Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:31

Mövsüm Səmədovun durumunun kritik olduğu bildirilir


Mövsüm Səmədov
Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının sədri, hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Mövsüm Səmədovun vəkili Yalçın İmanov onun durumunun kritik olduğunu deyir. Müdafiəçi M.Səmədovun saxlanma şəraiti, müəssisə rəhbərliyinin ona qarşı münasibəti ilə əlaqədar Beynəlxalq Qırmızı Xaş Komitəsinə, Ombudsman Aparatına və cəzaçəkmə müəssisələrinə nəzarət edən Ədliyyə naziri yanında İctimai Komitəyə müraciət edib.

MƏHBUSUN DÖYÜLMƏSİNƏ ETİRAZ EDİB

Martın 27-də cəzaçəkmə müəssisəsində M.Səmədovla görüşən vəkil ilahiyyatçının iki aylıq cəzalandırılmasının səbəbini də öyrənib. Y.İmanov AzadlıqRadiosuna məsələ ilə bağlı bunları deyib: «Mövsüm Səmədovun mənə danışdığına görə, onu martın 18-də üç günlük «kars»a (cərimə kamerası) salıblar. Əsas kimi isə onun dustaqların saxlandığı ümumi yataqxanada namaz qılması göstərilib. Bayram günlərini də «kars»da keçirib. Elə bayram axşamı – martın 20-də qonşu «kars» otağına yaşlı bir məhbusu gətirib şiddətlə döyüblər. Deyir, elə döyürdülər ki, səsi hər tərəfi bürümüşdü. Mövsüm Səmədova bu hadisə pis təsir edib, qapını döyüb deyib ki, heç olmasa, bayram günü adamlara bunu eləməyin. Bu hərəkəti müəssisə əməkdaşlarını qəzəbləndirib, martın 21-də onu rəisin yanına aparıblar. Ardınca da iki ay kamera tipli otağa keçirilməsi barədə qərar qəbul olunub».

Y.İmanov deyir ki, M.Səmədova bu cəzanın verilməsi haqda qərarda səbəb kimi onun üzərində axtarış aparılmasına etiraz etməsi göstərilib. M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsinə gəldiyi dörd ayda dörd dəfə «kars»a salınıb. İlahiyyatçı vəkilinə deyib ki, 6 il 3 aydır həbsdədir, bu müddətin cəmi 2 il 5 ayını açıq havada olub. Qalan vaxtlarda ya Qobustandakı qapalı həbsxana rejimində, ya cəza kameralarında saxlanıb. Vəkil onun səhhətində də ciddi problemlərin olduğunu, daim açıq havada gəzməli olduğunu vurğulayır.

Yalçın İmanov
Yalçın İmanov

«RAUF MƏMMƏDOV MƏNİ DƏ İTTİHAM ETDİ»

Y.İmanov 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Rauf Məmmədovla da görüşərək, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı belə münasibətin səbəbləri ilə maraqlanıb. Vəkil deyir ki, müəssisə rəisi onun özünü də ittiham edib: «Rauf Məmmədov gizlətmədi ki, ardıcıl cəzaların məqsədi Mövsüm Səmədovu yenidən Qobustan həbsxanasına qaytarmaqdır. Ona qarşı münasibəti isə belə izah etdi ki, Mövsüm Səmədov Azərbaycan dövlətini sevmir, buna görə də onun cəzalandırılması tamamilə qanunidir, əsaslıdır. Onun fikrincə, nəinki Mövsüm Səmədov, hətta onun vəkili olaraq, mən də Azərbaycan dövlətini sevmirəm. Hüquqlarını müdafiə etdiyim şəxsin kamera tipli otağa keçirilməsinin qanunsuz olduğunu iddia edirəmsə, deməli, mən Azərbaycan dövlətini sevmirəmmiş. Yəni, mənim haqqımda belə bir gülməli, ağlagəlməz iddiada bulundu».

Vəkil yerli və beynəlxalq təşkilatlara, hüquq müdafiəçilərinə müraciət edərək, onları 12 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olub M.Səmədovla görüşməyə çağırır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə Mövsüm Səmədovun cəzalandırılması ilə bağlı məsələyə münasibət bildirərkən bunları deyib: «Biz vəkilin nə deməsinə şərh vermirik. Amma məhkum kimliyindən asılı olmayaraq, cəza çəkdiyi müəssisənin nizam-intizamına tabe olmalıdır. Bu nizam-intizam pozulduqda, daxili qaydalara görə, müəssisə rəhbərliyi cəzalar tətbiq edir».

M.Sadıqov deyir ki, əgər məhkum verilən cəzanı haqlı saymırsa, bundan şikayət etmək hüququ var: «Məhkum Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin müəyyən strukturlarına, nəhayət, məhkəməyə şikayət verə bilər».

XATIRLATMA

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 illiyə Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.

Mövsüm Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG