Dünən, dekabrın 28-də vəkillər 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan bloqqer Mehman Hüseynovla görüşüblər.
" Turan" agentliyinin xəbərinə görə, bunu M.Hüseynovun vəkillərindən Şəhla Hümbətova bildirib.
“Amma xoş xəbrlərim yoxdur..."
Ş.Hümbətova deyib ki, görüşdə digər vəkil Fuad Ağayev də iştirak edib:
“Amma xoş xəbrlərim yoxdur, Mehmana dekabrn 26-da 10 günlük cəza təcridxanasına salınma qərarı çıxarılıb. O, şahid kimi dindirilib, daha sonra Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini tapdığı halda Mehmanı 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir”.
Vəkil : “Ə.Abdalova barmağının belə toxunmadığını deyir”
Ş.Hümbətovanın deməsinə görə, müəssisə rəhbərliyi M.Hüseynovu əməkdaşlardan Əli Abdalova zor tətbiq etməkdə ittiham edir.
“Amma məsələ burasındadır ki, M.Hüseynov bütün ittihamları rədd edərək Ə.Abdalova barmağının belə toxunmadığını deyir”-deyə vəkil M.Hüseynova istinadən söyləyib.
Vəkilin deməsinə görə, M.Hüseynovun sağlıq durumu da yaxşı sayıla bilməz:
“Artıq üçüncü gündür ki, qida, su qəbul etmir. Cəzaçəkmə müəssisəsinin əməkdaşları qoluna girərək onu gətirdilər. Səhhəti o qədər qaydasında deyil ki, cəzaçəkmə müəssisəsi əməkdaşları buraxan kimi M.Hüseynov özünü ayaq üstə saxlaya bilmədi. Nə qədər xahiş etdiksə də su, qida qəbul etmədi. Cinayət işini əsassız sayan M.Hüseynov buna cavab olaraq aclıq aksiyasını dayandarmayacağını bildirdi”.
“ Turan” İnformasiya agentliyi dünən, dekabrın 28-da Mehman Hüseynovun aclıq aksiyasına başlaması haqqında deyilənlərə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovdan da münasibət almışdı. O yalnız bunları demişdi:
“Aclıq edən şəxs digər məhbuslardan təcrid olunur, həkim nəzarətinə verilir. Eyni zamanda, qidanın qəbulundan imtina etmiş şəxs gərək qərarını əsaslandırsın. Əgər Mehmanla bağlı belə hal varsa, qanuni tədbirlər görüləcək”
Penitensiar Xidmət 315-ci maddə ilə cinayət işinin açıldığını bildirmişdi
Bloqqer Mehman Hüseynovla bağlı cinayət işi açılması haqqında məlumatı dekabrın 26-da Penitensiar Xidmət yaymışdı.
Məlumatda iddia edilirdi ki, dekabrın 26-da 14 Saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalov-un qanuni tələblərinə tabe olmayıb:
“Ona qarşı zor tətbiq etmiş, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirmiş, xidməti otaqda olan əşyaları dağıdaraq sındırmışdır”.
Məlumatda habelə vurğulanırdı ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanması qadağan olan 461 manat pul aşkar edilərək götürülüb.“Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılmışdır”, açıqlamada habelə yazılırdı.
Xatırlatma
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.