Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:58

Söhbət, ya monoloq


Pandemiya insanların söhbət və kommunikasiya ilə bağlı hisslərini daha da gücləndirib.
Pandemiya insanların söhbət və kommunikasiya ilə bağlı hisslərini daha da gücləndirib.

Romançı və ədəbi tənqidçi Rebekka Uest özünün "The Harsh Voice" (Sərt səs) adlı hekayələr toplusunda yazmışdı: "Söhbət deyə bir şey yoxdur. O, illüziyadır. Maraqlı monoloqlar var, vəssalam". O hesab edir ki, sözlər başqalarının sözlərinin üstündən deyilir və bu zaman heç bir ciddi kommunikasiya baş vermir.

Pandemiya insanların söhbət və kommunikasiya ilə bağlı hisslərini daha da gücləndirib. Uzun zaman izolyasiyada qaldıqdan sonra sosiallaşma aclığı hər zamankından daha çoxdur. Ünsiyyətə girəndə isə aydın olur ki, fiziki məsafələr götürülsə də, aradakı boşluqlar dərinləşib. Bu isə çox məyusedicidir.

Suallar vermək

BBC yazır ki, son bir neçə il ərzində söhbət sənətini öyrənən psixoloqlar dərin ünsiyyətin qarşısında duran maneələri və onları aradan qaldırmağın yollarını müəyyən ediblər. Məqalədə onlardan beşi haqda məlumat verilir.

Keyfiyyətli və dərin ünsiyyət qurmaq üçün hər şeydən əvvəl həmsöhbətə suallar vermək tövsiyə edilir. Corctaun Universitetinin professoru Karen Huanın apardığı tədqiqat nəticəsində məlum olub ki, həmsöhbətə suallar verməklə insanın başqaları tərəfindən bəyənilməsi arasında birbaşa əlaqə var. Huan aşkar edib ki, sürətli görüşlər zamanı tərəflərdən birinin suallarının sayına baxıb növbəti görüşün baş tutub-tutmadığını belə demək mümkündür.

Əlbəttə, bütün suallar eyni dərəcədə cəlbedici deyil. Bir əvvəlki suala verilən cavab üzərində qurulmuş, informasiyanı dəqiqləşdirmək üçün soruşulan suallar robot kimi ard-arda, kəskin keçidlərlə verilən suallardan daha dəyərlidir. Huan deyir ki, biz özümüzdən danışmağı çox sevsək də, qarşı tərəfə də bu imkanın verilməsinin hansı faydaları gətirəcəyini unuduruq. Bu isə insanların münasibətlərinə mənfi təsir göstərir.

Empatiya

Növbəti tövsiyə empatiya ilə bağlıdır. İnsanlar çox vaxt özlərini başqalarının yerinə qoya bildiklərini düşünürlər və çox vaxt yanılırlar. Bunun səbəbi eqosentrizmdir.

Çikaqo Universitetinin professoru Nikolas Epli müəyyən edib ki, insanların eqosentrizmi tanış adamlarla ünsiyyət zamanı özünü daha qabarıq göstərir. Mütəxəssislər bu fenomeni "yaxınlıq-ünsiyyət qərəzi" adlandırırlar. "Biz çox zaman yaxın dost və partnyorları özümüzə bənzər hesab edirik və düşünürük ki, onlar bizim bildiyimizi bilir", – Epli deyir. Yad adamlara gəldikdə isə, onlarla ünsiyyət zamanı belə düşüncələrə qapılmazdan əvvəl daha ehtiyatlı davranırıq.

Eplinin fikrincə, bu halda ən yaxşı çıxış yolu sadəcə olaraq insanın bu və ya digər məsələ ilə bağlı nə düşündüyünü və nə hiss etdiyini soruşmaqdır.

Bəs söhbətin mövzusunu necə seçməli? Bir çox adam insanların orijinallığa üstünlük verdiyini düşünür. Bu yanaşmaya görə, biz kiməsə artıq bildiyi şeylərdən yox, yeni və maraqlı şeylər haqda danışmalıyıq. Ancaq Pensilvaniya Universitetinin sosial psixoloqu Qas Kuni hesab edir ki, insanlar yeni şeyləri müzakirə edəndə "yenilik cəzası"na tuş gəlirlər. Əksinə, auditoriya və ya həmsöhbətə tanış mövzudan danışanda onun beyni ortaya çıxan boşluqları doldura bilir və söhbət ona daha maraqlı gəlir. Tanış olmayan mövzularsa yalnız çox canlı təsvir edildiyi halda maraq oyada bilər.

Dərinə getmək

Ancaq bu o demək deyil ki, söhbət ancaq səthi olmalıdır. Növbəti tövsiyə dərinə getmək, ən dərin düşüncə və hissləri paylaşmaqla bağlıdır. Eplinin tədqiqatçı komandası müəyyən edib ki, bu, hətta yad adamlarla ünsiyyət zamanı da keçərlidir.

"Bu dərin söhbətlər zamanı siz başqa bir insanın düşüncəsinə çıxış əldə edirsiniz və anlayırsınız ki, başqa insan da sizin haqqınızda düşünür", – Epli deyir. Bu isə hətta siz o adamla daha heç vaxt görüşməsəniz belə, yaddaqalan söz mübadiləsinə çevrilə bilər.

Məqalədə sadalanan sonuncu tövsiyə isə takt hissi ilə söylənən həqiqəti mənasız jestlərdən üstün tutmaqdır. Karneqi Mellon Universitetinin təşkilati davranış professoru Taya Koen deyir ki, həqiqəti söyləyən zaman mütləq sağlam dozada diplomatiya əlavə etmək, fikir bildirərkən zamanlamasına diqqət etmək, qarşı tərəfin bundan faydalana bilib-bilməyəcəyini düşünmək vacibdir. "Toydan beş dəqiqə qabaq gəlinə çox pis göründüyünü deməli deyilsiniz, elə deyil?", - o deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG