Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 15:54

Üzgüçülük dərsinə girməyən müsəlman qızlar üçün özəl məktəb?


Burkini geyinən qız.

İsveçrədə qızlarının məktəbdə üzgüçülük dərsinə girməsi ilə bağlı məhkəməni uduzan müsəlman valideynlər özəl müsəlman məktəbi açmaq istəyirlər.

Bu ölkənin dövlət qurumları qızların oğlanlarla birgə üzgüçülük dərslərində iştirakının məcburi olmasına dair qərar çıxarandan sonra şikayətçi Aziz Osmanoglu işi Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) verib. Bu instansiya da qızlarla oğlanların birgə üzgüçülük dərslərini məcburi sayıb.

Məktəb rəsmiləri iddia edirlər ki, "tam kurrikulumun" bir hissəsi olan üzgüçülük dərsləri uşaqların İsveçrə cəmiyyətinə uğurla inteqrasiya etməsindən ötrü vacibdir.

Buna da bax:​ Müsəlman qızlar da üzgüçülük dərslərinə qatılmalıdır

İsveçrənin Lozannada yerləşən ən yüksək məhkəməsinin 2012-ci ildə çıxardığı qərara görə, qarışıq üzgüçülük dərslərində iştirak məcburiyyəti dini etiqad azadlığının pozulması deyil. Ölkəiçi məhkəmə prosesindən əli üzülən Osmanoglu işi AİHM-nə verib. AİHM İsveçrə məhkəməsinin qərarını qüvvədə saxlayıb.

CƏRİMƏLƏRİ ÖDƏYİR

Amma Bazel şəhərinin Müsəlman Komissiyasının mətbuat nümayəndəsi Serhad Karatekin deyib ki, "indi fərdi klublar özəl müsəlman məktəbinin yaradılmasını qarşılarına məqsəd qoyublar".

Osmanoglu hələ də özünün iki qızını qarışıq üzgüçülük dərslərinə göndərməkdən imtina edir. Onun bu hərəkəti Bazelin Müsəlman Komissiyası tərəfindən dəstəklənir.

Buna da bax: Hovuza girməyən müsəlman qızlara vətəndaşlıq verilmədi

Bazeldən olan ilahiyyatçı və biznes konsultantı Johannes Czwalina müsəlman özəl məktəbinin yaradılması fikrini alqışladığını, onun açılması üçün əlindən gələn köməyi əsirgəməyəcəyini deyib.

Czwalina son illər ərzində müsəlmanların çox sayda cərimə və hüquqi hesablarını ödəməsi ilə İsveçrədə ad çıxarıb.

O hesab edir ki, müsəlmanların öz uşaqlarını qarışıq üzgüçülük dərslərinə göndərmədiklərinə görə cərimələnməsi "ayrıseçkilikdir". Buna görə də o, onların cərimələrini ödəməyi təklif edir.

YƏHUDİLƏR DƏ ÜZGÜÇÜLÜK DƏRSLƏRİNƏ GETMİRLƏR

Bazel rəsmiləri 2010-cu ilin iyulunda Osmanoglunu 1400 frank (təqribən 1400 dollar) cərimə ediblər. Bunun ardınca uzun sürən məhkəmə çəkişmələri başlayıb.

Buna da bax:​ Kann çimərliyində burkini qadağası

Czwalina deyib ki, heç kəs ultradindar yəhudi tələbələrdən danışmır. Halbuki, onlar da qarışıq üzgüçülük dərslərinə getmirlər.

"Əgər yəhudi tələbələri öz məktəbləri qorumasaydı, Bazeldə cərimələrdən əziyyət çəkən yəhudi ailələrin sayı müsəlmanlardan çox olardı", – deyə o bildirib.

AİHM bu dərslərdə dini hüquqlara müdaxilə olunduğunu qeyd etsə də, hakimlər yekdilliklə bu müdaxilənin zorakılığa yol açmadığını deyiblər. Məhkəmənin bəyanatında deyilir ki, dini etiqad azadlığının təsbit olunduğu qanun "xarici şagirdləri sosial ayrıseçkilikdən qorumaq üçün" yaradılıb.

Məhkəmə bildirib ki, məktəblər sosial inteqrasiya üçün vacibdir.

Buna da bax: Məhbus qadınların hicab problemi

“ÇEVİK HƏLL YOLLARI”

AİHM sənəddə qeyd edib ki, dərslərdən azad olunmağa "yalnız çox istisna hallarda icazə verilə bilər".

Beləliklə Osmanoglunun işində İsveçrə məhkəməni udub və müsəlman tələbələrin qarışıq üzgüçülük dərslərində iştirakı vacib sayılıb.

'Müvafiq olaraq, uşaqların tam təhsil almaq marağı, beləliklə də ...uğurlu sosial inteqrasiyasının təminatı valideynlərin uşaqlarını qarışıq üzgüçülük dərslərindən azad etdirmək istəyindən üstündür", – deyə məhkəmə bildirib.

Buna da bax:​ Hacı Şahin burkini haqda: 'Qadının bədən cizgiləri...'

Məhkəmənin bəyanatında həmçinin vurğulanır ki, "xeyli çevik həll yolları" təklif olunub. Məsələn, qızlar yalnız onlara aid soyunma otaqlarından istifadə edə və dərslərdə ənənəvi üzgüçülük geyimləri əvəzinə burkini geyə bilərlər.

Təhsil rəsmiləri bildiriblər ki, üzgüçülük dərslərindən azad olunma yalnız cinsi yetişkənliyə çatmış qızlara aid edilə bilər. Sözügedən İsveçrə vətəndaşlarının qızları isə, ataları onların üzgüçülük dərslərinə girməsinə mane olmağa çalışanda hələ cinsi yetişkənliyə çatmamışdılar.

XS
SM
MD
LG