Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:10

'Məni ayaqlarımdan asıb döyürdülər'


Gəncə hadisələrinə görə həbs olunanlar arasında öncə tutulub, bir ay saxlandıqdan sonra buraxılanlar da var. Di gəl, 4 gün sonra belələrini yenidən həbs edərək, onlara ağır maddələrlə iş açıblar. Həmin şəxslər indi apellyasiya məhkəməsində işlərinə obyektiv, ədalətli baxılmasını tələb edirlər. Onların arasında Eyruz Hacıyev, Səbuhi Rəcəbov və başqaları var.

Adları çəkilənlər daha 6 nəfərlə birlikdə eyni qrupun tərkibində hakim önünə çıxarılıblar. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara 5 ildən 8 ilədək həbs cəzası verilib. Günahsız olduqlarını söylədiklərindən, iyulun 26-da keçirilən məhkəmədə də bunu dilə gətiriblər.

“Elə bil əsirlikdəydim”

6 il həbs cəzası almış Fikrət Mirzəliyev deyir ki, ötən il iyulun 9-da axşam dostları Cabir və Sabir Əhmədov qardaşlarıyla, bir də Riya Nurzadə ilə birlikdə Qərb bölgəsinə gəzməyə gediblər. Ertəsi gün Gəncədə özləri polisə yaxınlaşıblar ki, yemək yeməyə, çay içməyə uyğun bir kafe soruşsunlar. Bu zaman polislər onların yerli sakin olmadığını görüb, şəxsiyyətlərini təsdiqləyən sənəd istəyiblər:

“Üstümüzdə kimliyimiz yox idi. Bizi götürüb apardılar polis şöbəsinə. Dedilər ki, bugünkü aksiyaya görə gəlmisiniz? Dedik ki, yox. Əvvəl yüngülvari döydülər, axşam da məhkəməyə aparıb 15 sutka həbs qərarı aldılar. Guya ictimai yerdə hündürdən danışmışıq, bizi intizama dəvət edən polislərə tabe olmamışıq. Qaytardılar idarəyə, başladı döyüb öldürmək... Əllərimiz qandallı, yumruq-təpiklə elə vururdular ki, ya öləsən, ya qalasan. Məni axşam ayaqlarımdan asıb döydülər. Səhərə yaxın polisə dedim ki, açın da məni. Razılaşmadı ki, rəis gəlib özü desin, sonra”.

F.Mirzəliyevin sözlərinə görə, ondan Gəncəyə 10 iyul aksiyasında iştirak məqsədilə gəlməsi barədə ifadə almaq istəyiblər. İddia edir ki, ondan həm də digər təqsirləndirilən Elman Quliyevin maliyyə yardımı və göstərişilə gəldiyini yazmaq tələb olunub. İstər Gəncədəki polis idarəsində, istərsə bu şəhərdəki 2 saylı istintaq təcridxanasında döyüldüklərini deyən F.Mirzəliyev bildirir ki, Bakı İstintaq Təcridxanasına gətiriləndə də üzündə, bədənində xəsarət izləri vardı:

“Elə bil əsirlikdəydim...”.

Universitet müəlliminin Gəncə hadisələrinə nə aidiyyəti var?

Gəncə çəhəri
Gəncə çəhəri

7 il həbs cəzası almış Eyruz Hacıyev da danışır ki, bibisi oğlu Səbuhi Rəcəbov və onun dostu Gülmirzə Nuruzadə ilə Göygölə gedəndə Gəncədə tutulublar. Dediyinə görə, Gəncədə Xan bağında çay içəndə polislər onlara yaxınlaşıb, kim olduqlarını soruşub:

“Dedik ki, Göygölə gedirik. Gəncədə də “İmamzadə”ni ziyarət eləmişdik. Bizi Nizami Rayon Polis İdarəsinə apardılar. Dedilər ki, mitinqə görə gəlmisiniz. Dedik, mitinq hara, biz hara? Rəis kibrit qutusundan narkotiki çıxarıb qoydu stolun üstünə, dedi ki, “sizi necə istəsəm, elə göndərə bilərəm, özünüzü yaxşı aparın”. Bizə dedilər ki, 15 gün qalıb çıxacaqsınız”.

E.Hacıyev və onunla birlikdə olanlar haqqında da məhkəmə 15 günlük inzibati həbs qərarı verib. Onun sözlərinə görə, onları məhkəmədən Kəpəz Rayon Polis İdarəsinə qaytarıblar və bundan sonra işgəncələr başlanıb:

“Elə rəftar edirdilər ki, azərbaycanlı olduğumuzu unudurduq. Düşmənə qarşı elə davranarlar. Müstəntiq gəldi, yanında da 7 nəfər polis. Müstəntiq dedi ki, “sizi bura Elman göndərib, Sumqayıt Dövlət Universitetinin müəllimi”. And-aman eləyirdim ki, tanımıram. Yeddi nəfər döyürdü ki, yox, tanımalısan. İşgəncə altında istədikləri ifadəyə qol çəkdirdilər”.

15 günlük cəzanın tamamında onların haqqında daha bir 15 günlük inzibati həbs qərarı verilib. Bu dəfə onlar təcridxanada qaydaları pozmaqda, əməkdaşlara tabesizlikdə suçlanıblar. E.Hacıyev düşünür ki, işgəncə izlərinə görə onları buraxmaq istəməyiblər. İkinci cəza bitəndə isə buraxıblar. Dörd gün sonra yenidən polisə çağırıb, bu dəfə barələrində cinayət işi qaldıraraq, Gəncədə 10 iyul aksiyasına görə kütləvi iğtişaşların təşkili, polisə müqavimət ittihamları veriblər.

E.Quliyev də Eyruz və digərləri ilə birlikdə mühakimə olunur. Ona 8 il həbs cəzası kəsilib.

Səbuhi Rəcəbov da bənzər ifadə verib.

O da işgəncələrdən şikayətlənib. Deyir ki, onları döyəndə, təhqir edəndə bir nəfər videoya çəkir, sonradan rəhbərliyə göstərirdi.

Prokuror təqsirləndirilən şəxslərdən soruşub ki, bəs niyə işgəncələr haqqında uzun müddət heç bir dövlət orqanına şikayət etməyiblər?

Cavabında bildiriblər ki, onlara 6-7 ay nəinki harasa şikayət etməyə, heç ailələriylə görüşməyə, telefonla danışmağa imkan verilməyib. E.Hacıyev deyir ki, sonradan prezidentə də, vitse-prezidentə də, Ombudsmana da şikayət məktubları yazıb, amma nəticəsi olmayıb.

Gəncə hadisələri ilə əlaqədar məhkəmələr davam edir.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından, Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsinə dair məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirdiyinə görə, Gəncə olayları ilə bağlı toplam altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Hakim önünə çıxarılanlar, əsasən, zorakılıq və talan törətməkdə, odlu silahdan, partlayıcı maddələrdən istifadədə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Onlara 5 ildən 9 ilədək həbs cəzası verilib. Məhkum edilənlərin çoxu özünü təqsirli bilmədiyini deyib.

Daha bir neçə qrupun məhkəməsi davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi hələ məhkəməyə göndərilməyib. İndiyədək bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG