Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:49

10-yaşlı Nərminin ölüm işi: 'Bu qədər haqsızlıq, ədalətsizlik olmaz axı...'


İ.Süleymanov məhkəməyə gətirilir. Foto arxiv
İ.Süleymanov məhkəməyə gətirilir. Foto arxiv

Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsi və meyitin yandırılmasında suçlanan İlkin Süleymanov haqqında yenidən həbs qərarı çıxarılıb. Fevralın 1-də Nəsimi rayon Məhkəməsində Baş prokurorun onunla bağlı təqdimatına baxılıb.

Təqdimatda göstərilib ki, bu iş üzrə istintaq araşdırmaları başa çatmayıb, bu üzdən İ.Süleymanov haqqında həbs-qətimkan tədbirinin müddətinin daha dörd ay uzadılmasına ehtiyac var. Məhkəmə də təqdimatı təmin edib və İ.Süleymanovun ilkin istintaq dövrü üçün həbsdə saxlanma müddəti daha dörd ay artırılıb.

Qapalı keçirilən məhkəmə iclasında İ.Süleymanov özü də iştirak edib. O, günahsız olduğunu, uşağın ölümünə heç bir aidiyyəti olmadığını vurğulayıb, həbsdən buraxılmasını istəyib.

İ.Süleymanovun vəkilləri onun həbsdə saxlanma müddətinin növbəti dəfə uzadılması haqda məhkəmə qərarının qanunsuz və əsassız olduğunu deyir.

"Heç bir mötəbər sübut yoxdur, ona görə də uzadırlar"

47-yaşlı İ.Süleymanov 2020-ci ilin yanvarından həbsdədir. Cinayət Prosessual Məcəllənin 159.7 maddəsinə əsasən, istintaq dövründə təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti 13 aydan çox ola bilməz. Amma istisna hallarda – işin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu istintaqı gecikdirərsə, bu halda müddət 6 aya qədər uzadıla bilər. Bundan ötrü Baş prokuror və ya onun birinci müavini məhkəməyə təqdimat verməlidir.

Vəkil Əlibaba Rzayev AzadlıqRadiosuna bildirib ki, artıq 13 aydır həbsdə saxlanan İ.Süleymanovun işində müddətin uzadılması üçün hüquqi əsas yoxdur. Çünki qanunun müəyyənləşdirdiyi istisna halların heç biri bu işə aid deyil: "Bir nəfər təqsirləndirilən şəxs var. İş materiallarının həcmi də həddindən böyük deyil, bir cinayət epizodundan söhbət gedir. 13 ay bu iş üzrə istintaqı yekunlaşdırmaq üçün yetərli idi. Sadəcə, istintaqın əlində İlkinin təqsirliliyinə dair heç bir mötəbər sübut yoxdur, ona görə də uzadırlar. Əgər cinayəti gerçəkdən İlkin törətmiş olsaydı, bu müddətdə yüzlərlə sübut tapmaq olardı".

Ə.Rzayev deyir ki, istintaq İ.Süleymanovu sübut yetərsizliyinə görə həbsdən buraxa da bilmir. Çünki onun həbsinin ilk günlərində Baş Prokurorluğun o dövrdəki rəhbərliyi cinayətin üstünün açıldığını, İ.Süleymanovun olayı etiraf etdiyini bildirmişdi: "İndi buraxılsa, sual yaranacaq ki, sübutlar yox idisə, İlkin niyə həbs olunmuşu?".

"Onlarda o uşağa aid heç nə yoxdur"

Vəkil növbəti 4 ay ərzində də mötəbər sübutların ortaya qoyulacağını düşünmür. İstintaq davam etdiyinə görə bir çox məsələləri hələ açıqlaya bilmədiyini deyən müdafiəçinin sözlərinə görə, işdə 20-dən çox ekspertiza rəyi var. Onların da bir çoxu İ.Süleymanovun təqsirsizliyinə dəlalət edir.

Ə.Rzayev müvəkkili haqqında həbs müddətinin daha 4 ay artırılmasına dair məhkəmə qərarından apellyasiya şikayəti verəcək.

İ.Süleymanovun yaxınları da istintaqın uzanmasından narazıdır.

"Evdən çarpayı, palaz və başqa şeyləri aparıblar ki, ekspertizadan keçirsinlər. Bir ildir, xəbər yoxdur. Çünki onlarda o uşağa aid heç nə yoxdur, ola da bilməzdi. Amma uşağın meyitini cəmi 3 saata ekspertizadan keçirib, tələsik dəfn elədilər", – İ.Süleymanovun yaxınları belə deyir.

Qardaşı Adil Süleymanov bildirib ki, məhkəmənin qərarı onlar üçün gözlənilməz olmadı. Amma ədalətli qərara inanmasalar da, son ümidlərini də itirməmişdilər: "Bu qədər də haqsızlıq, ədalətsizlik olmaz axı...".

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Ötən il yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İ.Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İ.Süleymanov 4 gün Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qaldıqdan sonra etiraf ifadəsinə məcburən imza atdığını bildirib. Baş Prokurorluq isə onun işgəncəyə məruz qalması barədə dediklərinin əsassız olduğunu bəyan edib.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG