Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:55

Kitab toplayıb dağ kəndlərindəki uşaqlara apardılar


►“İllər öncə mənə kitab hədiyyə olunanda yaşadığım hissləri indi kitab verdiyim uşaqlar yaşayır”

Uşaqlıqda verilən hədiyyədən gözəl nə ola bilər?

O ki qala məktəbli olasan, sənə verilən hədiyyə də dərslik, kitab ola. Həmin hədiyyənin yaratdığı təsvirəgəlməz sevinc, həyəcan illər keçəndən sonra başqasında eyni hissləri oyatmağa işıq ucuna çevrilə bilər.

Elə uşaqlıqda Səbuhiyə verilən dərs kitabı da üstündən 23 il keçəndən sonra əl-qolunu çırmalayıb dağ kəndində yaşayan uşaqlara kitab toplamaq həvəsi yaradıb.

27 yaşlı Səbuhi Azad Qubanın Bağbanlı kəndində yaşayır. Kəndləri adı kimi bağlı-bağatlıdır. Kitab onun hər addımda yanındadır. İndiyədək Səbuhi özü də elə təsərrüfatla məşğul olub. Ancaq indi təkcə meyvə-tərəvəz toplamır. Həm də uşaqlara kitab yığır. Bu haqda Səbuhi özü AzadlıqRadiosuna danışır:

– Heç vaxt yadımdan çıxmır, birinci sinfə gedən ərəfədə mənə bir kitab hədiyyə eləmişdilər. 1993-cü il buraxılışı, 1-ci sinif üçün riyaziyyat kitabı. Onda da kitab almaq problem idi. O kitab məndən ötrü böyük bir şey idi. O kitabı indiyə qədər qoruyub saxlayıram. Bir gün kitabların arasında onu görəndə illər öncəki sevinci elə bil yenidən yaşadım. Onda fikirləşdim ki, biz də kitab hədiyyə edə bilərik. Uşaqlarla məsləhətləşdim, soruşdum ki, “bunu eləyə bilərikmi?” Sağ olsunlar, məni dəstəklədilər, bu işə qoşuldular.

Buna da bax: İranda modern Azərbaycan ədəbiyyatı haqda kitab çıxıb

– Deməli, bu işin səbəbkarı həmin riyaziyyat kitabı oldu...

– Bəli. Həmin vaxt o kitab məndə qeyri-adi hiss yaratmışdı. O hissi sözlə ifadə etmək olmur. Fikiləşdim ki, o hissi başqalarına da yaşatmaq olar. İyunun 12-18-i aralığında bu işə start verdik. Elə xəbər yolladıq ki, dağ kəndlərində yaşayan uşaqlara kitab göndərmək istəyənlər poçtla bizə çatdıra bilərlər. Və iş başladı. Düzdür, hələlik kitabları yığmağa elə bir məkanımız yoxdur. Ancaq bu işi daha geniş miqyasda etsək, bu barədə düşünə bilərik. İndilik evdə yığırıq. Poçta gəlir, gedib götürüb gəlirəm evə. Bu işdə mənə Ziya Eyvazov adlı dostum böyük kömək edir.

– Ancaq uşaq kitabları toplayırsız?

– İlk mərhələdə məktəblilərə dərsliklərdən, uşaq ədəbiyyatından başladıq. Həm də başqa məktəb ləvazimatları da qəbul edirdik. Əlimizdə olanları çatdırdıq. Növbəti dəfəyə yenə planlaşdırırıq. Ancaq bu dəfə hədd qoymayacağıq, böyüklər üçün də olar. Çünki birinci dəfəki işimizin necə maraqla qarşılandığını gördük. Böyüklər də bizdən kitab istədilər. Bir-iki nəfərə verə bildik, təəssüf ki, qalanına çatmadı.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

– Getdiyiniz ünvanlar haradır, kitab çatdırdığınız adamlar kimlərdir?

– Hələ ki, bu işi öz rayonumuzda həyata keçiririk. Maliyyə imkanlarına görə başqa rayonlara gedə bilmirik. Ancaq Qubanın yaxın kəndlərinə yox, daha uzaq yerlərinə, dağ kəndlərinə getməyi düşünürük. Çünki oralarda daha çox ehtiyac var. Əvvəldən maraqlanırıq, qərara alırıq ki, bu kəndə aparsaq, daha faydalı olar.

– Kənd camaatı ilk işinizi necə qarşıladı? Nə qədər kitab apara bildiniz?

– Əslində, birinci dəfə getdiyimiz kəndə getməyi öncədən planlaşdırmırdıq. Daha ucqarlara getmək istəyirdik. Amma hava imkan vermədi. Burda belədir, yağış yağanda yollar çox bərbad olur, gedib çıxmaq müşkülə dönür. Ona görə Qubanın Suxtakələ kəndinə getdik. Tam dağ kəndi deyildi. Yaşıllıqlarla dağların improvizasiyası çox gözəl təəssürat bağışlayırdı. Toplayıb apardığımız kitablar elə çox olmasa da, bir kənddən ötrü yetərli idi. O kənddə evlər, adamlar da çox deyildi. 80-ə yaxın kitab apardıq. Bəs elədi.

– Növbəti səfər haradır?

– Maddi imkan olsa, daha ucqar dağ kəndlərinə gedərik. Bizdə belədir, rayon mərkəzindən ucqar kəndlərə təkcə dağ maşınları 45-50 manat arasında ancaq həmin kəndə aparır. O kəndlərə adi maşınlar getmir. Ancaq getmək lazımdır. Elə getdiyimiz kəndi götürək. Bu cür sevgi, mehribanlıqla qarşılanacağımızı gözləmirdik. Dağ insanının necə saf olduğunu gördük. Ən gözəl anlardan biri kiçik bir uşaq özündən balaca bir qızın əlindən tutub gətirirdi ki, “gəl, orda kitab verirlər”. Bir başqası kitab almaqdan ötrü qaça-qaça gəlmişdi. Gözəl anlar idi. Ya da yaşlı bir insan çobanlıq edən nəvəsinə kitab istədi ki, uşaq oxusun. O uşağa kitab göndərmək əla hiss idi. İllər öncə mənə kitab hədiyyə olunanda yaşadığım hissləri kitab verdiyim uşaqlar da yaşayırdı. Zaman dəyişsə də hisslər eyni idi. Biz bu işdən heç nə güdmürük. Dəstək göstərilsə, bu iş davamlı olar. Daha geniş miqyasda həyata keçirə bilərik.

– Bəs, birinci işdən sonra sizə qoşulanlar oldumu?

– Bəli. Sosial şəbəkədə bu haqda məlumat yerləşdirəndən sonra nə qədər adam qoşulmaq istəyir. Təki istək olsun. Bundan gözəl nə ola bilər ki? Əsas işə başlamışıqsa, davam etdirəcəyik.

Günün bütün mövzuları

XS
SM
MD
LG