Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 05:26

'Nardaran işi-3': ‘Prezidentin müşavirinin həyat yoldaşı qohumumuzdur’


"Nardaran işi" - məhkəməsinin qarşısı
"Nardaran işi" - məhkəməsinin qarşısı

Nardaran hadisələri ilə bağlı daha bir məhkəmə yekunlaşır. 2015-ci il noyabrın 26-da altı nəfərin öldüyü əməliyyatdan sonra həbs olunan ilahiyyatçılar Elman Ağayev, Zülfüqar Mikayılov və daha on nəfərə dekabrın 6-da hökm oxunacaq.

Bu 12 nəfər bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu. Şərti olaraq, “Nardaran işi-3” adlandırılan bu məhkəmə prosesində on iki nəfər təqsirləndirilən şəxsdən üçünün son sözü qalmışdı. Onlar da dekabrın 4-də son sözlərini deyiblər. Ardınca da Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib.

“NİYƏ BU DÖVLƏTİ YIXMAQ İSTƏYİM Kİ?”

Təqsirləndirilən şəxslərdən Mehman Quliyev son sözünü yazılı şəkildə hakimlərə təqdim edib. Deyib ki, hər şeyi yazıb, ona görə əlavə çıxış eləmək istəmir. Yalnız o məlum olub ki, Mehman Quliyev günahsız həbs olunduğunu bildirir, haqqında bəraət hökmünün çıxarılmasını istəyir.

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

Başqa bir təqsirləndirilən Mehman Məmmədov isə geniş danışıb. Deyib ki, ona verilmiş terrorçuluq, dövlət çevrilişinə cəhd, silah-sursat saxlama və digər ittihamlar cəfəngiyyatdır. Nardaranda əməliyyat keçirilən zaman evində olduğunu deyən Mehman Məmmədovun sözlərinə görə, qəsəbə ağsaqqallarının məsləhəti ilə kənddəki meydana gedib. Məqsəd də qəsəbədə sakitliyin yaranması olub.

“Sonradan eşitdim ki, polislər məni axtarır. Ona görə də elə özüm idarəyə getdim. 2015-ci ilin noyabrında parlament seçkiləri keçirilmişdi. Şəxsən mən özüm də seçkiyə dəstək vermişəm. Niyə bu dövləti yıxmaq istəyim ki? Seçkidə İlham Əliyev Nardarandan 83 faiz səs toplayıb. Əgər biz dövlətə qarşı çıxsaydıq, belə nəticə olmazdı axı...”, – Mehman Məmmədovun sözləridir.

Buna da bax: Nardaran işi-3: ‘Mən Mixaylo deyiləm, Mikayılovam’

Heç bir təqsiri olmadığı halda, iki ildir həbsdə saxlandığını söyləyən Məmmədov heç bir siyasi partiyanın, təşkilatın üzvü olmadığını bildirib. Deyib ki, hələlik heç yerə şikayət etmədən məhkəmənin hökmünü gözləyir. Çünki məhkəmənin ədalətli hökm verəcəyinə inanır.

“PREZİDENT BUNA RAZI OLMAZDI”

“İndiyə qədər də başa düşə bilmirəm ki, bizi günahsız yerə niyə həbs ediblər. Burada İŞİD-in (İslam Dövləti silahlı qruplaşmasının qısa adı- red.) barmağı var. İnana bilmirəm ki, bunları Daxili İşlər Nazirliyi eləsin... Prezident buna razı olmazdı. Prezidentin müşavirinin həyat yoldaşı, prezidentin sinif yoldaşı bizim qohumlardır. Prokurorluqda və başqa dövlət orqanlarında da yaxınlarımız işləyir. Amma mən heç kimə ağız açmamışam. Günahı olan ağız açar, mənim isə heç bir günahım yoxdur”, – Mehman Məmmədov çıxışının sonunda belə deyib.

Buna da bax: Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...

Sön sözünü deyən axırıncı təqsirləndirilən Faiq Allahverdiyev də nəinki özünün, onunla birlikdə mühakimə olunanların da günahsız olduğunu bildirib. Deyib ki, günahsız insanlara zülm eləyənlərin cəzasını Allah verəcək: “İmam Hüseyn məclisində bizləri tutdular. Nə qədər günahsız adama zülm olunub. Bunlar kiminlə vuruşur, Allahla? Bizə olunan zülmün cəzasını da elə Allah verəcək...”

Faiq Allahverdiyev də çıxışının sonunda bəraət istəyib.

Ardınca hakimlər müşavirəyə gedib. Elan olunub ki, hökm dekabrın 6-da oxunacaq.

Buna da bax: Nardaran sakini: 'Atamın məzarının şəklini paylaşdığıma görə həbs ediblər'

Xatırlatma

2015-ci ilin noyabrında Nardaranda baş verən hadisədən sonra yüzə yaxın adam həbs olunub. Onlardan 44 nəfərinə terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır maddələrlə ittiham verilib. Qalanları isə evlərindən silah tapılması, polisə müqavimət kimi suçlamalarla iki ildən 6 il 6 aya qədər həbs cəzası alıb.

Ağır cinayətlərdə ittiham olunan Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Bağırov və onun müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı “Facebook” səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Daha 26 nəfərin işi üzrə üç ayrı məhkəmə prosesi davam edir.

“Nardaran məhbusları” məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Bu yaxınlarda daha az cəza alan “Nardaran məhbusları”ndan 18 nəfər vaxtından əvvəl məhkəmənin qərarı ilə azadlığa çıxıb. Onların bəzilərinin həbs müddətinin başa çatmasına saylı günlər qalmışdı.

XS
SM
MD
LG