirlər prezidentlik müddətini 70 il etsinlər...'

Ş.Yusifovun sədrlik etdiyi hakimlər kollegiyası təxminən bir dəqiqəlik müşavirədən sonra bu iş üzrə aşağı instansiya məhkəmələrinin hökm və qərarının qüvvədə saxlandığını açıqlayıb.

Vəkillər Fariz NamazlıNemət Kərimli AzadlıqRadiosuna bildirib ki, hökmü alandan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət olunacaq. Bu şəxslərin əksəriyyətinin işgəncəyə məruz qalmasına dair ərizələri isə xeyli vaxtdır Avropa Məhkəməsinin icraatındadır.

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarə əməkdaşları məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG