Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 13:14

Rüstəm Muradov: '5 ildən sonra müddətin uzadılmasına qərar veriləcək'


Rüstəm Muradov

"Əlbəttə, çox mürəkkəb məsələlər var, amma proses gedir – adamlar qayıdır, bir sıra problemli məsələlər həll olunur".

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradov kontingentin regiondakı işini müsbət dəyərləndirib. O, TASS xəbər agentliyinə açıqlamasında bu haqda danışıb.

“Kontingentin işini yalnız müsbət dəyərləndirirəm. Bizə qiyməti dinc sakinlər verir – bu gün Qarabağda həyat tam axarı ilə davam edir. Əlbəttə, çox mürəkkəb məsələlər var, amma proses gedir – adamlar qayıdır, bir sıra problemli məsələlər həll olunur. Buna görə də hər şeyin normal olacağını düşünürəm”, – Muradov deyib.

Beş ildən sonra...

O, sülhməramlıların münaqişədən sonra regionda beş il qalacağını deyib. “Bundan sonra onların müddətinin uzadılması haqda qərar veriləcək”, – o, sözlərinə əlavə edib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsini və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

HRW:"Erməni qüvvələri məktəbləri hərbi hədəfə çevirmişdi"
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Atəşkəs razılaşmasının 4-cü bəndi

10 noyabr razılaşmasının 4-cü bəndində deyilir ki, sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və “müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.

Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi elə ilk gündən cəmiyyətdə birmənalı qarşılanmayıb. Bu il avqustun 12-də isə Azərbaycan Müdafiə Nazirliyi bu kontingentin öz funksiyalarını yerinə yetirməməsindən narahatlığını bildirib. Nazirlik bildirib ki, Ermənistan silahlı qüvvələrinin tam şəkildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Bundan sonra bəzi deputatlar Azərbaycanın öz ərazi bütövlüyünü qoruduğunu, heç bir sülhməramlıya ehtiyac olmadığını vurğulayıblar.

Rüstəm Muradovu bu postda general-mayor Mixail Kosobokov əvəz edəcək. O, 58-ci Ümumqoşun Ordusunun (Cənub hərbi dairəsi) komandan müavini vəzifəsində çalışıb. Vaxtilə o, Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Erməni köçkünlər üçün 650 ev tikiləcək

Xocavəndin Azıx (Azox), Zoğalbulaq (Draxtik), Şuşanın Daşaltı (Karın Tak) və Xocalının Çanaxçı (Avetaranots) kəndlərindən olan köçkünlər üçün 650 ev tikiləcək. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidməti (Azatutyun) Dağlıq Qarabağdakı separatçı rejimin başçısının mətbuat xidmətinə istinadla xəbər verir.

Separatçı rejimin başçısı Araik Arutyunyan evlərin tikildiyi Əsgəran rayonu ərazisində olub. Tikintinin Ermənistan hökumətinin ayırdığı vəsaitlə aparıldığı xəbər verilir.

Məlumata görə, ilk evləri 2022-ci ildə hazır olacaq, tikintinin 2023-cü ildə tamamlanacağı planlaşdırılır.

Azərbaycanın nəzarəti bərpa etdiyi rayonlardan ümumilikdə 9 mindən çox ailənin, yaxud 38 mindən çox adamın didərgin düşdüyü bildirilir.

XS
SM
MD
LG