Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:45

Məmurlar və oliqarxlar Moskvanın zibil biznesini necə bölüşdürüblər [Video]


Zibil biznesi
Gözlə
Embed

No media source currently available

0:00 0:02:44 0:00

Zibil biznesi

Moskva ətrafında - Volokolamskdakı zibilxana ilə bağlı problemin həllinin ləngiməsində məmurların maddi maraqlarının da rolu ola bilər.

Bunu Azadlıq Radiosunun rus dilində TV layihəsi olan "İndiki zaman" yazır.

Zibil biznesinin gəlirli iş olduğunu hamı bilir, amma nə dərəcədə gəlirli olmasını bilən azdır.

Moskvanın zibil biznesini bir neçə il əvvəl məmurlar və oliqarxlar öz aralarında bölüşdürüblər.

Bu, səssiz-küysüz baş verib : Sergey Sobyaninin Moskva meri vəzifəsinə gəlməsindən sonra.

Sobyanin qərara gəlir ki, zibil problemini birdəfəlik həll etmək, bu işdə nizam-intizam yaratmaq üçün şəhərin hər bir rayonunun zibilini yığıb daşımağı yalnız bir şirkətə həvalə etsin. Şəhərin büdcəsindən həmin şirkətə yaxşı pul ödənsin.

"Böyük oyunçuların" biznesin bu sahəsinə marağı da onda yaranır.

"Artıq adamları" çıxdaş etməyə qərar verilir. Podmoskovyenin qubernatoru Vorobyov prezident Putinə məktub yazaraq zibilxanaların yarısını bağlamağı xahiş edir.

Putin sərəncam verir və beləcə, zibilxanaların sayı kəskin azalmağa başlayır. "Vorobyov siyahısına" hətta bütün sənədləri qaydasında olan, yaşayış məntəqələrindən uzaqda yerləşən, sakitcə işini davam etdirə biləcək zibil poliqonları da düşür.

Amma neyləyəsən - prezident göstəriş veribsə, bağlanmalıdır.

Buna da bax: Putinin qızları necə milyarder oldu

2012-2014-cü illərdə Moskva meriyası 9 tender keçirir. Nədənsə həmin tenderlərdə əvvəlki şirkətlərdən heç biri iştirak etmir. 5 yeni şirkət peyda olur.

Nəticədə onlar Moskvanın zibil biznesini öz aralarında bölürlər.

Onlarla 15 illiyinə 9 yeni müqavilə bağlanır: 145 milyard rubl dəyərində.

"Yağlı tikə"yə sahiblənən şirkətlərdən biri də "Xartiya" olur.

Rəsmi olaraq şirkətin rəhbəri Aleksandr Tsurkan idi. Amma əslində şirkəti Rusiya baş prokurorunun oğlu İqor Çayka idarə edirdi. Yalnız ötən il o, şirkətin səhmlərinin 60 faizinə sahib olmasını rəsmiləşdirib.

2015-ci ildə 40 milyardlıq müqaviləyə sahiblənən "MKM loqistika" şirkətinin səhmlərinin sahibi 3 ofşor şirkətidir: Bu şirkətlərdən ikisi Kiprdə, biri isə Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçib.

Kiprdəki ofşorlardan biri oliqarx Roman Abramoviçlə bağlıdır.

Rusiyada fəaliyyət göstərən "Korrupsiya ilə Mübarizə" Fondunun məlumatına görə, zibil poliqonları ilə bağlı başqa bir tenderi də "Ekolayn" şirkəti udub.

Fond həmin şirkətin keçmiş nəqliyyat naziri ilə əlaqəli olduğunu bildirir.

Başqa bir şirkət - "Spetstrans" isə prezident Putinin dostu Sergey Çemezovla bağlıdır.

Zibil biznesindəki yeni oyunçular işə mümkün qədər çox gəlir qazanmaq istəyilə başlayıblar və belə görünür ki, eokoloji, tibbi normalar, qaydalar onları xüsusi maraqlandırmır.

Nəticədə prezident Putinin göstərişi ilə bağlanmış zibilxanalardakı zibil çürüməyə, ətrafa zərərli qazlar buxarlanmağa, torpağa zəhərli tullantılar sızmağa başlayıb.

Bir neçə gün öncə Moskva yaxınlığında yerləşən Volokolamsk şəhərində onlarca uşaq zibilxana qazlarından zəhərlənərək xəstəxanaya gətirildikdən sonra yerli sakinlərlə hökumət rəsmiləri arasında əlbəyaxa toqquşma baş verib.

Bu hadisədən bir neçə həftə əvvəl, martın 7-də Volokolamsk hakimiyyət orqanları havada sulfat qazı konsentrasiyasının normadan 2, 5 dəfə artıq olması ilə bağlı müvəqqəti fövqəladə vəziyyət elan etmişdi. Bu da deyilirdi ki, havadakı nitrit qazının səviyyəsi də normadan iki dəfə çoxdur. Buna səbəb olaraq yaxınlıqdakı zibilxanadan sızmanın baş verməsi göstərilirdi.

Buna da bax: Putinin aşpazı milyardları belə qazandı

Putinin aşpazı milyardları belə qazandı
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG