Keçid linkləri

2025, 14 Dekabr, bazar, Bakı vaxtı 04:49

Dodonun rusiyayönlü bloku seçkilərin nəticələrinə etiraz edir


İqor Dodon
İqor Dodon

Sentyabrın 29-da Kişinyovda keçmiş prezident İqor Dodonun "Vətənpərvər Seçki Bloku"nun tərəfdarları Moldova parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar parlament seçkilərinin nəticələrini tanımadıqlarını bəyan ediblər.

Dodon hakim Hərəkət və Həmrəylik Partiyasını (PAS) diasporun səsləri hesabına hakimiyyətdə qalmaqda suçlayıb. O deyib ki, bu blok ölkə daxilində digər müxalif qüvvələrlə birlikdə PAS-dan daha çox səs toplayıb və bu haqda Mərkəzi Seçki Komissiyasına şikayət veriblər.

Dodon tərəfdarlarını aksiyanı bitirməyə çağırıb, yalnız onun çağırışı ilə etirazlara qayıtmağı tapşırıb.

Aksiya təxminən 15 dəqiqə çəkib, kiçik insidentlərlə müşayiət olunub. Yoldan keçən bir nəfər "Ukraynaya eşq olsun!" qışqıranda etirazçılar onu fitə basıblar. Bundan sonra polis müdaxilə edib.

Həmin şəxs saxlanılıb, etirazçılar isə rusiyayönlü şüarlar səsləndiriblər.

Moldovada seçkinin nəticəsi Brüssel və Ukraynanın qələbəsidir

Moldovada parlament seçkisində avropayönlü hakim partiya qalib gəlib. Rusiyapərəst müxalifət üzərindəki qələbə bu kiçik, yoxsul ölkənin Avropa yolunda qalacağını göstərir.

Bülletenlərin 98 faizi sayılandan sonra hakim Hərəkət və Həmrəylik Partiyasının (PAS) rusiyayönlü Vətənpərvər Blok üzərində 50 faizə yaxın səslə qələbə çaldığı bilinib.

Son nəticələr belədir: PAS- 49.95%, Vətənpərvər Blok- 24.36%. Bu, parlamentdə uyğun olaraq 55-26 yer deməkdir.

Daha üç kiçik partiya isə 6, 6, 8 mandat əldə edib.

1.5 milyondan çox moldovan Kremlin müdaxilə iddiaları fonunda seçkiyə gedib. Moskva iddiaları rədd edib. Seçici fəallığı 52 faiz olub.

Xaricdəki diasporun səsləri hələ sayılmaqdadır, ABŞ və Kanadadan bir neçə min səs gözlənilir.

PAS-ın mütləq çoxluğu qazanacağı, yaxud koalisiya qurmalı olacağı, hələlik, bəlli deyil.

Maya Sandu
Maya Sandu

Sandunun het-triki

AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak bu seçkinin real qalibinin Brüssel olduğunu yazır. Çünki Moldovanın bir müddət Kremlin təsir dairəsindən kənarda qalacağı üçün bir az rahat nəfəs ala bilər.

"Moldovanın avropayönlü qələbəsi bütün Avropa üçün Rusiyanın müdaxiləsinə qarşı necə müdafiə olunmağı göstərdi", – Avropa Parlamentinin üzvü, Avropa Xalq Partiyasının vitse-prezidenti Ziqfrid Mureşan deyib.

Bu nəticə prezident Maya Sandu üçün siyasi bir het-trik oldu. O, ötən ilin sonunda prezident seçkisində qalib gəlib. Həmin seçki ilə yanaşı, referendumda həm də ölkənin Aİ-yə üzvlüyünə cüzi fərqlə səs verilib.

Rusiya seçkidən öncə NATO-nun Moldovanı "işğal" etməyə hazırlaşdığını iddia edib, amma buna dəlil göstərməyib.

Sandu və digərləri isə Kremli ölkədə dezinformasiyaya yüz milyonlarla avro xərcləməkdə suçlayıb.

Avropa İttifaqı adətən üzv və namizəd ölkələrdə seçkilərə neytral mövqe sərgiləyir. Amma PAS-a dəstəyi gizlətməyə çalışmayıb. Avropa Komissiyasının sözçüsü Rusiyanın seçki prosesinə dərindən müdaxilə etdiyini deyib.

Kişinyova 1.9 milyard avroluq inkişaf planının açıqlanması, rusiyayönlü siyasətçilərə sanksiyalar, "əsrin oğurluğu"nda şübhəli bilinən oliqarxın ekstradisiyası bu yöndə addımlar sayıla bilər.

Aİ bu seçkini, sadəcə, uduza bilməzdi.

Ötən payız "Gürcü Arzusu" hakim partiyası Gürcüstanda keçirilən parlament seçkilərindən sonra hakimiyyətdə qaldı. Bundan sonra Tbilisi blok üzvlüyü ilə bağlı müzakirələrdən uzaqlaşdı. Amma ölkə hələ də Aİ-yə namizəd kimi qalır.

Ukrayna üçün də qələbədir

Ukraynada müharibənin uzanması, döyüş meydanında Rusiyanın üstünlüyü isə o deməkdir ki, Moldova bu klubun şərq qonşuluğunda Aİ-yə üzv olma şansını saxlayan tək ölkədir.

Kişinyov və Brüssel genişlənmə üzrə danışıqlara başlamağa hazırdır. R.Yozvyak bu prosesin sürətlə irəliləyə biləcəyini yazır. Çünki Aİ 2029-cu il Avropa seçkilərinəcən qərbi Balkanlardan və şərqdən azı bir neçə yeni üzv qəbul etmək istəyir.

PAS-ın qələbəsi həm də Ukraynanın qələbəsidir.

Kiyevin qərbində daha bir düşmən qonşu ona çətinlik yaradardı.

Amma indi Moldova Ukraynanı özü ilə birlikdə Aİ-yə daşıyacaq lokomotivə çevrilə bilər.

XS
SM
MD
LG