Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:10

Cəzaçəkmə müəssisəsi: 'O, radikal şiə cərəyanı mövzusunda söhbətlər aparır'


Mövsüm Səmədov
Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun cəza rejimi dəyişdirilib. İlahiyyatçı cəzaçəkmə müəssisəsindən üç illik həbsxanaya köçürüləcək.

Bu haqda mayın 14-də Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Məmmədov qərar çıxarıb. Qərar Mövsüm Səmədovun saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədovun təqdimatı əsasında verilib.

Buna da bax:​ Türmə rəisinin otağında ilahiyyatçıya məhkəmə qurulub

İSLAHOLUNMAZ MƏHKUM...

Mövsüm Səmədovun özünün də iştirak etdiyi məhkəmədə cəzaçəkmə müəssisəsini əməliyyat şöbəsinin rəisi Namiq Əliyev təmsil edirdi. O, rəisin təqdimatını müdafiə edib. Təqdimatda yazılıb ki, M. Səmədov islaholunmaz məhkumdur, müəssisədə radikal şiə cərəyanı mövzusunda söhbətlər aparır, başqa məhbusları müəssisənin əməkdaşlarına qarşı çıxmağa sövq edir və s.

Mövsüm Səmədovun vəkili Yalçın İmanov rəis Rauf Məmmədovun özünün məhkəmədə iştirakını istəyib. Bildirib ki, rəisin cavablamalı olduğu suallar var: “Mövsüm Səmədov 13 saylı cəzaçəkmə müəssisəsinə daxil olandan sonra onun haqqında verilmiş doqquz tənbeh tədbirinə dair qərarlarda onun baş örtüyünü çıxarmadığı, nəzərdə tutulmayan yerdə namaz qılması, müəssisədə abadlıq işlərində iştirak etməməsi, yataq dəstini yerə atması kimi səbəblər göstərilib. Amma müəssisə rəisinin 20 mart 2017-ci il tarixli qərarında konkret olaraq, Mövsüm Səmədovun dövlət əleyhinə söhbətlər apardığı və müəssisədəki məhkumlar arasında dini təbliğat apardığına görə cəzalandırıldığı qeyd olunur. Bu qərar da digərləri ilə ziddiyyət təşkil edir, onları şübhə altına almağa əsas verir”.

Buna da bax: Vəkili Mövsüm Səmədovun həyatından narahatdır

Amma məhkəmə vəsatəti təmin etməyib.

“QƏRƏZİN NƏTİCƏSİ”

Vəkil həmçinin ilahiyyatçının cəzaçəkmə müəssisəsinin əməkdaşlarına qarşı çıxmağa sövq etdiyi iddia olunan iki məhkumun, onun haqqında xasiyyətnaməni imzalamış müəssisə əməkdaşlarının da dindirilməsi haqda vəsatətlər qaldırıb. Vəsatətlər təmin olunmayıb.

Məhkəmədə M. Səmədov özü də çıxış edib. Heç bir qanun pozuntusuna yol vermədiyini deyən ilahiyyatçı baş verənləri qərəzin nəticəsi adlandırıb: “Bu qərəzin müəssisə rəhbərliyi, yoxsa daha yuxarı səviyyədə olduğunu bilmirəm. Amma hər bir halda, qərəz ortadadır. Mən heç bir qanun pozuntusuna yol vermədiyim halda, haqqımda ardıcıl olaraq, cəza, tənbeh qərarlarının verilməsi də bunun nəticəsidir”.

Səhhətindəki problemlərdən danışan Mövsüm Səmədov deyib ki, qaraciyərində ağrılar var, immuniteti daha da zəifləyib. İlahiyyatçının sözlərinə görə, hətta yaxınlarının müəssisəyə gətirdiyi dərmanları da ona vermirlər.

Buna da bax:​ Penitensiar Xidmət: 'Mövsüm Səmədov nizam-intizama tabe olmalıdır'

Yalçın İmanov AzadlıqRadiosu-na deyib ki, Qaradağ Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

XATIRLATMA

M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlama, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Elə həmin gün də 15 günlük cərimə kamerasına (kars) salınıb. 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılandan sonra M.Səmədova bir neçə dəfə «kars» və başqa cəzalar verilib.

Buna da bax:​ Mövsüm Səmədovun durumunun kritik olduğu bildirilir

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG