'Z nəsli' öncəki nəsillərin darıxdırıcı saydığı peşələrdən qazanır. "Fortune" maliyyə dərgisinin yaydığı hesabatda deyilir ki, "baby boomer" nəslindən milyonlarla insan, yəni 1946-1960-cı illərdə doğulanlar mühasibatlıqdan təqaüdə çıxarkən onların yerini "Z nəsli" doldurur. Söhbət ABŞ-dən gedir.
"Z nəsli" 1995-2012-ci illərdə, yəni rəqəmsal dövrdə doğulanlara deyilir.
"Fortune" yazır ki, bu nəsil mühasibatlıqda illik "altırəqəmli gəlir imkanı olduğunu anlayır".
Son beş ildə təxminən 340 min mühasib işindən ayrıldığından bu sahədəki boşluğu "Z nəsli" doldurmağa başlayıb. Bəziləri heç universiteti bitirməmiş bu sahədə addım atmağa başlayıb.
ABŞ Vergi Xidmətinin (IRS) VITA – "Könüllü Gəlir Vergisi Yardımı" proqramı aşağı- və ortagəlirli vergi ödəyicilərinə, eləcə də vergi bəyannaməsi doldurmaqda çətinlik çəkənlərə yardım göstərir. Proqram təxminən 50 il öncə Kaliforniya Dövlət Universitetinin Nortric kampusunda başlayıb. "Fortune" yazır ki, 2024-cü ildə həmin universitetin yüzlərlə tələbəsi 9 mindən çox azgəlirli amerikalıya yardım edib. Nəticədə bu amerikalılar təxminən 11 milyon dollarlıq vergini geri qaytara, 3.6 milyon dollarlıq vergi güzəşti əldə ediblər. Bu məbləğ böyük görünməyə bilər, amma artıq pulun nə ziyanı.
Gəncləri bu sahəyə cəlb edən həm də yüksək maaşdır. "Fortune" "Glassdoor" iş saytına istinadla yazır ki, ABŞ-də mühasib ildə orta hesabla 93 min dollar qazanır. Təcrübədən və çalışdıqları sahədən asılı olaraq bu rəqəm 122 min dollara qədər yüksələ bilər. Sertifikatlı İctimai Mühasib (CPA) isə ilə təxminən 200 min dollarlıq gəlir əldə edir.