Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Türkiyəli bloqqer: ‘İnsanlar ‘AKP-nin alternativi yoxdur’ qorxusundan qurtulublar...'


Ünsal Ünlü
Ünsal Ünlü

...indi fərqli alternativlərdən danışmaqdadırlar”

“Cümhur ittifaqı” adlandırılan fraksiyanın Məclisdə daha çox mandat qazanması mümkün görünmür. Həmin koalisiyanın bir sıra problemləri var. “Millət ittifaqı” adlandırılan ikinci ittifaq (burda CHP, İYİ, Səadət, Demokrat partiyaları birləşib) sanki bir az irəlidə kimi görünür. Ancaq son həftəyə giririk, şərtlər dəyişə də bilər”.

Türkiyəli jurnalist, videobloqqer Ünsal Ünlü AzadlıqRadiosu-na müsahibəsində iyunun 24-də keçiriləcək seçkilərdən danışır.

Ünsal bəy, 24 iyun seçkilərindən gözləntiniz nədir? Kim daha çox şanslıdır? İkinci tur olacaqmı?

Prezident seçkilərinin ikinci tura qalacağı qətiləşdi deyə bilərik. 16 ildir iqtidarda olan Recep Tayyip Erdoğanın bu seçkini ilk turda qazanacağı imkansız kimi görünməkdədir. O, ikinci tura qalacaq. Amma kiminlə qalacaq? Çünki ən çox səs alan iki namizəd ikinci tura qatılacaq. İndiki halda CHP - Cümhuriyyət Xalq Partiyasının namizədi Muharrem İncenin ikinci tura keçəcəyi gözlənir. Artıq o zaman ortamı koalisiya şərtləri müəyyənləşdirəcək. Onda isə seçkilərdə hansı nəticə çıxdığına baxmaq lazım olacaq. Türkiyədə AKP (Ədalət və İnkişaf Partiyası) ilə MHP-nin (Millətçi Hərəkat Partiyası) ortaqlığı iqtidarı qazanmaq üçün yetərli deyil. “Cümhur ittifaqı” adlandırılan ittifaqın Məclisdə daha çox kürsü qazanması mümkün görünmür. Həmin koalisiyanın bir sıra problemləri var. “Millət ittifaqı” adlandırılan ikinci ittifaq (burda CHP, İYİ, Səadət, Demokrat partiyaları birləşib) sanki bir az irəlidə kimi görünür. Ancaq son həftəyə giririk, şərtlər dəyişə də bilər.

Nəyə əsasən ikinci turun keçiriləcəyini güman edirsiniz?

Erdoğanın reytinqləri düşməyə başlayıb. Bunu illərcə onun mitinqlərini izləmiş biri olaraq deyirəm, qələbəlikdə coşqu yaratmaqda çox çətinlik çəkir. Halbuki 16 il boyu bütün mitinqlərdə, ən azından, qələbəliyi daha asanlıqla coşdura bilirdi. Bunda Türkiyədə iqtisadi durumun getdikcə pisləşməsinin, xalqın gəlirinin azalmasının da təsiri var. Erdoğanın reytinqinin partiyasınınkından yüksək olduğunu hər zaman bilirdik. Amma bu səfər AKP ilə Erdoğanın səsi arasında çox ciddi fərq var. Erdoğanın 40-42 faiz səs alacağı deyildiyi halda, lideri olduğu partiyanın 35-36 faiz səs alacağı gözlənir.

Recep Tayyip Erdoğan təcrübəli siyasətçidir, sizcə, reytinqini artıra bilmək üçün son həftədə hansısa gedişlər, sürprizlər edə bilərmi?

İndi Türkiyə Silahlı Qüvvələrinin PKK-nın mərkəzi Qəndildə bir əməliyyat keçirəcəyi gözlənir. Amma iqtidara yaxın qəzetçilərin, köşə yazarlarının yazdıqlarına görə Qəndil əməliyyatı belə lazımi həyəcanı yaratmır. İqtisadi baxımdan sıxıntı olduğundan Tayyib Erdoğanın çox böyük sürprizlər sərgiləyəcəyini düşünmürəm. Amma bu həftə seçki mühitinin bir az daha gərginləşəcəyini, sinirli bir atmosfer yaranacağını gözləyirəm. Ekstra sürpriz gözləmək isə düzgün olmazdı.

Sizcə, İYİ partiyasının lideri, bu seçkidə tək qadın namizəd Meral Akşenerin şanslarını necədir? O, gözləntiləri doğrulda bilirmi?

Türkiyədəki bu seçkilərin ən böyük bəlirləyicisi kürdlər olacaq. Kürdlərin səsini hansı siyasətçinin alması çox mühümdür. Meral Akşener xaricində bütün siyasətçilər kürd probleminin həlli üçün çözüm yolları təklif edirlər. Meral Akşener isə indiyə qədər kürd kəlməsini ağzına almadığından kürd seçicinin ona dəstək verməyəcəyi görünməkdədir. Amma Muharrem İncenin Diyarbəkir mitinqində bu dəstək aydın göründü. HDP-nin (Halkların Demokratik Partiyası) əski başqanı Selahettin Demirtaş da, partiyanın başqa liderləri də söylədilər ki, seçki ikinci tura qalacağı halda səslərini Muharrem İncəyə verəcəklər. Bu kampaniya ərzində Səadət partiyasının lideri Temel Karamollaoğlu da, Muharrem İnce də kürd problemindən danışdılar. Hər kəs bu mövzuya toxunur, bir Meral Akşener israrla bu haqda danışmır. Türkiyə miqyasında ondan gözlənən səsləri alacağını düşünmürəm.

Muharrem İncenin kürd siyasəti haqda nə düşünürsüz?

O bu haqda fikrilərini detallı açıqlamayıb. Sadəcə, uzun zamandır haqqında danışılan, ancaq mahiyyəti bəlli olmayan barışdırma fəlsəfəsindən söz açır. Bu məsələdə 2009-cu ildə başlanan bir demokratikləşmə siyasəti vardı, kürd seçicisinin dövlətə yaxınlaşdığını görmüşdük. Sonradan bu bağ qopdu. Artıq bu gün kürd seçici AKP-yə inanmır, Erdoğan da kürd seçiciyə yönəlik çıxış etmir, hətta HDP-ni tamam kənarlaşdırıb. Muharrem İnce bu boşluğu yaxşı doldurdu. Bu haqda siyasətini detallı açıqlamasa da, sadəcə, barışmaqdan danışır, bərabərhüquqlu yurtdaşlıqdan, barış layihəsi üzərindən gedəcəyindən danışır. O üzdən kürd seçici İnceyə müəyyən qarşılıq verə biləcək. Bundan sonra nə olacaq, tam bilmək mümkün deyil. Amma kürd seçicinin birinci turda səsini öz namizədi Selahettin Demirtaşa verəcəyini bilirik. Rəy sorğuları HDP-nin barajı aşdığını, 11 faiz səs alacağını göstərir. Belə olacağı təqdirdə Məclisdə 75-77 yer alacağı mümkündür.

Sizcə, ikinci tura Meral Akşener deyil, Muharrem İnce keçəcək?

Görünən budur ki, Muharrem İncenin daha çox şansı var. Əvvəldən israrla sağçı namizədin daha çox şansı olacağı söylənsə də, mitinq meydanları bunu göstərmədi. Tam tərsinə, Muharrem İncenin Türkiyədə orta və ya mərkəz sağcı seçicilərə daha simpatik gəldiyini gördük. O üzdən gedişat ikinci turda Tayyip Erdoğanın Muharrem İnceyle qalacağını göstərir.

Bunu nəyə əsasən deyirsiniz?

Akşenerin içindən çıxdığı Millətçi Hərəkat Partiyasının reytinqi Ədalət və İnkişaf Partiyasının reytinqindən yüksək deyil. MHP-dən AKP-yə gedəcək səs artıq getdi. Amma liberallların, köhnə baxışlı Ana Vətən Partiyasının, Demokrat Partiyasının səsləri bu an çox da sol dəyərlər üzərindən getməyən, mərkəzçi xətt yürüdən Muharrem İnceyə gedə bilər. Meral Akşenerin siyasətində əskik olan dediyim kimi kürd probleminə baxışını açıqlamamasıdır. Halbuki bu, ölkəni düşündürən ciddi problemdir, Türkiyə bu problemlə çox zaman itirdi, hardasa 45 il. Bu məsələ bir az da olsa Muharrem İnceni önə keçirir.

İyun seçkiləri Türkiyə tarixinə fərqli bir səhifə yazılmasına səbəb olacaqmı, sizcə?

Bu seçkinin nəticələrinin Türkiyə tarixində çox önəmli yeri olacağını düşünürəm. İlk dəfədir ki, insanlar “AKP-nin alternativi yoxdur” qorxusundan qurtulublar, indi fərqli alternativlərdən danışmaqdadırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG