İtaliyanın baş naziri Corca Meloni Bakıya səfəri çərçivəsində Azərbaycandan qaz ixracının artırılması imkanlarını müzakirə edib. Mayın 4-də Azərbaycan prezidenti İ.Əliyev və İtaliya Nazirlər Şurasının sədri C.Meloni mətbuata bəyanatlarla çıxış ediblər.
Ticarət və energetika: İtaliya bir nömrəli tərəfdaşdır
İ.Əliyev İtaliyanın Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşı olduğunu vurğulayıb: "Ötən il ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil edib".
Prezident qeyd edib ki, Azərbaycan İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə qərarlaşıb. Ötən il ixrac edilən 25 milyard kubmetr təbii qazın 9.5 milyardı İtaliya bazarına yönəldilib. Bu həcmin artırılması üçün Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Hərbi-texniki əməkdaşlıq və investisiyalar
İ.Əliyev hərbi-texniki sahəni yeni və ümidverici istiqamət adlandırıb: "İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var".
Həmçinin bildirilib ki, ARDNF son illərdə İtaliya iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub, işğaldan azad olunmuş ərazilərdə isə 23 İtaliya şirkəti layihələr icra edir.
Meloni: "Azərbaycanın rolu həlledicidir"
C.Meloni Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra İtaliyanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun həlledici olduğunu bildirib: "Biz nəinki təchizat həcmləri, xüsusilə bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq".
Baş nazir 2026-cı ilin ikinci yarısında Bakıda biznes-forumun keçiriləcəyini elan edib. O, həmçinin aerokosmik sənaye, dəniz təhlükəsizliyi və mühüm infrastrukturun mühafizəsi sahələrində əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduqlarını vurğulayıb.
Xatırlatma
İtaliya Azərbaycanın ixracatında əsas ticarət tərəfdaşı olaraq qalır. Rəsmi Bakı bu ölkəyə əsasən xam neft və təbii qaz ixrac edir. Ötənilki 4.1 faizlik artıma baxmayaraq, bu ilin ilk rübündə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə aşağı düşüb.
Ötən həftə Çexiyanın baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı enerji əməkdaşlığı diqqət mərkəzində olub. Məlumata görə, Praqa Azərbaycandan ildə 2 milyard kubmetr təbii qazın tədarükünə dair uzunmüddətli müqavilə imzalamaqda maraqlıdır. Bununla belə, bəzi ekspertlər Azərbaycanın Avropanın sürətlə artan enerji ehtiyaclarını indiki vaxtda tam qarşılamaq potensialını sual altına qoyurlar.