Moldovalı oliqarx Vladimir Plaxotnyuk Kişinyova ekstradisiya olunub. Uzun illərdir ona cinayət ittihamları irəli sürülüb. Cəmi üç gün sonra – sentyabrın 28-də Moldovada parlament seçkiləri keçiriləcək və Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı ittihamlardan dolayı ölkədə siyasi ab-hava gərgindir.
Plaxotnyukun adı 10 il öncə yaşanmış, "əsrin oğurluğu" kimi tanınan bank fırıldağında hallanır. O, sentyabrın 25-də iyuldan bəri saxlandığı Yunanıstandan Moldova paytaxtına gətirilib.
Ölkə ÜDM-sinin 12 faizinin yoxa çıxması
2014-cü ildə kiçik, kasıb postsovet respublikası olan Moldovada banklardan təxminən 1 milyard dollar yoxa çıxıb. Plaxotnyuk bu iş üzrə istintaqda əsas şübhəli sayılır. Bu məbləğ ölkənin ümumi daxili məhsulunun təxminən 12 faizinə bərabər sayılırdı.
Plaxotnyuk illərlə ittihamlarla mübarizə aparıb. Onun sentyabrın 26-da Kişinyov məhkəməsində ilk dəfə ifadə verməsi gözlənilir.
Sentyabrın 28-nə təyin olunmuş parlament seçkiləri isə Moldovanın Avropa İttifaqına daha da yaxınlaşacağını, yoxsa Rusiyanın siyasi orbitinə bir qədər də sürüklənəcəyini göstərəcək.
Prezident Maya Sandu və onun avropapərəst Hərəkət və Həmrəylik Partiyası parlamentdə çoxluğu qoruyub saxlamağa çalışır. Moskvaya yaxınlığı ilə tanınan keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi siyasi blok isə onlarla güclü mübarizə aparır. Dodon demokratik yolla seçilmiş hökuməti "cinayətkar rejim" adlandırıb.
Bu həftə Sandu ölkənin müstəqilliyinin, Avropa ilə gələcəyinin təhlükədə olduğunu deyib. O, Kremlin ölkədə dezinformasiya yaymaq üçün yüz milyonlarla avro xərclədiyini iddia edib.
Serbiyada odlu silah təlimləri
Moldova polisi elə bu həftə ölkə boyunca silah və partlayıcı maddələr müsadirə etdiyini, 74 nəfərin saxlanıldığını, onların iğtişaş törətməyi planlaşdırdıqlarını açıqlayıb.
Saxlanılanlardan bəzilərinin Serbiyada rusiyalıların təlimindən keçdiyi, odlu silahları da öyrəndikləri bildirilir.
Bank oğurluğu ilə bağlı ittihamlara baxmayaraq, Plaxotnyuk Demokratik Partiyanın üzvü kimi dəfələrlə parlamentdə təmsil olunub. 2019-cu ildə isə ölkəni tərk edib. Bundan sonra ona Moldova prokurorluğundan rəsmi çağırış gəlib.
Bir neçə ay ABŞ-də yaşayan oliqarx oradan siyasi sığınacaq istəyib, amma müraciəti rədd edilib.
2020-ci ilin yanvarında Plaxotnyukun vizası ləğv edilib. Ozamankı dövlət katibi Mayk Pompeo onun "korrupsioner" fəaliyyətlərinin hüququn aliliyini pozduğunu və Moldovada demokratik institutların müstəqilliyinə ciddi zərbə vurduğunu bəyan edib.
O zaman Plaxotnyuk Florida ştatında, Mayamidə yaşayırdı.