Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

'Nardaran məhbusları'ndan üçünün Ali Məhkəmədən istəyi var


Nardaran məhbusları
Nardaran məhbusları

Fevralın 22-də Ali Məhkəmədə «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və 2015-ci il noyabrın 26-da Nardarandakı əməliyyatda həbs olunmuş daha 16 nəfərin kasasiya şikayətinə baxılıb. Ali Məhkəmədə bu işi araşdırmaq Şahin Yusifovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə olunub.

Məhkəmədə təqsirləndirilən şəxslər iştirak etməyib. Məlum olub ki, kasasiya şikayətlərini imzalayan vəkillərdən də cəmi üç nəfər iştirak edir – Fariz Namazlı, Elçin Sadıqov Zibeydə Sadıqova.

Hakim digər vəkillərin naməlum səbəblərdən iştirak etmədiyini desə də, müdafiəçilər məhkəmənin nəzərinə çatdırıb ki, həmin vəkillərdən ikisi – Yalçın İmanov və Fəxrəddin Mehdiyevin fəaliyyəti dayandırılıb. Yalnız Nemət Kərimli qalır ki, o da rayonlardan birində başqa məhkəmə prosesində iştirakına görə gələ bilməyib.

«Ramil Usubovla bağlı vəsatətdən sonra hücum dalğası başladı»

Ali Məhkəmədə iştirak edən vəkillər çıxışlarında hüquqlarını müdafiə etdikləri şəxslərə qarşı işgəncələrdən, istintaq və məhkəmə zamanı yol verilmiş qanun pozuntularından danışıblar. Bildiriblər ki, hətta məhkəmə dövründə də şahidlərə təzyiq olunub. Onların bir çoxu məhkəməyə gəlməmişdən öncə polis idarəsinə çağrılıb, onlardan Taleh Bağırovun əleyhinə ifadə vermək tələb olunub:

***Buna da bax-Nardaran əməliyyatında iflic olanın məhkəmədə durumu daha da pisləşdi

«Ramil Usubovun Nardaran əməliyyatı ilə bağlı açıqlaması olmuşdu. Ona görə də biz məhkəmədə nazirin dindirilməsi haqda vəsatət qaldırdıq. Bundan sonra təqsirləndirilən şəxslərə və vəkillərə hücum dalğası başladı. Televiziyalarda bu işə çıxan vəkillər «xüsusi təyinatlı vəkillər» adlandırıldı. Daxili İşlər Nazirliyinin mətbuat katibi məhkəmə başa çatmadan bəyan etdi ki, təqsirləndirilən şəxslər ağır cəza alacaq və s. Deyildiyi kimi də oldu, həmin işə çıxan vəkillərdən ikisini Vəkillər Kollegiyasından xaric elədilər, təqsirləndirilən şəxslərə 10 ildən 20 ilə qədər ağır cəzalar verildi».

«Rusiya zavodları deyir ki, biz elə silah istehsal eləməmişik»

Vəkil Z.Sadıqova Nardaran əməliyyatında təqsirləndirilən şəxslərdən tapıldığı iddia olunan silahlar haqda danışıb. Bildirib ki, cinayət işinin materiallarında həmin silahların Rusiyadakı zavodlarda istehsal olunduğu yazılıb. Həmin zavodlara göndərilmiş vəkil sorğusuna cavab olaraq bildirib ki, onlar belə silah istehsal etməyiblər.

***Buna da bax-Taleh Bağırov: 'İstəyirlər prezidentlik müddətini 70 il etsinlər...'

Müdafiəçilər deyir ki, Nardaran əməliyyatına rəhbərlik etmiş əsas fiqur - DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanov dindirilməyib.

Vəkillər çıxışlarının sonunda təqsirləndirilən 18 nəfər barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dörd əməkdaşı – Kərim Əlimərdanov, İslam Ağabəyov, İbrahim KazımovŞahlar Cəfərov barəsində xüsusi qərar çıxarılmasını istəyiblər. Çünki təqsirləndirilən şəxslər həmin idarədə onlara işgəncə verən əsas şəxslər kimi onların adlarını çəkir.

Təqsirləndirilən şəxslər də gəlmək istəyir

K.Əlimərdanov istisna olmaqla, digər üç nəfər məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib edib, kimsəni döymədiklərini bildiriblər.

Vəkillər həmçinin, təqsirləndirilən şəxslərin həbs olunduqdan sonra iki aya yaxın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmasını, məhkəmə hökmü olmadan onların «terrorçu», «cinayətkar» kimi təqdim olunmasını hüquq pozuntusu kimi qiymətləndirilməsini xahiş ediblər.

***Buna da bax-Taleh Bağırov: 'Kart udmağa görə mən cəzalanıramsa, bəs xalqın malını udanlar...'

Hakim Şahin Yusifov məlumat verib ki, təqsirləndirilən şəxslərdən üçü – Abbas Hüseynov, Abbas Quliyev və Şamil Abduləliyev Ali Məhkəməyə ərizə göndərib, prosesdə iştirak etmək istədiklərini bildiriblər. Prokuror buna etiraz edib. Amma məhkəmə onların müraciətini təmin edib. Növbəti məhkəməyə adları çəkilən şəxslərin gətirilməsinə qərar verilib.

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarə əməkdaşları məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG