Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:21

Məktəb bazarlığı – bir şagirdə azı 150 manat


►“Keçən il 1-6-cı siniflərin məktəb paltarının qiyməti 34 manat idi. İndi 37 manat olub. 7-11-ci siniflər üçün 43 manat idi, indi 46 manat olub. Söhbət təkcə kostyumdan gedir”

“Neyləyim, bu il böyüyünə təzə məktəb paltarı almayacağam, köhnəni geyinər. O da var ki, uşaq böyüyür, ancaq başqa əlacım yoxdur. Balacaya isə almaylıyam, 1-ci sinfə gedəcək...”

6 yaşlı Toğrulla 12 yaşlı Tofiqin anası Güllü Kazımovadır danışan.

Ana deyir, ailənin gəlirlərini və məktəb ləvazimatlarının qiymətini hesablayandan sonra 7-ci sinifdə oxuyan böyük oğluna məktəb paltarı almamaq qərarına gəlib. Özü də müəllimə işləyən gənc qadın deyir ki, Tofiqinçantasına və digər ləvazimatlarına görə 70 manat ayırıb. Özü də hələ ən ucuzlarını alacaq.

Güllü Kazımovanın söylədikləri övladları məktəbə hazırlaşan orta azərbaycanlının qayğısıdır. Manatın devalvasiyasından sonra məktəb ləvazimatlarının da bahalanması bu qayğıları daha da artırıb.

Buna da bax: Qəbul imtahanı pullu olacaq

Alıcılar azalıb

“Çantalar, dəftər-qələmlər, ən ucuz burdadır...”

30 yaşlı Valeh kitab-dəftər mağazasının qarşısında müştəri çağırır. Əvvəllər dəftərxana mallarına müştəri səsləməzdilər. Valehin deməsinə görə, alıcı yoxdur deyə, müdiri ona müştəri çağırmağı tapşırıb:

“Alıcı çox azdır, bəlkə bir neçə günə artar, ancaq hələ ki, yoxdur. Gələn da bir-iki dəftər alıb çıxır. Mənim də övladım məktəbə gedəcək, ancaq hələ heç nə almamışam. Pul yığım, sonra...”

Məktəb ləvazimatları isə gözlə görüləcək qədər bahalanıb. Satıcılar söyləyirlər ki, ən ucuz məhsulda belə qiymət artımı var. Satıcı Yusif Vəzirov deyir, o, mağazasına ucuz mal da gətirir, baha da. Satılanlarsa daha çox ucuzlardır:

“Satışda 20 manata Çin məhsulu olan çanta da var, amma Türkiyə malı aşağısı 50 manatadır. Dəftərlər 20 qəpiyə də var, 80 qəpiyə, 1 manata, 1 manat 20 qəpiyə də”.

Mağazada 90-150 manata da çanta satılır. Yusif deyir, onların alıcısı çox azdır.

Məktəb paltarı da bahalaşıb

Valideynlərsə gözlərinə çox görünməsin deyə, hələ kiçik məktəb ləvazimatlarından aldıqlarını deyirlər:

Məktəb bazarından səslər
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

– Aldığım dəftərdir, gündəlikdir.

– Pozan, qələm, yapışqan, bir də 5-6 dənə dəftər almışam. Hələ paltara növbə çatmayıb.

– İki məktəbli övladım var. Paltarla birlikdə hərəsinə azı 150 manat xərcləməliyəm. İkisinə azı 300 manat tələb olunur. Mən hələ bahalı çanta-zad almıram.

– Ən bahalısı məktəbli formasıdır. Evdən məktəbə 4 uşaq gedəcək, hərəsinə azı 140-150 manat xərclənəcək.

Buna da bax: Kitab toplayıb dağ kəndlərindəki uşaqlara apardılar

“Parçadan tutmuş, iynə-sapa qədər hər şey bahalanıb axı...”

Məktəbli forması doğrudan da bahalaşıb. Keçən ilki qiymətlərlə bir neçə manat fərq var. Məktəb geyimlərinin tikişi və satışı ilə məşğul olan Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov AzadlıqRadiosuna deyir ki, paltarlar Bakıda tikilsə də, tərkib hissələri idxal məhsullarıdır:

Bakı Tikiş Fabrikindən deyirlər ki, məktəbli forması üçün materialları Türkiyədən alırlar, ona görə də...
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid

“Tikdiyimiz məhsulun parçasından tutmuş, iynə-sapına, düyməsinə qədər Türkiyədən gətiririk. Manatın devalvasiyasından sonra qiymətdə dəyişiklik var. Əslində, material bahalaşmayıb. Sadəcə dollar bahalandığından qiymət artıb. Oğlan, qız fərqi yoxdur, keçən il 1-6-cı siniflər üçün məktəb paltarının qiyməti 34 manat idi. İndi 37 manat olub. 7-11-ci siniflərin geyimi 43 manat idi, 46 manat olub. Söhbət kostyumdan gedir. Jilet 6 manat idi, 6 manat da qalıb, köynək də 7 manat idi, yenə 7 manatdır. Biz heç vaxt malların qiymətinin artmasında maraqlı deyilik. Çünki qiymət artdıqca, tələbat düşür”.

Məcburi xərclər...

İqtisadçı Rəşad Həsənov vurğulayır ki, məktəb dövrünün başlanması ölkə vətəndaşlarının məcburi xərclərinin artdığı dövrdür:

Rəşad Həsənov: Məktəb ləvazimatı almaq üçün xərclər ciddi artıb
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid

“Ölkədə satılan məktəb geyimləri və digər məktəb ləvazimatları ya istehlak məhsulu şəklində, yaxud da xammal kimi xaricdən idxal olunur. Burda çox böyük asılılıq var. Əvvəlcədən də proqnozlaşdırırdıq ki, məhz bu səbəbdən avqust-sentyabr aylarında xarici valyuta tələbi artacaq. Həm də iş yerləri, şirkətlər qapadılır. Belə bir şəraitdə əhalinin gəlirləri düşür. Təkcə muzdla çalışanların deyil, hətta biznes subyektlərinin belə bu gün gəlirləri, demək olar ki, yox səviyyəsinə düşüb. Belə bir şəraitdə əlavə xərclərin yaranması, bu xərcin məcburililiyi, təbii ki, vətəndaşın maliyyə vəziyyətini ağırlaşdırır. Ötən illə müqayisədə vətəndaşın məhz məktəb xərclərinə xərclədiyi vəsaitin həcmi ciddi şəkildə artıb. Çünki bu məhsulların 90 faizi idxaldan, yəni ölkəyə xarici valyuta ilə gəlir. Xarici valyuta ilə gəldiyinə görə də Azərbaycan manatı ilə ifadədə vətəndaşa daha baha qiymətə təklif olunmaq məcburiyyətindədir”.

Buna da bax: Məktəb forması bahalandı

Rəşad Həsənov deyir ki, bir məktəblinin xərci ötən illə müqayisədə azı 30 faiz bahalaşıb. Əgər keçən il valideyn bir məktəbliyə 100 manat xərcləyirdisə, bu il həmin məbləğ ən yaxşı halda 130 manata qalxacaq, təbii ki, ailənin xərcləmək imkanı varsa... İqtisadçının fikrincə, bu gedişlə hələ bir neçə il gəlirləri azalan vətəndaşlar, 1995-2004-cü illərdə olduğu kimi, daha keyfiyyətsiz məhsullar alacaq.

6 yaşlı məktəblinin xərci 140 manat

İki məktəbli anası Güllü Kazımova deyir, 6 yaşlı Toğrulun köynək, jilet də daxil olmaqla, təkcə məktəbli paltarına 50 manat verəcək. 20 manatlıq çanta, 4-5 manatlıq iş dəftərləri və digər ləvazimatlara 40 manat xərcləyəcək. Azı 20 manatlıq ayaqqabı, 3-4 manata iki cüt corab da alacaq. Suqabının ən ucuzu 5 manatdır. Ümumilikdə, 1-ci sinfə gedən 6 yaşlı Toğrulun məktəb bazarlığına 140 manat sərf olunacaq: “Hələ qarşıda qış paltarı, qış ayaqqabısı da var. Hələ o haqda düşünmək belə istəmirəm”, ana deyir. 12 yaşlı Tofiqin təkcə məktəbli paltarı 59 manat edir. Ancaq böyük oğlu imkansızlığa görə bu il təzə paltar geyə bilməyəcək. Anası Tofiqin çantası da daxil, məktəb ləvazimatlarına 70 manat xərcləyəcək. Ayaqqabı isə bu il təzələnməlidir. Çünki Tofiq əvvəlkini iki il sərasər geyinibmiş...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG