Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:35

10 yaşlı Nərminin ölümü müəmmalı olaraq qalır (VIDEO)


Tovuzdakı qətlin üstü niyə açılmır?
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

10 yaşlı Nərminin ölümü ilə bağlı istintaq yekunlaşmır

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın öldürülməsi və meyitinin yandırılmasında ittiham edilən İlkin Süleymanov haqqında baş prokurorun təqdimatına fevralın 10-da Bakı Apellyasiya Məhkəməsində baxılıb.

13 aydır həbsdə olan İlkin Süleymanov barəsində həbs-qətimkan tədbirinin daha 4 ay uzadılmasını istəyən baş prokurorun təqdimatını Nəsimi Rayon Məhkəməsi ötən həftə təmin etmişdi. Həmin qərardan vəkillər apellyasiya şikayəti verib.

Apellyasiya məhkəməsində İlkin Süleymanov özü də iştirak edib. O, azyaşlının ölümünə aidiyyəti olmadığını, istər ilkin həbs, istərsə də müddətin uzadılması haqda qərarların hamısının qanunsuz olduğunu bildirib.

Vəkillər də Baş prokurorun təqdimatının təmin olunmasına etiraz edib. Vəkillər bildirib ki, qanuna görə, şəxs ən çox 13 ay istintaq ərzində saxlanıla bilər.

Bu müddət müstəsna hallarda uzadıla bilər ki, qanunda nəzərdə tutulan o halların heç biri də İlkin Süleymanovun işində yoxdur.

Müdafiəçilər İlkin Süleymanovun təqsirsiz olduğunu vurğulayaraq, onun həbsdən azad edilməsini istəyiblər.

Amma Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

“Təəssüf ki, imzaladı...”

Vəkil Əlibaba Rzayev hesab edir ki, işin məhkəməyə göndərilməsi üçün istintaq orqanında İlkin Süleymanova qarşı yetərincə sübutlar yoxdur.

Müdafiəçinin fikrincə, istintaqın uzadılmasının səbəbi də budur. Vəkil AzadlıqRadiosuna bildirib ki, əgər sübutlar olsaydı, istintaqı elə birinci dəfə seçilən 4 aylıq həbs-qətimkan tədbiri müddətində yekunlaşdırardılar:

“Bunlar nə istintaqı yekunlaşdırırlar, nə də adamı azad edirlər. Hələ Zakir Qaralovun rəhbərliyi dövründə prokurorluq açıqlama yaymışdı ki, cinayətkar tapılıb, etiraf edib. İlkin Süleymanov sonradan məhkəməyə çıxarılanda bildirdi ki, ona etiraf ifadəsinə zorla qol çəkdiriblər. İstintaqın əlində o ifadənin doğruluğunu təsdiqləyən başqa mötəbər sübutlar olsaydı, işi məhkəməyə göndərərdilər”.

Vəkilin sözlərinə görə, baş prokuror dəyişdiriləndə (Kamran Əliyev ötən ilin mayında baş prokuror vəzifəsinə təyin olunub – red.) onlarda da bu işin obyektiv araşdırılacağı və İlkin Süleymanovun azadlığa buraxılacağıyla bağlı ümid yaranmışdı.

Əlibaba Rzayev Baş prokuror Kamran Əliyevin 13 aylıq istintaqdan sonra həbs müddətinin uzadılması haqda təqdimat verəcəyini gözləmədiyini deyir:

“Həbs-qətimkan tədbirinin 13 aydan artıq uzadılması müstəsna hal olduğuna görə bu zaman məhkəməyə təqdimatı baş prokuror verir. Ümid edirdik ki, Baş prokuror təqdimat vermək üçün öncə çağırıb sübutlar istəyəcək, soruşacaq ki, 13 ay ərzində hansı sübutlar toplamısınız? Əgər toplamamısınızsa, niyə? Baş prokuror təqdimatı imzalamayacaq. Təəssüf ki, imzaladı...”

Vəkil əlavə edib ki, İlkin Süleymanovun həbsilə əlaqədar Avropa Məhkəməsinə 3 ayrı şikayət göndəriblər.

Bunlardan biri onun dörd gün Tovuz Rayon Polis Şöbəsində qanunsuz saxlanması (yanvarın 6-da saxlanması haqda məlumat yayılsa da, cinayət işinin materiallarında yanvarın 10-da şübhəli şəxs qismində tutulduğu göstərilib-red.), ikincisi işgəncəyə məruz qalması, üçüncüsü isə həbs qərarının qanunsuzluğu haqdadır.

İntihara cəhd edənlər olub

İlkin Süleymanovun qardaşı Adil Süleymanov AzadlıqRadiosuna həm ailələrinin, həm də Dondar Quşçu kənd sakinlərinin prezident və vitse-prezidentə müraciət etdiyini bildirib. Onlar bu işin obyektiv araşdırılması üçün göstəriş verilməsini istəyiblər.

Adil Süleymanovun sözlərinə görə, kəndin bir sıra sakinləri İlkinin əleyhinə yalan ifadə vermək üçün təzyiqlərə məruz qalıb. Onların arasında təzyiqlər üzündən intihara cəhd edənlər də olub:

“Birindən tələb ediblər desin ki, guya İlkini “pampers” aldığı yerdə görüb. Başqa birinə təzyiq ediblər ki, İlkinin qız-gəlinə sataşmağa meylli olduğunu desin. Adamlara əziyyət verirlər. Ümumiyyətlə, saxta sübutlar yaratmağa çox cəhd elədilər. Plan olub ki, uşağın qulağında olmuş sırğanın eynisini bizim həyətə atsınlar, amma ifşa olundu”.

Adil Süleymanov deyir ki, hüquq-mühafizə orqanları istər kənd camaatı, istərsə də səlahiyyət sahiblərində qardaşı haqqında yanlış rəy formalaşdırmaq üçün yalan məlumatlar yayırdılar.

Yayılan məlumatlardan biri də İlkin Süleymanovun Nərmini qətlə yetirməmişdən öncə videoya çəkməsi haqda olub:

“İddia edirlər ki, guya İlkin çoxbilmiş olub, 47 gün uşağı gizlədə bilib. Bunun cinayəti gizlətmək qabiliyyəti vardısa, niyə meyiti gətirib evinin yanında yandırırdı?”

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq Nərmin Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İlkin Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldıqdan sonra etiraf ifadəsinə məcburən imza atdığını bildirib. Baş Prokurorluq isə onun işgəncəyə məruz qalması barədə dediklərinin əsassız olduğunu bəyan edib.

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Şərhlər

XS
SM
MD
LG