“Azərbaycan hakimiyyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) rüşvət verilməsi iddiaları ilə bağlı xalqa izahat verməlidir”.
Müsavat Partiyası belə hesab edir.
Partiyanın yaydığı məlumatda bildirilir ki, Müsavat partiyası Divanının dekabrın 19-da keçirilən toplantısında AŞPA-da rüşvət qalmaqalı ilə bağlı iddialar müzakirə edilib.
“Avropa Stabillik Təşəbbüsü Təşkilatının apardığı araşdırmalar nəticəsində “kürü diplomatiyası”nda adı keçən, AŞPA-nın Xalq Partiyası Qrupunun sədri italiyalı deputat Luka Volonte-nin bəzi etiraflar etdiyi bildirilir”, məlumatda deyilir.
Buna da bax: Məmmədyarov: ‘Güclə sərhədlərin pozulması qəbuledilməzdir’
Müsavat Partiyası sözügedən məsələ ilə bağlı Azərbaycan hakimiyyətindən izahat tələb edib.
Partiya həmçinin ölkənin hüquq-mühafizə orqanlarını məsələni dərhal araşdırmağa çağırıb.
Bu ilin iyunda İtaliyanın “Il Fatto Quotidiano” və “La Provincia” qəzetlərində dərc edilən bir yazıda qeyd edilirdi ki, Azərbaycan hökumətinin 2013-cü ildə AŞPA-nın sədr müavini Luka Volonteyə təxminən 2 milyon 400 min avro rüşvət verdiyi bildirilir. İddia olunurdu ki, bunun nəticəsində deputat Christoph Ştrasserin Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatı qəbul edilməyib.
Buna da bax: AŞPA hakimliyə namizədləri ilk mərhələdə bəyənib
Luka Volonte-yə ölkəsində buna görə cinayət işi açılmışdı.
Prokurorların həmin vaxt açıqlanan ittihamında vurğulanırdı ki, rüşvət Azərbaycandakı «Baktelekom» MMC adlı telekommunikasiya şirkətinin kassasından mədaxil edilib. Pul köçürmələrində Britaniyanın «Polux Management LP» və Estoniyanın «Danske Bank»ı iştirak edib.
Dekabrın 18-də isə Avropa Sabitlik Təşəbbüsü təşkilatı “Kürü diplomatıyası” adlı araşdırmasının ikinci hissəsini açıqlayıb. İkinci hesabat “Avropa bataqlığı” adlanır.
Həmin hesabatda da sözügedən rüşvət olayından bəhs edilir.
Buna da bax: AŞPA prezidenti ölkələrin ərazi bütövlüyünü dəstəkləyib
Ancaq Azərbaycanda belə məlumatlar təkzib edilir. Hələ, bir müddət öncə deputat Rövşən Rzayev Azadlıq Radiosuna müsahibəsində bu deyilənləri cəfəngiyat adlandırmışdı:
“Başdan ayağa cəfəngiyatdır. Başdan ayağa yalandır. Bunların hamısı Ermənistanın xüsusi xidmət orqanlarının əməyi və fəaliyyəti nəticəsindədir. Özüm AŞPA nümayəndə heyətinin üzvüyəm. Ştrasserin hesabatı müzakirə olunarkən böyük gərginlik yaşanmışdı. Bu gərginlik nəticəsində də AŞPA-nın hesabatı Ştrasserin əleyhinə çıxdı. Orda elə hücum yoxuydu və ya heç ehtiyac yoxuydu ki, kiməsə o qədər məbləğdə rüşvət verəsən. Uydurmadır”.