Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

'Dedilər, oğlun siyasi məhbusdur, ona görə ailəsinə sosial yardım vermirik...'


Gəncə hadisələrinə görə həbs olunanların valideynləri aksiya keirir, Gəncə şəhəri, 22 aprel 2019
Gəncə hadisələrinə görə həbs olunanların valideynləri aksiya keirir, Gəncə şəhəri, 22 aprel 2019

Gəncə hadisələrinə görə həbs olunanların, azı, 50 nəfəri hakim önünə çıxarılıb. Hələ təxminən 30 adam da öz növbəsini gözləyir. Məhkəmədə dindirilənlərin hamısı saxlandıqdan sonra polis idarəsində günlərlə işgəncəyə, alçaldıcı rəftara məruz qaldığını deyib. Söylədiklərinə görə, barələrində həbs qərarı veriləndən sonra istintaq təcridxanasına gətiriləndə də pis durumda olublar, bədənlərində, sifətlərində işgəncə işləri olub.

Alim Yusifov, Yavər İsmayılzadə və başqalarının daxil olduğu 7 nəfərilik qrupun apellyasiya şikayətini araşdıran Gəncə Apellyasiya Məhkəməsinin hakimləri işgəncə şikayətləri ilə əlaqədar sorğular vermişdilər. Bu sorğular Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Bakı İstintaq Təcridxanasına ünvanlanmışdı. Sorğulara gələn cavab iyulun 19-da məhkəmədə açıqlanıb. Polis idarələrindən yazıblar ki, doğru deyil, saxlanılan şəxslərə münasibətdə heç bir qanunsuz rəftara yol verilməyib. İstintaq təcridxanasının rəhbərliyi yazır ki, bu adamlar təcridxanaya gətirilməzdən öncə tibb-sanitar hissəsində müayinədən keçiriliblər, üzərlərində yeni xəsarət aşkarlanmayıb.

Hakim bu cavabları açıqlarkən 7 nəfər Gəncə məhbusunun hamısı etiraz edərək, onlarla amansız davranıldığını, ağır işgəncələr verildiyini, istintaq təcridxanasına gətiriləndə isə müayinədən keçirilmədiklərini bildirib. Təqsirləndirilən şəxslərin valideynləri də etiraza qoşularaq deyiblər ki, onların övladlarıyla əsir götürülmüş düşmən kimi davranıblar.

Təqsirləndirilən Aydın Rüstəmovun vəkili deyib ki, bu adamların şikayətçi olduqları qurumlara sorğu verilməsi doğru deyildi:

“Onlar deməyəcəkdilər ki, “biz işgəncə vermişik”. Mən Baş Prokurorluğa müraciət olunması, işgəncə şikayətlərinin araşdırılması üçün vəsatət qaldırmışdım. Sizsə vəsatətimi fərqli formada icra etmisiniz. Qanuna görə, şəxsin onun suçsuzluğunu sübut edə biləcək şəxsləri dindirmək hüququ var. Videodan görünür ki, Aydın Rüstəmov skamyada Elnur Abbasovla əyləşib, yanlarında da uşaqları. Heç bir cinayət də törətmirlər. Ona görə xahiş edirik, Elnur Abbasovu, onun oğlu Elcanı dindirin”.

Adları çəkilən şəxslər məhkəməyə gəlsələr də, dindirilmədilər.

Aydın Rüstəmov-un anası hakimlərə üz tutaraq, oğlunun ailəsinin ağır durumuna diqqət çəkib:

“Biz Şəmkir rayonunda sosial yardım almaqdan ötrü idarəyə getmişdik. Orada baxıb bizə dedilər ki, oğlun siyasi məsələlərlə əlaqədar həbs olunduğuna görə onun ailəsinə sosial yardım verilə bilməz. Yəni oğlun siyasi məhbusdur, ona görə yardım düşmür. Bu nə deməkdir? Xahiş edirik, onlar siyasi məhbus deyilsə, bizə bu barədə arayış verin, aparıb verək. Ailə, iki uşaq acından ölür. Həyat yoldaşı xəstədir...”.

A.Rüstəmovun xanımı xərçəng xəstəliyindən əziyyət çəkir.

Hakim bildirib ki, məhkəmənin belə bir arayış vermək səlahiyyəti yoxdur.

Məhkəmə avqustun 2-də prokurorun çıxışıyla davam edəcək.

Bu 7 nəfərlik qrupdan Yavər İsmayılzadə 9 il, Zabil Məmmədov 8 il 6 ay, İsa Məhərrəmzadə 8 il, Alim Yusifov 7 il 6 ay, Qənbər Qarazadə 7 il 6 ay, Elvin Əliyev və Aydın Rüstəmov 6 il həbs cəzası alıb.

​Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaqdır. Məhkəməsi başlanmadığından, Y.Səfərov bu iddialara münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb.

Sui-qəsddən bir qədər sonra iyulun 10-da Gəncədə aksiya keçiriləcəyi barədə sosial şəbəkələrdə məlumat yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirdiyinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib.

Onlardan, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıq və talanların törədilməsində, odlu silahdan, partlayıcı maddələrdən istifadədə, yaxud hakimiyyət nümayəndəsinə silahlı dirənişlə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilədək həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.

Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi hələ məhkəməyə göndərilməyib. Bütövlükdə bu olaylarla bağlı 80-ə yaxın şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənləri yalanlayıblar.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edərək bildirib ki, belə fikirlər məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr səsləndirən şəxslərdən qaynaqlanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG