Çexiya Azərbaycandan ildə 2 milyard kubmetr təbii qaz almaq üçün uzunmüddətli müqavilə bağlamağa çalışır. Bunu aprelin 27-də Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek bildirib.
Xəbəri "Reuters" yayıb.
Havliçek Azərbaycana səfəri zamanı jurnalistlərə deyib ki, danışıqlar uğurlu olarsa, 10-15 illik müqavilə əsasında tədarüklərə iki-üç il ərzində başlanıla bilər.
CTK xəbər agentliyi baş nazir Andrey Babişə istinadən yazıb ki, müqavilə təşəbbüsünü CEZ dövlət şirkəti irəli sürüb.
Baş nazir Babiş: "Biz qaz müqaviləsi imzalamaq istəyirik"
"...Biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq".
AZƏRTAC-ın xəbərinə görə,bu fikirləri aprelin 27-də Qəbələdə Çexiya Respublikasının baş naziri Andrey Babiş ilə birgə mətbuata bəyanatında Azərbaycan prezidenti İlham Əliyev səsləndirib.
Prezident vurğulayıb ki, Çexiyaya ixrac olunan Azərbaycan nefti bu ölkənin enerji balansında mühüm yer tutur: "O cümlədən, Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik".
Prezident Əliyev müdafiə sənayesini mühüm sahə adlandırıb. O qeyd edib ki, Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırlar və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir: "Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq".
Baş nazir Babiş isə Azərbaycanın Çexiyanın ən iri neft təchizatçısı olduğunu diqqətə çatdırıb - idxal olunan neftin 42 faizi məhz Azərbaycanın payına düşür.
"Cənab prezident, biz buraya CEZ adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, buradan qaz təchizatı ilə bağlı müqavilə imzalamaq istəyir", – Babiş vurğulayıb.
O, səfər çərçivəsində nümayəndə heyətində ümumilikdə 50 Çexiya şirkətinin təmsil olunduğunu bildirib.
Hava limanı layihəsi
Baş nazir Karlovı Varıda planlaşdırılan yeni layihəyə də toxunub: "Biz Karlovı Varı hava limanının uçuş zolağının genişləndirilməsi layihəsini müzakirə etdik. Bu, Çexiya üçün strateji əhəmiyyət kəsb edən yeni bir investisiya obyekti ola bilər. Belə bir addım ölkələrimiz arasında turizmin inkişafına və ümumi iqtisadi artıma mühüm töhfə verəcək".
Çexiyanın baş naziri aprelin 26-da Azərbaycana səfərə gəlib. Bu səfər iki ölkə arasında ticarət dövriyyəsinin cari ilin ilk üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 40 faiz azaldığı bir dövrə təsadüf edir.