Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:46

Emin Hüseynov: 'Bu, Mehmana qarşı təxribatdır'


M.Hüseynov
M.Hüseynov

Hazırda mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynov həbsdə olan qardaşı Mehman Hüseynovla bağlı açılan yeni cinayət işini «təxribat» adlandırıb.

«Biz Mehmana qarşı belə bir təxribat gözləyirdik. Ona mart ayında (2019-cu ilin martı nəzərdə tutulur- red.) həbs müddəti başa çatsa da, azadlığa çıxmayacağı xəbərdarlığı etmişdilər», - deyə o, «Turan» agentliyinə bildirib.

E.Hüseynovun sözlərinə görə, M.Hüseynova deyiblər ki, bu ilin yayında anasının məzarı başında dedikləri ilə bağlı onun haqqında yeni cinayət işi açıla bilər.

«İttihamlar cəfəngiyatdır. Həbs şəraitində cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməyə kim inanar? Mehman Hüseynova qarşı cinayət işi başlayıblar, vəkillərinin belə xəbəri yoxdur. Bu, yeni saxta cinayət işi deməkdir»,- deyə E.Hüseynov bildirib.

Ancaq E.Hüseynov qardaşına konkret kimin xəbərdarlıq verdiyini açıqlamayıb.

Mehman Hüseynov anasının yasına buraxıldı
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

M.Hüseynovun anası Firəngiz Hüseynova bu il avqustun 5-dən 6-na keçən gecə vəfat edib. Onun bir oğlunun həbsdə, başqa bir oğlunun isə mühacirətdə olmasının səhhətinə pis təsir etdiyi deyilirdi.

M.Hüseynovun özü də anasının ölümü ilə bağlı onu sıxan sualların olduğunu ifadə etmişdi.

«Mənim üçün sual altındadır, anam necə oldu ki, birdən-birə dünyasını dəyişdi? Səhhəti yaxşılığa doğru gedirdisə, birdən birə necə oldu ki, bu baş verdi? Bütün bunlar mənim üçün sualdır, araşdırmaq lazımdır. Bir şey mənim üçün dəqiqdir, valideynlərlə məni sıxmaq, sındırmaq mümkün olan şey deyil. Mən dəmir kimi adamam», - M.Hüseynov anasının dəfni ilə bağlı müvəqqəti azadlığa buraxılarkən demişdi.

Onun qardaşı Emin Hüseynovun son açıqlamasına isə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Ancaq rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim tənqidi mövqeyinə, fəaliyyətinə görə təqib edilmir, siyasilərin, müstəqil jurnalistlərin yaxınları qohumluq əlaqələrinə görə basqılara məruz qalmırlar.

Vəkil M.Hüseynova yeni ittihama şübhə bəsləyir

«Görünür, bu yaxınlarda həbs müddəti başa çatacaq şəxsi azadlığa buraxmaq istəmirlər».

Azadlığa çıxmasına bir neçə ay qalmış haqqında yeni cinayət işi açılan bloqqer Mehman Hüseynovun vəkili Şəhla Hümbətova bunu «Turan» agentliyinə bildirib.

Vəkil M.Hüseynovla, hələlik, görüşə bilməsə də, ona verilən ittihamlara şübhə bəsləyir.

Ş.Hümbətova vurğulayıb ki, bu, məhkumu hansısa bir əməldə günahlandıraraq əlavə həbs cəzasına məhkum etmək ssenarisi də ola bilər.

«Penitensiar Xidmətin Mehman Hüseynovla bağlı açıqlaması, cəzaçəkmə müəssisəsinin əməkdaşına müqavimət və cəzaçəkmə müəssisəsində daxili qaydaları pozmaq haqqında ittihamlar bloqqerin azadlığa buraxılmaması məqsədinin sadəcə təfərrüatları da ola bilər...»,-deyə vəkil bildirib.

Vəkil vurğulayıb ki, hazırda bloqqerlə görüşə yollanıb. Görüş baş tutarsa, bununla bağlı məlumat verəcək.

M.Hüseynova həbsdə yeni cinayət işi açılıb

Bloqqer Mehman Hüseynova yeni cinayət işi açılması haqqında məlumatı dekabrın 26-da Penitensiar Xidmət yaymışdı. Məlumatda iddia edilirdi ki, dekabrın 26-da 14 Saylı Cəzaçəkmə Müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı M.Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayıb: «Ona qarşı zor tətbiq etmiş, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirmiş, xidməti otaqda olan əşyaları dağıdaraq sındırmışdır».

Məlumatda vurğulanırdı ki, M.Hüseynovun üzərində axtarış aparılan zaman saxlanması qadağan olan 461 manat pul aşkar edilərək götürülüb.

«Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılmışdır», açıqlamada habelə yazılırdı.

Bu maddə üzrə ittiham edilən şəxsə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Azərbaycanda cəzaçəkmə müəssisələrində bundan öncə də bir sıra siyası məhbus sayılan şəxslərə azadlığa çıxmalarına az qalmış yeni ittihamlar verilib. Onların həbs müddətləri artırılıb. Belə siyahiya jurnalist Eynulla Fətullayev, keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müşaviri Məmməd İbrahim və bir neçə inanclı fəal daxildir.

Azərbaycan rəsmiləri isə ölkədə insanların tənqidi mövqe və siyasi baxışlarına görə şərlənməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Amma hakimiyyət rəsmiləri bildirir ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG