Prezident Ilham Əliyevin, öz həyat yoldaşı Mehriban Əliyevanı 1-ci vitse prezident təyin etməsindən bir il keçir.
Bu bir il ərzində 1-ci vitse-prezidentin fəaliyyətinin nədən ibarət olması barədə hüquqi baza müəyyənləşməyib, onun səlahiyyətlərinin rəsmi olaraq nədən ibarət olması aydın deyil. Bununla belə, Mehriban Əliyeva 1-ci vitse-prezident kimi rəsmi görüşlər keçirir.
Müxalif Respublikaçı Alternativ - ReAl Hərəkatının Siyasi Şurasının üzvü Azər Qasımlı deyir ki, ictimaiyyət hələ də bilmir ki, Mehriban Əliyevadan gözləntisi nə olsun:
Buna da bax: Mehman Əliyev: 'Mehriban Əliyevanın başqa işi olmayıb'
"1-ci vitse prezident niyə təyin olundu və nə etdi, effektiv nəticə yoxdur. Nələrsə deyə bilərlər, amma inanılası nəticə yoxdur ortada. Yəni, qərar idi, verdilər, rəsmi bir vəzifə tutdu, amma bu vəzifənin arxasında nə durur, o vəzifədən istifadə edirmi, edəcəkmi, bu barədə məlumat yoxdur".
Ötən bir il ərzində 1-ci vitse-prezident öz katibliyini formalaşdırıb, bura daxil olan yeddi nəfər əsasən, Mehriban Əliyeva ilə Heydər Əliyev Fondunda işləmiş, Qərb təhsilli şəxslərdir. Belə olan halda, Mehriban Əliyevanın komandasından hansı islahat gözləmək olar? O, hansısa dəyişiklik edəcək, yoxsa, İlham Əliyevin davamçısı olacaq?
Nəzərə alanda ki, indiyə qədər beynəlxalq jurnalist araşdırmalarının çoxu elə xaricdə və ölkə daxilində Mehriban və İlham Əliyevlərin övladlarına məxsus varidatlar barədə olub.
Buna da bax: Ərəstun Oruclu: 'Mehriban Əliyevadan çəkinirlərsə… əsasları var'
Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, bəzi kadr dəyişliyi baş verir və bu davam edəcək, amma vəziyyəti əsaslı dəyişə bilməz:
"Ölkədə korrupsiyanın qarşısını almaq barədə heç kəs düşünmür və xarici, beynəlxalq təşkilatlar da Azərbaycan rəhbərliyindən bunu tələb etmirlər. İlham Əliyevin və ətrafının korrupsiyanın qarşısını almaq niyyətləri yoxdur, sadəcə olaraq narazılıqları aradan qaldırmaq üçün köhnə klanın dağıdılması prosesi gedir və bu da imitasiya xarakteri daşıyır".
Azər Rəşidoğlu deyir ki, Yeni Azərbaycan Partiyası getdikcə nüfuzdan düşür və köhnə klanı dağıtmaqda məqsəd odur ki, partiyaya yeni imic gətirilsin.
Buna da bax: Vitse-prezidentlik genişlənir... [video]
1-ci xanım 1-ci vitse prezident təyin olunanda, Milli Məclisin vitse-spikeri Bahar Muradova demişdi ki, Mehriban Əliyevadan gözlənti böyükdür, çünki o nə edirsə, yaxşı edir.
Amma Birinci vitse-prezidentin fəaliyyətinin bir illiyi ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının yetkililəri ilə danışmaq cəhdlərimiz bir nəticə vermədi.
Vətəndaş Həmrəyliyi Partiyasından deputat Fəzail İbrahimli isə deyir ki, bir il, 1-ci vitse prezidenti qiymətləndirmək üçün yetərli deyil:
Buna da bax: Hikmət Hacızadə: 'Yeni ümidlər yayılır. Guya Mehriban xanım gələcək...'
"Ölkənin uğuru tək bir vitse-prezidentlə və ya fərdlərlə ölçülmür, ümumi nəticə ilə ölçülür. Uğur və ya müvıffəqiyyətsizlik ümumi komandanın işidir. Ona görə də Mehriban Əliyev bir il ərzində özünə aid olan komanda formalaşdırıb. Odur ki, ötən ili Mehriban Əliyevanın fəaliyyətini yalnız vitse-prezident kimi yox, onun xeyriyyəçilik, mədəniyyət, təhsil sahəsində gördüyü tədbirlər müstəvisində yanaşsaq daha doğru olar".
Təyinatdan az sonra Mehriban Əliyeva "Rossiya 1" kanalına müsahibəsində demişdi ki, diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyir. O, bu fəaliyyətlə Heydər Əliyev Fondunun prezidenti kimi də məşğul idi.
Buna da bax: 'Hakimiyyətin paşayevlərə keçməsi elə də asan olmayacaq' [video]
Bəs Bakı sakinləri nə düşünür? 1-ci vitse-prezidentin təyinatı ilə ölkə siyasətində nələr dəyişdi?
Siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, yalnız Mehriban Əliyevanın təyinatı ilə əsaslı dəyişiklik gözləntisi qurmağa dəyməz:
"Siyasi və iqtisadi paket yoxdur və idarəetmə iflic vəziyyətindədir. İslahat paketi olmayan yerdə, 1-ci vitse-prezident və ya islahatçı imici olan nazir nəyisə dəyişə bilməz. Ölkədə idarəetmə elə bir bərbad vəziyyətdədir ki, bu dəyişməsə, müsbət heç bir perspektivdən danışa bilməyəcəyik".
Mehriban Əliyevanın keçən ilin fevralın 21-dəki təyinatını müxalifət demokratiyanın daha da geriləməsi kimi qiymətləndirmişdi, ölkədə ailə hakimiyyətinin bir az da möhkəmləndirməsi kimi izah etmişdi, hakim partiya isə idarəetmənin avtoritar olması iddiasını ümumiyyətlə qəbul etmir.
Buna da bax: ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’
Bu təyinatdan əvvəl, referendum keçilib, ölkə Konstitusiyası dəyişdirilib, vitse-prezidentlik institutunun yaradılmasından başqa, prezidentlik müddəti 7 ilə qaldırılıb, prezidentliyə namizədlik üçün yaş limiti götürülüb. Tənqidçilər bunu, İlham Əliyevin, özünün bütün ailə üzvləri üçün prezident seçkisində iştirak üçün zəmin yaratması ilə izah ediblər. Yenilənmiş Konstitusiyaya görə, qanunla nəzərdə tutulan hallarda 1-ci vitse-prezident dövlət başçısının icra edə bilər.