Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Nardaran işi-2: 'Günahsız adamların ümidini öldürməyin'


Nardaran məhbuslarının məhkəməsi. Foto arxiv
Nardaran məhbuslarının məhkəməsi. Foto arxiv

«Məhkəmə mühakimə orqanıdır. Elə mühakimə edin ki, Allahın mühakiməsinə üzü ağ çıxasınız...», – vəkil Fariz Namazlının sözləridir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs olunmuş daha 12 nəfərin işinə baxan hakimlərə (Mayıl Bayramov, Rahib Salmanov və Samir Əliyev) belə çağırış edib.

Şərti olaraq, «Nardaran işi-2» adlandırılan və bir ildir davam edən bu məhkəmə prosesində dekabrın 25-də vəkillər çıxış edib. Təqsirləndirilən şəxslərdən İsa İbrahimovun vəkili Azər Nağıyev, Nahid Qəhrəmanovun vəkili Bəxtiyar Hacıyev, Elgün Axundovun vəkili Gürsel Atakişiyev və digərləri hüquqlarını müdafiə etdikləri şəxslərin təqsirsizliyindən, ittihamların saxta olmasından danışıblar. Bildiriblər ki, bir ildir mühakimə olunan bu adamlar heç bir günahları olmadığı halda, iki ildən çoxdur həbsdə saxlanılırlar. Vəkillərin sözlərinə görə, bu adamların evlərindən silah-sursat çıxması, onların dövlət çevrilişinə cəhd göstərməsi və s. ittihamlar saxtadır. Müdafiəçilər deyir ki, silahları evlərdən kimlər götürübsə, elə onların özləri də qoymuşdu. Təqsirləndirilən şəxslərin istintaqdakı ifadələrinə gəlincə, vəkillər həmin ifadələrin onlardan işgəncə altında alındığını bildiriblər.

***Buna da bax-Nardaran işi-3: 'Prezidentin müşavirinin həyat yoldaşı qohumumuzdur'

«Terror təşkilatı Ədliyyə Nazirliyinə müraciət edər?»

Təqsirləndirilən şəxslərdən ilahiyyatçı Elçin Qasımovun vəkili F.Namazlı çıxışında deyib ki, müvəkkilinin sədr müavini olduğu «Müsəlman Birliyi» Hərəkatı cinayət işinin materiallarında «cinayətkar birlik», «terror təşkilatı» kimi təqdim olunub. Halbuki, bu təşkilat təsis olunandan sonra dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edib, özünün nizamnaməsi var: «Heç bir cinayətkar dəstə yarananda qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmir, yaradılanda mətbuat konfransı keçirmir».

İlahiyyatçı Taleh Bağırov da «cinayətkar dəstənin başçısı» kimi təqdim edilir. Vəkil isə bildirib ki, ilahiyyatçının çıxışları YouTube kanalında var və onlardan görünür ki, T.Bağırov dövlətçilik əleyhinə heç bir fikir səsləndirməyib, sadəcə, hökumətin siyasətini tənqid edib: «Bu isə dövlətçilik əleyhinə çağırış kimi qiymətləndirilə bilməz».

Həbs olunarkən və istintaq dövründə təqsirləndirilən şəxslərin hüquqlarının pozulmasından danışan F.Namazlı cinayət işində bəhs olunan «Hacı Taleh Bağırzadənin müraciəti» adlı kitabçaya da toxunub. İddia olunur ki, təqsirləndirilən şəxslərin hamısının evindən o kitabçadan tapılıb. Vəkil isə bunu təkzib edir:

Fariz Namazlı
Fariz Namazlı

«Taleh Bağırov özü də məhkəməsində bildirmişdi ki, yalandır, o, belə bir kitabça hazırlamayıb. Hətta demişdi ki, həmin kitabçanı onun həbsindən sonra Daxili İşlər Nazirliyinin əməkdaşları hazırlayıb, iş materiallarına əlavə ediblər. Kitabçada Nardaranda bas verən hadisələrdən, Elçin Qasımova, Elman Ağayevə edilən zülmlərdən danışılır. T.Bağırov özü Nardaran hadisəsi günü həbs olunub, Elman Ağayev də ondan bir neçə gün sonra. T.Bağırov özündən bir neçə gün sonra həbs olunan adama edilən zülmləri əvvəlcədən necə bilib yaza bilərdi?».

«Alternativ həmişə var – sistemin qulluğunda durmamaq»

Vəkil çıxışının sonunda hakimlərə müraciət edib. Söyləyib ki, təqsirləndirilən şəxslər məhkəmənin hökmünün necə olacağını əvvəlcədən bilirlər. Amma yenə də xırda bir ümidlə ədalətli nəticə gözləyirlər. F.Namazlı hakimləri günahsız insanlarda olan bu ümidi öldürməməyə çağırıb.

***Buna da bax: Nardaran işi-3: 'Mən Mixaylo deyiləm, Mikayılovam'

«Hakimiyyətin tapsırıqlarını icra edənlər düşünür ki, ən böyük ləyaqət dövlət, daha doğrusu, sistem qarşısında borcunu ödəməkdir. Onlar «mən necə dəhşətli işlər görürəm» əvəzinə, «mən öz borcumu yerinə yetirmək üçün necə dəhşətli işləri müşahidə etməyə məcburam, mənim işim necə ağırdır» deyirlər. Onlar öz əməllərinə haqq qazandırmağa çalışanda bunu dilə gətirirlər. Amma alternativ həmişə var, məsələn, sistemin qulluğunda durmamaq.

Roma hüququnun banisi Marek Novitski deyirdi ki, hər bir dövlətdə istənilən dövlət orqanını tənqid etmək, ona lağ etmək olar. Hansısa nazirin axmaq çıxışına görə bütövlükdə Nazirlər Kabinetini tənqid etmək, ona lağ eləmək olar. Amma ədalət mühakiməsi yeganə qurumdur ki, ona rişxənd etmək olmaz. Əgər bir dövlətin ədalət mühakiməsinə insanlar lağ edirsə, o deməkdir ki, həmin dövlətin təməl sütunları çoxdan sarsılıb.

Məhkəmə mühakimə orqanıdır, elə mühakimə edin ki, Allahın mühakiməsinə üzü ağ çıxasınız...», - F.Namazlı çıxışını belə bitirib.

Beləliklə, «Nardaran işi-2»də vəkillərin çıxışı mərhələsi yekunlaşıb. Dekabrın 26-da bu məhkəmədə təqsirləndirilən şəxslər son sözlərini deyəcəklər.

Nardaran olayından 2 il ötür. Sakinlər o zaman bunu deyirdi
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

***Buna da bax-Nardaran sakini: 'Atamın məzarının şəklini paylaşdığıma görə həbs ediblər'

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ağır cinayətlərdə ittiham olunan T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Bağırov və onun müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı Facebook səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bu günlərdə şərti adı «Nardaran-3» olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, M.Quliyev 13 il, M.Məmmədov 12 il 3 ay, E.Bünyadov 12 il 3 ay, E.Ağayev 13 il, E.Həsənov 12 il 3 ay, F.Allahverdiyev 13 il, R.Seyfullayev 13 il, M.İbrahimov 13 il, R.İsmayılov 15 il, C.Əliyev 14 il azadlıqdan məhrum edilib.

«Nardaran məhbusları» məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Bu yaxınlarda daha az cəza alan «Nardaran məhbusları»ndan 18 nəfər vaxtından əvvəl məhkəmənin qərarı ilə azadlığa çıxıb. Onların bəzilərinin həbs müddətinin başa çatmasına saylı günlər qalmışdı.

XS
SM
MD
LG