Keçid linkləri

2026, 20 Fevral, Cümə, Bakı vaxtı 07:33

Möhyəddin Orucovun kassasiya şikayəti təmin edilməyib

'Həbsxanadan ailəsi ilə görüntülü danışdı, təzyiqlər başladı'
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

'Həbsxanadan ailəsi ilə görüntülü danışdı, təzyiqlər başladı'

Bu gün, yanvarın 27-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə vəkil Nazim Musayev müdafiəçisi olduğu şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

M.Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri... hazırlama, istehsal etmə, əldə etmə,...) maddəsi ilə ittiham irəli sürülüb. Ötən il fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il hökm oxunub.

O, narkotik ittihamı ilə təqsirli bilinib, ancaq üzərindən satışla bağlı ittiham götürülüb. Gənc fəal ittihamı qurama sayıb.

Xatırlatma

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və "Kuryer Birliyi" Həmkarlar İttifaqı 2023-cü il avqustun 1-də etiraz aksiyası keçirib. Onlar kuryer çalışan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etirazlarını dilə gətiriblər. Elə həmin gün konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən həbs olunub. Bu dəfə ictimai fəala CM-in 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib. Həmin ittihamlarla ona 8 il həbs cəzası kəsilib.

"İşçi Masası"nın daha bir üzvü Elvin Mustafayev də 2023-cü il avqustun 4-də narkotik ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona da 3 il həbs cəzası kəsilib.

E.Mustafayevdən bir neçə gün sonra sözügedən konfederasiyanın digər üzvü Ayxan İsrafilov da narkotik ittihamıyla həbs edilib və ona da eyni cəza verilib.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu deyir, işçi hüquqlarını qoruduqlarına, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini vurğulayırlar.

Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirirlər.

XS
SM
MD
LG