Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 03:14

Mövsüm Səmədov: 'Niyyət məni yenidən həbsxanaya qaytarmaq idi'


Mövsüm Səmədov

İyulun 17-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun Qobustandakı qapalı həbsxanaya köçürülməsi barədə qərardan şikayətinə baxılıb. Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib. İlahiyyatçının saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsindən Qobustana köçürülməsi haqda Qaradağ Rayon Məhkəməsinin qərarı qüvvəyə minib.

Məhkəmədə Mövsüm Səmədovun vəkili Yalçın İmanov deyib ki, Qaradağ Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmə ilahiyyatçının 12 saylı cəzaçəkmə müəssisəsində qaydaları pozduğunu əsas gətirərək, ona tətbiq olunan tənbeh qərarlarına istinad edib. Müdafiəçinin fikrincə, həmin tənbehlərin özü də qərəzli və əsassız olub:

***Buna da bax-Vəkil: 'Mövsüm Səmədova təzyiqlər var'

«Mövsüm Səmədov 12 saylı cəzaçəkmə müəssisəsində olduğu 7 aya yaxın müddətin 4 aydan çoxunu cərimə təcridxanasında, kamera tipli otaqda keçirib. Onun haqqında heç bir əsas olmadan, aşkar bəhanələrlə inzibati tənbeh tədbirləri görülüb və hazırda başqa məhkumlardan təcrid vəziyyətdə saxlanılır. Mövsüm Səmədovun cəzalandırılması onun siyasi hakimiyyətə müxalif fəaliyyəti ilə bağlıdır».

«CƏZALANDIRILMAĞIMLA BAĞLI QƏRARLAR ARDICIL VƏ SİSTEMLİ XARAKTER DAŞIYIR»

İlahiyyatçının özü də 12 saylı cəzaçəkmə müəssisəsində saxlandığı müddətdə heç bir qayda pozuntusuna yol vermədiyini məhkəmədə dilə gətirib:

«Cəzalandırılmağım haqda qərarlar ardıcıl və sistemli xarakter daşıyır. Bu da həmin addımların hansısa qüvvələrin sifarişiylə və qərəzlə həyata keçirildiyini göstərir. Niyyət də məni yenidən həbsxanaya qaytarmaqla cəzalandırmaq idi».

Hakimlər qısa müşavirədən sonra həbsxanaya köçürülmə qərarının dəyişdirilmədən qüvvədə saxlandığını elan ediblər.

***Buna da bax-Cəzaçəkmə müəssisəsi: 'O, radikal şiə cərəyanı mövzusunda söhbətlər aparır'

Vəkil Y.İmanov AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

XATIRLATMA

M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyəti ələ keçirmək və başqa ittihamlarla saxlanıb. O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 illiyə Qobustandakı qapalı həbsxanaya köçürülüb. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb.

O, ötən il noyabrın 28-də 12 saylı həbsxanaya qaytarılıb və elə həmin gün 15 günlük cərimə kamerasına (karsa) salınıb. Ardınca müəssisə rəhbərliyi onun yenidən Qobustandakı qapalı həbsxanaya göndərilməsi barədə təqdimat verib. Qaradağ Rayon Məhkəməsi həmin təqdimatı təmin edib.

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindar hüquqlarının pozulmasına görə kəskin tənqidə tuturdu. O, ötən ilin avqustunda Konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG