Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:24

Putinin qızları necə milyarder oldu


Katerina Tixonova
Katerina Tixonova

Reuters agentlyinin London və Moskva müxbirləri Rusiya prezidentinin övladları barədə bu vaxtadək naməlum faktlar əsasında geniş oçerk hazırlayıblar

.

Reuters agentlyinin London və Moskva müxbirləri Stephen Grey, Andrey Kuzmin və Elizabeth Piper Rusiya prezidentinin övladları və Rusiya elitasının yeni nəsli barədə geniş oçerk hazırlayıblar.

1990-cı illərdə Vladimir Putin Rusiyada öz hakimiyyətini möhkəmləndirməklə məşğul ikən, onun dostları varlanmaqda idilər – yazırlar Reuters müxbirləri.

Putin və xanımı Lyudmila
Putin və xanımı Lyudmila

Məqalədə deyilir ki, bu varlanma prezident tərəfdarlarının inamına görə Putinin özünə şamil edilə bilməz. Onun maliyyə imkanları barədə bəyannaməsi prezidentin sadə bir həyat keçirdiyindən xəbər verir. Aprel ayında Vladimir Putin bəyan etmişdi ki, 2014-cü il üçün onun gəlirləri 7,65 milyon rubl (90 min dollar) olub. O bəyannamədə iki sadə mənzilə və şərikli qaraja malik olduğunu göstərib.

Reuters yazır ki, onun qızı Katerina atası ilə müqayisədə, lakin onun dostlarının dəstəyi ilə, maliyyə sahəsində daha uğurlu olub.

Rusiya vəzifəlilərindən biri Reuters-ə bildirib ki, Katerina, Tixonova soyadından istifadə edir. Rusiyanın Gazprombank bankının sədr müavini Andrey Akimov deyib ki, Tixonova Putinin qızıdır.

Reuters bunu da öyrənə bilib ki, 29 yaşlı Katerina özünü həm də Kirill Shamalovun həyat yoldaşı kimi təqdim edir. Kirill Shamalov isə prezidentin köhnə dostu, Bank Rossiyanın səhmdarı Nikolay Şamalovun oğludur. ABŞ rəsmiləri Bank Rossiyanı Rusiya elitasının bankı adlandırırlar.

Reutersin maliyyə təhlilçisinin təxminlərinə görə Kirill və Katerinanın birgə sərvəti, haradasa 2 milyard dollar təşkil etməlidir.

Bu sərvətin başlıca hisssəsi böyük qaz və neft-kimya şirkətindəki paydan qaynaqlanır. Bu payı Kirill Putinin başqa bir dostu Gennady Timchenkodan alıb.

Reuters-in məlumatına görə, Kirill və Katerianın Fransanın Biarritz sahillərindəki villasının dəyəri 3, 7 milyon dolalrdır. Bu mülkiyyəti də Kirill Timchenkodan alıb.

Atanın casus dostları

Məqalədə deyilir ki, Katerina həm də elm sahəsində nailiyyətlər qazanır və Moskva Dövlət Universitetində dövlət tərəfindən maliyyələşdirilən layihələrə rəhbərlik edir.

Reuters rəsmi sənədlərdən öyrənib ki, prezidentin kiçik qızı universitetdəki layihələri üçün dövlət müəssisələrindən milyonlarla dollarlıq dəstək alıb. Onun bu fəaliyyətdən hər hansı şəxsi gəlirləri olduğunu göstərən sənədlər yoxdur.

Bu gün Rusiyada tamamilə normal bir haldır ki, dövlət banklarının direktorlar şuralarına xüsusi xidmət rəsmilərinin balaları rəhbərlik edirlər

Katerina universitetdə yüksək vəzifə tutur və universitet şəhərciyinin genişləndirilməsi üçün ayrılmış 1, 7 milyard dollarlıq vəsaiti idarə edir. Katerinanın Moskva Dövlət Universitetindəki rəsmi müşavirləri sırasında iki keçmiş DTK zabiti də daxil, atasının yaxın çevrəsindən 5 nəfər var. DTK zabitləri Katerinanı onun çağa vaxtlarından tanıyırlar. Onlar Putinlə birlikdə 1980-ci illərdə Şərqi Almaniyanın Drezden şəhərində casus xidmətində olublar.

Reuters yazır ki, Putinin böyük qızı Mariya da Moskva Dövlət Universiteti ilə əlaqəyə malikdir. O bu ali məktəbin tibb fakültəsini bitirib və açıq sənədlərə əsasən endokrinologiya sahəsində çalışır.

Məqalədə deyilir ki, Katerina, Mariya və Kirill Shamalov Reuters-in şərh barədə sorğularını cavabsız buraxıblar. Biarritzdəki mülkə gəlincə isə, Timchenkonun sözçüsü deyib ki, o, şəxsi məsələlər barədə şərh vermir.

Neofeodalizm

Reuters-in oçerkində deyilir ki, Katerina və 33 yaşlı Kirill yüksək məqamlar tutan valideynlərin övladlarından ibarət yeni Rusiya elitasını təmsil edirlər.

Agentlik yazır ki, bu elitanın varlanması mexanizmi Çin Kommunist Partiyası liderlərinin istifadə etdikləri modeli xatırladır.

Putinin Vahid Rusiya partiyasının keçmiş üzvü və sosioloq Olqa Kriştanovskaya Reuters-ə bildirib ki, “yeni aristokratiya” siyasətdə və dövlət şirkətlərində yetişir.

Kriştanovskayanın sözlərinə görə, əlbəttə, adamların əksəriyyəti bu elitanın öz sərvətini düzgün yolla qazanmasına şübhə edir.

Reuters agentliyi Putinin yaxın çevrəsinə daxil fiqurların övladları barədə də məlumatlar toplayıb:

Boris Kovalchuk – Putinin yaxın dostu, Bank Rosiyyanın ən böyük səhmdarı Yuri Kovalçukun oğludur.

Gleb Frank – keçmiş nəqliyyat naziri və milyarder Timchenkonun kürəkəni Sergey Frankın oğludur.

İgor Rotenberg - Putinin “cüdo dostu”, milyarder Arkadi Rotenberqin oğludur.

Sergey S. İvanov Kreml administrasiyasının rəhbəri Sergey B. İvanovun oğludur.

Reuters agentliyinə müsahibəsində müxalifətçi Aleksey Navalny bütün bu şəbəkəni “neofeodal sistemi”nə bənzədib.

"Bu gün Rusiyada tamamilə normal bir haldır ki, dövlət banklarının direktorlar şuralarına xüsusi xidmət rəsmilərinin balaları rəhbərlik edirlər. Onlar bu vəzifələrə təyin ediləndə heç 30 yaşları da yox idi, - deyib Navalny, - Bu sülalə ötür-ötüründən də böyük bir sistemdir. Uşaqlar təkcə valideynlərinin vəzifələrinə varis olmurlar, onlar ürəkləri istəyən başqa vəzifələri də əldə edə bilirlər. Təhlükə bundadır ki, çox tezliklə bütün əsas resurslar beş, yeddi ailənin əllərində cəmləşəcək”.

Nənənin adı

Reuters-in Katerina Tixonovanın Putinin qızı olub-olmaması barədə sualına Kremlin sözçüsü Dmitri Peskov cavab olaraq deyib ki, “bizim, kim olursa, olsun şəxsi həyatı, ailə əlaqələri, vətəndaşlıq vəziyyəti, elmi fəaliyyəti, hər hansı layihələrdə iştirakı, xanım Tixonova və sizin məktubunuzda adları çəkilən başqa şəxslərin ailə şəcərələri barədə məlumatımız yoxdur”.

“Son illərdə Vladimir Putinin ailə bağları, xüsusilə də onun qızları barədə nəhəhg həcmdə qiybətlər yayılıb. Bu qiybətlərin içində dəqiq informasiyanın payı gülünc dərəcədə azdır” – deyib Peskov.

Putinin qızları uşaqlıqda
Putinin qızları uşaqlıqda

Reuters yazır ki, Katerina atası prezident olandan bəri ümumən diqqətdən kənarda qalıb. 2001-ci ildə Putin Rusiya televiziyasına müsahibəsində demişdi ki, Katerina Sankt Peterburqda şərqşünaslıq oxuyub və yapon dili və tarix üzrə ixtisaslaşıb.

Katerina barədə müəyyən məlumatı rus bloggeri Oleq Kashin verib. O yazıb ki, prezidentin qızı Moskva Dövlət Universitetində fəaliyyət göstərir və Tixonova soyadını ana nənəsi Yekaterina Tixonovna Şkrebnevanın adından götürüb.

Gazprombankın səhmdarı Akimov, Moskva Dövlət Universitetindən iki mənbə Tixonovanın Putinin qızı olduğunu təsdiq ediblər.

Şərqşünasın kosmik bilikləri

Reuters yzır ki, Tixonova şərqşünaslığı bitirsə də, onun adı universitetinin riyaziyyata dair elmi araşdırmalarının müəlliflərindən biri kimi çəkilir.

Tixnonova həmçinin tibb və kosmik uçuşlara dair elmi məqalələrə də həmmüəlliflik edib. Bu məqalələrdən biri də insan bədəninin çəkisizlik şəraitinə reaksiyası barədədir.

Tixonova şərqşünaslığı bitirsə də, onun adı universitetinin riyaziyyata dair elmi araşdırmalarının müəlliflərindən biri kimi çəkilir

Bu da xəbər verilir ki, məqalələrin əksəriyyətinə universitetin rektoru Viktor Sadovniçiy həmmüəlliflik edib.

Rektor da Reuters-in sorğularına cavab verməyib. Əvəzində universitetinin yaydığı bəyanatda deyilir ki, Tixonova “istedadlı alimdir”, lakin təhsil müəssisəsi öz içşçilərinin şəxsi həyatları barədə məlumata malik deyil.

Məqalədə bildirilir ki, xanım Tixonova universitetin nəzdində yaradılmış iki fondun direktorudur. Bu fondlar ölkənin bir çox neft və qaz şirkətləri tərəfindən maliyyələşdirilir.

Prorektorun rəqsi

Reutersin geniş oçerkində deyilir ki, Tixonova 2015-ci ilin martında Moskva Dövlət Universitetinin prorektoru təyin edilib, hərçənd bu vəzifənin maaşlı olub-olmaması bilinmir.

Bu barədə məlumatları ilk dəfə Rusiyanın RBK agentliyi və Navalny əldə ediblər. Onun təyinatı barədə rektorun əmri universitetin internet saytında dərc edilmişdi. Onun adı universitet işçilərinin ştat cədvəlində olmasa da, Tixonova universitet elmi şurasının üzvüdür.

Reuters yazır ki, Tixonovanın “istedadı” elm sahəsi ilə məhdulaşmır. O bu adla akrobatik rock-n-roll rəqqasəsi kimi illər boyu çıxış edib. 2013-cü ildə o özünün rəqs partnyoru ilə birlikdə İsveçrədəqatıldığı dünya çempionatında beşinci yeri tutub.

O rəsmi internet saytının məlumatına görə, Ümumrusiya Akrobatik Rock-n-Roll Rəqsi Federasiyasının təşkilat komitəsinin sədridir.

Reuters yazır ki, bu federasiya da ölkənin aparıcı dövlət neft və qaz şirkətləri tərəfindən maliyyələşir.

XS
SM
MD
LG