Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:51

MTRŞ: 'RealTV-nin lisenziyasının alınmasını istəyənlər varsa...'


M.Ağayev
M.Ağayev

RealTV-nin baş direktoru Mirşahin Ağayevin aprelin əvvəlində «Mirşahinin vaxtı» verilişində dedikləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi müxalifətçilərin adlarını çəkən M.Ağayevin fikrincə, «belələrini cəmiyyət bir zamanlar Çernışevskinin məruz qoyulduğu tənbeh növünə məhkum etsin».

Son günlər baş verən bir neçə hadisədən sonra jurnalistin dedikləri gündəmdədir. Məsələn, Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Facebook-da yazır: «Son günlərdə müxalifətçilərə qarşı qırmızı xətlərin keçilməsi ilə atılan addımlar - Fuad Qəhrəmanlının məktəbli qızının küçənin ortasında YAP-çı tərəfindən döyülməsi, Şamil Hacıbəylinin qızı ilə Ruslan Nəsirlinin toyuna yaradılan maneələr məhz həmin direktivin nəticəsi idi».

MTRŞ: «Lisenziyanın alınmasını istəyənlər varsa...»

M.Ağayevin efirdən səsləndirdiyi fikirlərə görə RealTV-nin lisenziyadan məhrum edilməsini istəyən, Milli Televiziya və Radio Şurasının məsələni araşdırmasını tələb edənlər də var.

AzadlıqRadiosu bununla bağlı MTRŞ ilə əlaqə saxlayıb. Qurumun aparat rəhbəri Asəf Hacıyev həmin süjetə baxmadığını və buna görə də rəy bildirməyəcəyini söyləyib: «Lisenziyanın alınmasını istəyənlər varsa, MTRŞ-a rəsmi müraciət etməlidirlər. O zaman məsələyə baxıla bilər. Amma mən izləmədiyim süjet haqda fikir deyə bilmərəm».

AzadlıqRadiosunun əməkdaşı A.Hacıyevə konkret sitatı oxusa belə o, buna M.Ağayevdən münasibət öyrənməyi məsləhət görüb.

Mirşahin Ağayevsə zənglərə cavab verməyib.

Ə.Məmmədli
Ə.Məmmədli

Ələsgər Məmmədli: «Ölçü götürülməlidir»

«Aprelin 7-də səsləndirilən fikirlərə MTRŞ-nin indiyədək reaksiya verməməsi çox düşündürücüdür. Şura monitorinqlər aparır. Dövlət ona sistemli şəkildə maliyyə buraxır ki, nifrətə yol verən, şərəf və ləyaqəti aşağılayan, başqalarının hüquqlarının pozulmasına çağırış edən görüntülərə yol verilməsin. Bu, Şuranın, «Teleradio yayımı haqqında» Qanunun tələblərinə ziddir və ölçü götürülməlidir», – media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli söyləyir.

O deyir ki, qanunvericiliyin tələbinə görə, həmin qurumun inzibati qaydada cərimə olunmasıyla yanaşı, lisenziyasının hüquqi qüvvəsinin yenidən nəzərdən keçirilməsi də tələb edilə bilər. Hüquqşünas bugünlərdə müğənnilərin efirdə söyüş söymələrinə görə TV-nin cərimələndiyini xatırladır və analitik proqramda belə çağırışların daha təhlükəli olduğunu düşünür.

Ekspert jurnalistin dilindən səslənən həmin fikrin nifrət aşıladığını bildirir və «mediada nifrət çıxışına yol vermək olmaz» deyir. O əlavə edir ki, lisenziya peşəkar qurumlara verilir və onlardan ilk növbədə istər hüquqi, istərsə də etik aspektdən peşəkarlıq tələb olunur.

«Belə bir proqramda hansısa təbəqənin və ya keçmişdə idarəetmədə olmuş, hazırda isə bir suçlu kimi yox, tam əksinə – cəmiyyətin bərabərhüquqlu vətəndaşı olan insan üçün belə ifadələr işlətmək, diskriminasiyaya məruz qoymaq yönündə çağırış etmək birbaşa nifrət nitqidir. Nifrət nitqi çox yanlış nəticələrə apara bilər. Bugünlərdə atası-anası müxalifətçi olan bir qızın (azyaşlı olduğu üçün adını çəkmirəm) küçənin ortasında bir özünübilməz tərəfindən döyülməsi, söyülməsi onu göstərir ki, nifrət nitqinə xüsusən media və siyasətçilər yol verməməlidir. Bu, qartopu effekti yaradır, asayışə, insan münasibətlərinə zərər verir», – deyən Ə.Məmmədli 30 ildən çox jurnalistikada olan M.Ağayevin dilindən belə çağırışın səslənməsinin ikiqat yolverilməz olduğunu söyləyir.

Q.Məhərrəmli
Q.Məhərrəmli

Q.Məhərrəmli: «Təəssüf ki, indi opponentsiz tənqid çoxalıb»

Telejurnalist Qulu Məhərrəmli sözügedən hadisəyə təəssüflənir. Amma o, bunun yeni məsələ olmadığını, daha öncə başqa telekanallarda da oxşar situasiyaların baş verdiyini, RealTV-də isə «yeni layda çağırış»ın özünü göstərdiyini də bildirir. Jurnalist belə «zərərli çıxışlar»ın çağırış edənlərin özlərinə nifrət yaratdığını da qeyd edir.

Q.Məhərrəmlinın qənaətincə, baş verənlər efir etikasına uyğun deyil və efirdə məsuliyyəti dərk etmək gərəkdir.

«Efirdə istədiyimiz adamları tənqid edirik. Təəssüf ki, indi opponentsiz tənqid çoxalıb, birtərəfli yanaşma baş alıb gedir. Belə davranışlar həm efirin, həm telekanalın, həm də jurnalistin imicini ciddi şəkildə korlayır», – telejurnalist söyləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG