Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:40

Təklik və təcrid sosial bacarıqlara necə təsir edir


Təklik
Təklik

1980-ci illərdə Londonda bərbad şəraitdə yaşayan Nil Ansell illik 130 dollar kirayə haqqına Uelsin dağlarında, sidr ağacının içində yerləşən bir evdə yaşamağa başlayıb. Buranın təbiəti çox gözəl olsa da, Ensell tək-tənha yaşayıb. Onun ən yaxın qonşusu bir neçə mil aralıdakı kənddə yaşayırmış. Ansellin telefonu da yox imiş. Burada yaşadığı 5 il ərzində onun qapısından bircə nəfər də içəri girməyib.

Ansell deyir ki, təklikdə yaşamağa o qədər öyrəşibmiş ki, kəndin dükanına girib bir şey istəyəndə səsi qırılırmış. "İki həftə ərzində bircə kəlmə də danışmadığım üçün. Bu mənim üçün tamamilə normal idi", – o deyir. Ansell yenidən sivilizasiyaya qayıdanda sosial mühit ona bir az şok yaradıb, insanlarla danışmaq çətin gəlirmiş.

Kimlik yoxa çıxır...

Ansell həm də kimliyinin tədricən yoxa çıxmağa başladığının fərqinə varıb: "Tək olanda tədricən kim olduğun hissini itirməyə başlayırsan, çünki öz əksini digər insanların reaksiyası formasında görə bilmirsən. Mən qayıdandan sonra müəyyən mənada sosial mühitdə kim olduğumu yenidən kəşf etməli idim".

Ansellin təcrübəsi lokdaun, özünütəcrid, təkliklə yadda qalan 2020-ci illə çox səsləşir. Bəs görəsən, uzunmüddətli təcrid beyinə necə təsir göstərir? Görəsən, hər şey yenidən normallaşandan sonra sosiallaşmaq bizim yadımıza düşəcəkmi? Yadırğamayacağıq ki?

BBC yazır ki, primatların (primatlar sinfinə insan və meymunlar daxildir) beyninin həcmi ilə formalaşdıra bildikləri icmanın ölçüsü arasındakı əlaqə düz mütənasibdir. Bir insanın ətrafının orta hesabla 150 nəfərdən ibarət olduğu deyilir. Bu sayın adı da var: "Danbar limiti".

Bunun bir izahı sosiallaşmanın bir növ zehni idman olmasıdır. Bir insanla normal ünsiyyət saxlamaq üçün biz xeyli sayda informasiyanı beynimizdə saxlamalıyıq. Bu informasiyanın içində həmin adamın harada yaşaması və işləməsi kimi bəsit detallardan başqa, onların dostları, rəqibləri, keçmiş hərəkətlər, ictimai mövqeləri, motivasiyaları kimi daha incə nüanslar da var. Üstəlik, kiminlə nədən danışacağımızın fərqinə varmağımız da sağlam ünsiyyət üçün şərtdir. Yenicə işdən qovulmuş adamdan işinin necə getdiyini soruşmur, valideyn olmaq ərəfəsində olan tanışımıza uşaqlarımızdan şikayət etmirik.

Beyin kiçilir...

Milyon illər ərzində daha çox sosial kontaktları olan növlərin beyin həcmi daha böyük olur. BBC-nin yazısında deyilir ki, bu əlaqə əks istiqamətdə də doğrudur. Yəni, beyin həcmi böyük olan növlərin əlaqə dairəsi daha geniş olur. Başqa sözlə, az sosiallaşmaq beynin kiçilməsi ilə nəticələnə bilər.

Ötən il alman alimləri 14 ay Antarktidada tədqiqat stansiyasında yaşayan doqquz qütb tədqiqatçısının beyninin missiyanın sonuna qədər kiçildiyini müəyyən ediblər. Missiyadan əvvəl və sonra aparılan MRT müayinələri əsasən yeni xatirələrin formalaşmasına cavabdeh olan C-şəkilli dişli qırışıq (gyrus dentatus) nahiyəsinin 7%-dək kiçildiyini üzə çıxarıb.

Beyin həcminin kiçilməsindən başqa, qütbçülər iki zəka testində də əvvəlkindən daha pis nəticə göstəriblər. Bunlardan biri zəka qavrayışı, əşyaların fəzada yerini bilmək bacarığı, digəri isə selektiv diqqətlə - müəyyən müddət ərzində bir şeyə fokuslanmaq bacarığı ilə bağlı olub.

Alimlər bunun uzunmüddətli sosial izolyasiya və həyatın monotonluğu ilə bağlı ola biləcəyini deyirlər.

Təklik tənhalıq demək deyil. Təklik Ansellin Uels təbiətinin içərisində yaşaması kimidir. Tənha insansa özünü təcrid olunmuş hiss edir və daha çox sosial ünsiyyətə ehtiyac duyur.

Tədqiqat göstərir ki, tənha insanların sosiallaşmaq imkanı olsa da, onların normal ünsiyyət qabiliyyətində problemlər yarana bilir. Məsələn, özünü təcrid olunmuş kimi hiss edən insan yanlış şeylər deməkdən qorxur. Digər insanlarla bağlı gözləntiləri aşağı olan, özlərinə isə ədalətsiz yanaşan bu adamlar bəzən insanların onlarla pis davranmasına yol açırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG