Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:27

Nardaran-2: ‘Yazdım ki, guya məndən silah çıxıb’


Nardaran. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

"Məni ailəmlə təhdid elədilər, ona görə dediklərini eləməyə razılaşdım, yazdım ki, guya məndən silah çıxıb, onu zibillikdən tapmışam. Çünki iyirmi il həbsdə yatmağı söyülməkdən üstün tuturam. Bizə bu zülmləri eləyənləri də Allaha tapşırmışam", – Nardaran hadisələrindən sonra həbs olunan Ramil Əliyevin sözləridir.

O, on aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və daha on nəfərlə birlikdə mühakimə olunur.

Oktyabrın 6-da keçirilən məhkəmədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları şahid qismində ifadə verib. Deyib ki, təqsirləndirilən şəxslərdən Əli Şahbazovun saxlanmasında iştirak edib. Onun sözlərinə görə, Ə. Şahbazovdan silah tapılıb.

Buna da bax:​ “Dedilər ki, bura qol çək, atanı buraxaq”

Əli Şahbazov isə deyir ki, 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatından sonra onun atasını tutmuşdular. Qarşısına şərt qoyublar ki, əgər özü həbsə girməyə razıdırsa, atasını buraxacaqlar. O da atasına görə razılaşıb. Nəticədə terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama kimi 10-dan artıq maddə ilə ittiham veriblər. Amma atasını da buraxmayıblar, onu da qanunsuz silah saxlama maddəsi ilə həbsə göndəriblər.

Əli Şahbazov və atasından sonra ailənin daha iki oğlu da qanunsuz silah saxlama ittihamı ilə həbs olunub. Atabala Şahbazov bir ay öncə azadlığa buraxılsa da, üç oğlu həbsdədir.

Təqsirləndirilən şəxslərdən ilahiyyatçı Nahid Qəhrəmanov dindirilən polis əməkdaşına xatırladıb ki, həmin vaxt Nardaranda yenicə əməliyyat keçirilmişdi, hər yer polislərlə dolu idi. Əli Şahbazovun belə bir vəziyyətdə özündə silah saxlaması inandırıcı deyil.

Buna da bax:​ Abbas Hüseynov: 'Mən dəli deyiləm, normal məhbuslarla qalmaq istəyirəm'

BMCMİ-nin əməkdaşı Kamil Məmmədov ona belə cavab verib: "Bəlkə harasa atmağa aparırdı".

“KƏNDƏ 6-7 MİNLİK QOŞUN GİRMİŞDİ”

Kamil Məmmədov digər təqsirləndirilən Əmirəli Əliyevin də tutulmasında iştirak edib. Deyir ki, 70 yaşlı Əmirəli Əliyevdən silah, bir də "Taleh Bağırzadənin müraciəti" adlı kitabça çıxıb.

Əmirəli Əliyev isə söyləyir ki, ümumiyyətlə, o kitabçanı görməyib: "Biri mənə göstərsin, görüm o nə kitabçadı. Mənim həyətimdə dərin quyu var, uşaq deyiləm ki, silahım olsaydı, ora atardım da. Həmin vaxt kəndə 6-7 minlik qoşun girmişdi. İstəmirəm səni Allaha tapşırım, cavansan. Mənim 70 yaşım var. Uşaqlarımı tutmuşdular, dedim ki, onları buraxın, məni tutun, bir silah yazın. Evimə qara maskalılar girmişdilər. Dedilər ki, "dayı, səni də buraxacağıq". İki ildi həbsdəyəm. Allahdan qorxmursuz? Mənə iyirmi il də versələr, düzünü danışacağam. Mənə işgəncə verməyiblər".

Buna da bax:​ 'Nardaran işi-3': ‘Əxlaqlı cəmiyyət, demokratik ölkə istəmək cinayətdir?’

Şahid kimi ifadə verən BMCMİ-nin digər əməkdaşı Ramil Səlimov isə təqsirləndirilən şəxslərdən İsa İbrahimov və Ramin Əliyevin evində əməliyyat-axtarış tədbirində iştirak etdiyini deyir. Onun sözlərinə görə, İsa İbrahimov ərizə yazaraq, evində axtarışa etiraz etmədiyini göstərib: "Özü gətirib iki tratil şaşkası, alışdırıcısı ilə birlikdə əl qumbarası və üç kitabçanı təqdim elədi. Onu əvvəl Lənkəran polis şöbəsinə, oradan da Bakıya gətirdik. İsa İbrahimov dedi ki, silahları kəndin yaxınlığından tapıb".

İsa İbrahimov isə təzyiq altında belə ifadəyə imza atdığını söyləyib: "Bu polis əməkdaşı yerlimdir, lənkəranlıdır. Orada da mənimlə talış dilində danışdı. Mənə dedilər, yaz, silahları qəbiristanlıqdan tapmısan. Mənim qarşımda şərt qoymuşdular ki, dediklərini eləməsəm, atamı tutacaqlar. Ona görə mən də dediklərini elədim".

“YATMAĞI SÖYÜLMƏKDƏN ÜSTÜN TUTURAM”

Şahid polis deyib ki, digər təqsirləndirilən Ramil Əliyevin evindən də alışdırıcısı ilə birlikdə qumbara və "Taleh Bağırzadənin müraciəti" kitabçaları çıxıb. Amma Ramil Əliyev polis əməkdaşının yalan danışdığını bildirib: "O əşyaları özləri qoyub, özləri də götürüblər. Məni ailəmlə təhdid elədilər. Mən də dediklərini eləməyə razılaşdım. Mən iyirmi il həbsdə yatmağı söyülməkdən üstün tuturam. Yalan ifadə yazdırdılar ki, guya silahı zibillikdən tapmışam. Mən burada azadlığa buraxılmaq üçün danışmıram. Sadəcə, həqiqət nədirsə, onu deyirəm. Bizə bu zülmləri eləyənləri Allaha tapşırmışam".

Buna da bax:​ Prokuror 'Nardaran məhbusları'na 180 il həbs cəzası istədi

Başqa bir təqsirləndirilən Ağaəli Yəhyayev ilahiyyatçı Taleh Bağırova görə onları da həbs elədiklərini söyləyir: "Bizi terrorçu kimi qələmə verirlər. Halbuki, bu cəmiyyətdə bizdən ziyansız adam yoxdur".

Təqsirləndirilən Nahid Qəhrəmanov da günahsız olduqlarını bildirib: "Avropada heyvanların da hüquqları qorunur. Azərbaycanda isə günahsız insanlara belə ağır ittiham verilir, illərlə həbsdə saxlanılır. Çünki Azərbaycanda məhkəmə yoxdur".

Məhkəmə oktyabrın 13-də davam edəcək.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Buna da bax:​ 'Nardaran işi': 'Kim gedib polisin əlindən zorla adam ala bilər?'

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

Buna da bax:​ Elçin Qasımov şahid polisə: 'Kişi ol...'

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG