Müsavatçıya 15 sutka verildiyi deyilir
«Noyabrın 12-də Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında keçirdiyi aksiyada saxlananların hamısı axşama yaxın buraxılıb».
Bunu AzadlıqRadiosuna Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib: «Birbaşa piketdə iştiraka görə 19 nəfər saxlanaraq Səbayel rayon Polis İdarəsinə aparılıb. Onlardan əlavə isə daha 10 nəfər də saxlanıb. Axşama doğru onların hamısını buraxıblar».
Vəkil Nemət Kərimli isə noyabrın 11-də saxlandığı bildirilən və haqqında yaxınlarının xəbər ala bilmədiyi Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı barədə məlumat verib. Vəkilin qeyd etməsinə görə, R.Əmiraslanlı noyabrın 11-də saxlanaraq Binəqədi rayon Məhkəməsinə çıxarılıb: «Məhkəmə R.Əmiraslanlını İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinin tələblərini pozmaqda təqsirli bilib, onun barəsində 15 sutka inzibati həbs cəzası çıxarıb. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib».
Vəkil bildirib ki, bu qərardan şikayət verməyə hazırlaşır.
Amma bütün bu deyilənləri, hələlik, Binəqədi rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Müsavat: ‘Aksiyada saxlananlar buraxılır’
Aksiyada saxlanan müsavatçılardan Qədir Nağiyev, Səxavət Soltanlı, Fərəc Kərimli, Elman Quliyev və başqa daha bir neçə şəxsin sərbəst buraxıldığı deyilir.
Bu barədə Azadlıq Radiosuna Müsavat Partiyasından bildirilib.
Partiyadan qeyd edildiyinə görə, amma Niyaz Nəsir, Namiq Niftiyev və Razim Əmiraslanlıdan xəbər yoxdur. Razim Əmiraslanlının bir gün əvvəl, noyabrın 11-də saxlandığı açıqlanmışdı.
Amma, hələlik, bu məlumatı Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Arif Hacılı buraxılıb
Müsavat Partiyasının başqanı Arif Hacılının sərbəst buraxıldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna A.Hacılının özü də məlumat verib. Onun sözlərinə görə, bu gün, noyabrın 12-də günorta saatlarında onu yolda polis saxlayıb: «Azadlıq prospektində Dövlət Yol Polisinin üç maşını maşınımızın yolunu kəsdi. Bir neçə polis işçisi və mülkigeyimli şəxs mənə yaxınlaşaraq bildirdilər ki, qərargaha gedə bilmərəm. Mən etiraz etdim və qərargaha, sonra isə piketə gedəcəyimi bildirdim. Onda mənə onlarla getməli olduğumu bildirdilər və Nərimanov rayonu 18-ci polis bölməsinə gətirdilər. Orada bir neçə saat otaqda saxlayandan sonra sərbəst buraxdılar».
A.Hacılının sözlərinə görə, partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli da sərbəst buraxılıb. Aksiyada və aksiyadan əvvəl saxlandığı bildirilən partiyanın digər üzvləri barədə isə heç bir məlumat verilmir.
Polisin açıqlaması
Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının piketi ilə bağlı açıqlama yayıb.
Açıqlamada yazılıb ki, Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər.
Şəhər polisindən bildirildiyinə görə, «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun müvafiq tələblərinə əsasən onlara aksiya yeri kimi Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki «Neftçi» idman klubunun təlim bazası təklif olunub: «Onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar edilib. Buna baxmayaraq, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfər Bakı şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz piket keçirməyə cəhd göstərib. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb».
Amma açıqlamada saxlananlar barədə heç bir qeyd yer almayıb.