Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 08:09

Vəkil Yalçın İmanov 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədova qarşı yeni təzyiq halları haqqında danışıb.

O, Səmədovun həyat və sağlamlığına görə narahatlığını ifadə edib.

AİP fəalları, o cümlədən Səmədov 2011-ci ilin yanvarında həbs ediliblər. Onlar terrorçuluqda, hakimiyyəti zorla ələ keçirməyə cəhddə və digər cinayətlərdə ittiham olunublar.

M.Səmədov 12 il azadlıqdan məhrum edilib. 2014-cü ilin payızında onun saxlanma şəraiti ağırlaşdırılıb və iki il müddətinə Qobustan həbsxanasına göndərilib. 2016-ci il noyabrın 28-də o, əvvəllər saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb və ertəsi gün dərhal onu 15 günlük karserə, sonradan da bir neçə dəfə cəza kamerasına salıblar.

Bu əsaslardan irəli gələrək iyunun 14-də Qaradağ rayon Məhkəməsi cəzaçəkmə müəssisəsi rəhbərliyinin M.Səmədovun yenidən Qobustan həbsxanasına köçürülməsi haqqında təqdimatını təmin edib. Amma Apellyasiya Məhkəməsinin qərarı çıxana qədər Səmədov cəzaçəkmə müəssisəsində saxlanılır.

ÜZƏRİNDƏN İP ÇIXIB

İyulun 1-də vəkil Y.İmanov cəzaçəkmə müəssisəsində Səmədovla görüşdüyünü, onun yenidən 10 günlük karserə salındığını və oradan iyunun 30-da çıxdığını öyrənib.

Vəkilin sözlərinə görə, AİP lideri məhbuslardan birinin karserdə əlləri və ayaqları bağlanmış şəkildə saxlanıldığını öyrənib. O və digər məhbuslar nəzarətçilərdən həmin şəxsin əl-ayağının açılmasını xahiş ediblər. Amma cəzaçəkmə müəssisəsinin rəhbərliyi M.Səmədovun əməllərində «daxili intizam qaydalarının pozuntusu» olduğuna görə onu 10 günlük karserə salıb.

Karserdən çıxdığı günün ertəsi isə kamerada yoxlama zamanı onun üzərindən ip çıxması haqqında akt tərtib edilib. Y.İmanovun sözlərinə görə, əslində bu, kiçik «Quran» kitabını asmaq üçün incə ip olub. Akt tərtib edilməsinə baxmayaraq, hələlik M.Səmədova hansı cəzanın veriləcəyi məlum deyil.

«Səmədovun qapalı həbsxanaya köçürülməsi haqqında qərar qəbul edildikdən sonra belə onu rahat buraxmırlar. Cəzaçəkmə müəssisəsində cərimə, intizam cəzası tədbirlərinin davam etməsi suallar, M.Səmədova qarşı yeni planların və təhlükələrin ola biləcəyi haqqında ciddi şübhələr doğurur», - deyən vəkil müvəkkilinin həyat və sağlamlığına görə narahat olduğunu bildirib.

Penitensiar Xidmətdən hələlik şərh almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG