Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:17

MSK şikayətlərin bir qismini təmin edib, bəzilərini isə əsassız sayıb


MSK, arxiv foto
MSK, arxiv foto

12 saylı Dairədə 11 məntəqənin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının bu gün, fevralın 23-də keçirilən iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən namizədliyi qeydə alınan Natiq Cəfərli və Elman Quliyevin müraciətinə baxılıb.

Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, iddiaçıların müraciəti eyni məzmunlu olduğundan və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin eyni məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

“Natiq Cəfərov ( Cəfərli) və Elman Quliyev bildirib ki, dairə üzrə seçki məntəqələrində seçki günü seçki qanunvericiliyinin pozulması halları baş verib. Natiq Cəfərov araşdırma üçün 1 ədəd elektron məlumat daşıyıcısı və 23 ədəd protokol təqdim edib...”

Natiq Cəfərli
Natiq Cəfərli

Onun deməsinə görə, araşdırma zamanı müəyyən edilib ki, Natiq Cəfərlinin təqdim etdiyi 23 protokoldan 8-də məlumatlar uyğunsuzluq təşkil edir:

“ Həmin 8 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb. Digər mübahisələndirilən seçki məntəəqlərində qeyd edilən qanun pozuntuları öz təsdiqini tapmayıb. Təklif edirəm ki, qanun pozuntuları baş verən 6, 9, 10, 23, 25, 27, 28, 29 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın və şikayətçilərin müraciəti qismən təmin edilsin”.

Seçki məntəqəsində döyülən Jalə Bayramova başına gələnləri danışır
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Amma bu dairə üzrə nəticələrin ləğvi üçün yetərli olmayıb

MSK müraciətləri müzakirəyə çıxarıb və yekunda 11 məntəqədə səsvermənin nəticələrinin ləğvinə qərar verib. Bunlar 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31 saylı seçki məntəqələri olub.

Bu dairədə lider namizəd Səbinə Xasıyevadır. 11 məntəqədə səsvermənin nəticəsinin ləğvi dairə üzrə nəticənin ləğvindən ötrü yeterli olmayıb.Qnunverciliyə görə, bundan ötrü məntəqələrin beşdə iksinin nəticələri ləğv edilməlidir.Dairədə 37 məntəqə var.

Natiq Cəfərli daha 4 məntəqənin nəticələrinin ləğvini tələb edir

Natiq Cəfərli bildirib ki, daha 4 məntəqənin nəticəsi ləğv olunmalıdır. "Biz məhkəməyə müraciət edəcəyik və 4 məntəqənin nəticəsinin ləğv edilməsinə nail olmağa çalışacağıq", deyə o qeyd edib.

Onun bu açıqlamasına, hələlik, Səbinə Xasıyevadan münasibət almaq mümükn olmayıb.

Daha bir məntəqədə...

Gülağa Aslanlı, 19 noyabr 2009
Gülağa Aslanlı, 19 noyabr 2009

MSK-nın fevralın 23-də keçirilən iclasında 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınmış Qorxmaz İbrahimli və Gülağa Aslanlının müraciəti əsasında da bir məntəqnin nəticələri etibarsız sayılıb.

Bu qərar da şikayətçi tərəfi tam qane etməyib.

MSK-ya görə, bu dairədən lider namizəd dalbadal bir neçə çağırış Milli Məclisin üzvü olan Madər Musayevdir.

Mərkəzi Seçki Komissiyasının fevralın 23-də keçirilən iclasında 43 saylı Sumqayıt Üçüncü, 11 saylı Qaradağ və 34 saylı Xətai İkinci seçki dairələri üzrə verilən şikayətlər isə tam təmin edilməyib.

Daha 11 məntəqədə nəticə etibarsız sayılıb

Seçki məntəqəsi
Seçki məntəqəsi

Bir dairədə də yenə 11 məntəqənin nəticəsi ləğv edilib, amma yenə lider namizəd dəyişməyib.

MSK 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınmış Aytən Qurbanova, Kamil Müsavi və digərləri-nin müraciətinə də baxıb.

Bu barədə MSK üzvü Bəxşeyş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, müraciətlər dairə üzrə eyni seçki məntəqələrini əhatə etdiyindən və eyni məzmunda olduğundan bir icraatda birləşdirilib: “Araşdırma zamanı müvafiq dairədən bütün sənədlər tələb olunub. Müəyyən edilib ki, DSK araşdırma apararkən hərtərəflilik prinsipinə qismən əməl edib. 4, 5, 8, 13, 15, 23, 27, 32, 35, 37, 39 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə təsir edə biləcək qanun pozuntuları aşkar edilib. Qeyd etdiyim seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.

İclasda təklif səsə qoyularaq qəbul edilib, 11 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.

MSK-ya görə, bu dairədə lider namizəd Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. Lider namizəd dəyişməyib.

Bu qərara, hələlik, tərəflərin münasibətini almaq mümkün olmayıb.

Həmin dairədə isə 42 məntəqə var.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb. Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb.«Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... Səslərin hesablanması prosesi müşahidə aparılan məntəqələrin yarısından çoxunda mənfi olaraq qiymətləndirilmişdir ki, bunun da səbəbi seçki qutularının açılmasından əvvəl mütləq olan prosedurların aşkar gözlənilməməsi və şəffaflığın məhdudlaşdırılması idi», - rəydə vurğulanıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər verilməyə başlanıb. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq . Bundan sonra dörd dairədə nəticələr ləğv edilib. Habelə fevralın 23-nə kimi 20-dən çox dairədə ümumilikdə 60-dan çox məntəqənin də nəticəsi etibarsız sayılıb. Amma onlar dairələr üzrə yekun nəticələrə təsir etməyib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Müxalifətdən bəzi qüvvələr isə bu seçkiləri boykot etmişdilər. Onlar hesab edirlər ki, Azərbaycanda azad və ədalətli seçkilər üçün şərait yoxdur.

Rəsmilər bu mövqeyi bölüşmürlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG