Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 19:44

Deputat:'Heç bir sülhməramlıya, qeyri-sülhməramlıya və… ehtiyacımız yoxdur'


Azərbaycanın Qarabağ bölgəsi, müvəqqəti bölgədə yerləşən Rusiya sülhməramlıları

Avqustun 12-də Azərbaycan Müdafiə Nazirliyinin  açıqlamasında Qarabağda müvəqqəti yerləşdirildiyi bəyan edilən Rusiya sülhməramlılarının öz funksiyalarını yerinə yetirməməsi ilə bağlı narahatlıq ifadə olunub.

Sənəddə bildirilirdi ki, Ermənistan silahlı qüvvələrinin tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Həmçinin, qeyd olunur ki, Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

İndi Azərbaycanda bəzi müşahidəçilər hesab edirlər ki, Rusiya sülhməramlıları ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müddəalarını tam yerinə yetirə bilmirsə, onlar Azərbaycan ərazisindən çıxarılmalıdır, yaxut da onları digər ölkələrinin sülhməramlılarırı ilə əvəzləmək olar.

Bu mümkündürmü? Ümumiyyətlə Qarabağda sülhməramlı qüvvələr lazımdırmı?

«Onlar Rusiya sülhməramlıların himayəsi altında öz fəaliyyətlərini davam etdirirlər »

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov «Turan» Agentliyinə bildirib ki, 44 günlük müharibə başa çatandan indiyə qədər Azərbaycanın müəyyən ərazisində separatçı, özünü «Artsax» adlandıran bir qurum var:

«Bu gün də onlar Rusiya sülhməramlıların himayəsi altında öz fəaliyyətlərini davam etdirirlər. Bu, müstəqil dövlət üçün qəbul olunmaz bir faktdır. Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanatına əsasən öz üzərinə düşən missiyasını həyata keçirməliydilər. Bu separatçı qurum da, ona məxsus silahlılar ya Azərbaycana təslim olmalı, ya da ərazidən çıxmalı idi. Çox təəssüf ki, sülhməramlılar bu günə qədər bunu etmədilər».

Elman Məmmədov, 2017
Elman Məmmədov, 2017

Komitə üzvü düşünür ki, sülhməramlılar bunu etmək fikrində də deyillər:

«Əksinə onların dirçəlməsi, daha çox fəaliyyət göstərməsi üçün şərait yaradırlar ».

«Bu, artıq sülhməramlılıq deyil»

Onun fikrincə, bu, artıq sülhməramlılıq deyil:

«Mən qonşu Rusiya dövləti ilə Azərbaycan dövləti arasında olan çox gözəl tərəfdaşlığa kölgə salmaq fikrində deyiləm. Əksinə, istəyirəm ki, münasibətlərimiz daha yüksək səviyyədə inkişaf etsin və bu münasibətlərdə səmimi olaq, işğalçıları müdafiə etməyək».

E.Məmmədov qeyd edib ki, Azərbaycan müəyyən istisnalar olmaqla öz ərazilərini işğaldan azad edib :

«Azərbaycan öz sərhədlərini müdafiə edir və təhlükəsizliyini qoruyur. Ermənistan isə bu məqsədlərlə digər dövlətləri çağırır. »

«Azərbaycan özü, öz ərazi bütövlüyünü qoruyur»

Deputat daha sonra da deyib:

«Azərbaycan özü, öz ərazi bütövlüyünü qoruyur və heç bir sülhməramlıya, qeyri-sülhməramlıya və ya vasitəçiyə bizim ehtiyacımız yoxdur»

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan cəmiyyəti Rusiya sülhməramlılarılardan gələn gündən narazıdır:

«Laçın dəhlizindən silah, hərbçilər keçir, oranı aşsüzənə döndəriblər»

«Hakimiyyət də artıq narazılığını ortaya qoydu ki, sülhməramlılar səlahiyyətlərilə məşğul olmurlar, əksinə separatçılar ilə əməkdaşlıq edirlər, postların qurulmasına şərait yaradırlar. Laçın dəhlizindən silah, hərbçilər keçir, oranı aşsüzənə döndəriblər».

Ermənistanda hərbi təlimlər: Nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Ekspert hesab edir ki, Azərbaycan iki məsələni həll etməlidir:

«Azərbaycan Laçın dəhlizini nəzarətə götürməli və Qarabağda separatçıları tərksilah etməlidir. Hər iki məsələdə qarşıda Rusiya hərbçiləri dayanacaq. Açıq demək lazımdır ki, biz onlarla toqquşa bilmərik, əks halda Rusiya ilə münasibətlər gərginləşəcək. Amma onun bir yolu tapılmalıdır».

«Bir il keçib və Azərbaycan hələ 4 il gözləməlidir»

O, qeyd edib ki, indiki məqamda Azərbaycan Rusiya hərbçilərindən regionu tərk etməyi tələb edə bilməz :

«Çünki anlaşmada 5 illik müddət yazılıb. Bir il keçib və Azərbaycan hələ 4 il gözləməlidir. Amma bu müddətdən sonra elə şərait yaradılmalıdır ki, onlar bölgəni tərk etsin. Tərk etməsələr, bu Azərbaycan əbədi problem kimi qalacaq».

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

E.Şahinoğlunun fikrincə, başqa ölkələrinin sülhməramlılarının da Azərbaycana gəlməsi məsələsini də elə əvvəldən qoymaq olardı :

«İndi artıq gecdir. Amma bu da həll yolu deyil. Bundan Azərbaycana xeyr olmayacaq və yenə də Laçın dəhlizi nəzarətsiz qalacaq, separatçılar da çıxarılmayacaq. Heç bir sülhməramlı gəlib məsələni Azərbaycanın xeyrinə həll edən deyil. Yeganə yol Qarabağda başqa bir dövlətinin hərbçisinin olmamasıdır. Bu çətin məsələdir, amma Azərbaycan buna nail olmalıdır».

Bu fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Atəşkəs pozuntusuna Bakı və Tbilisidən hərbi ekspertlərin şərhi
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Xatırlatma

2020-ci il sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları adlandırılan hərbi qüvvə yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG