Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:28

Ərəstun Oruclu: 'Mehriban Əliyevadan çəkinirlərsə… əsasları var'


Ərəstun Oruclu
Ərəstun Oruclu

«Mən deyə bilmərəm Mehriban Əliyeva hakimiyyətə gəlsə yaxşı, ya pis olacaq. Ancaq dediyim odur ki, Azərbaycan cəmiyyətinə müəyyən tərpəniş lazımdır», - «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri, hazırda ABŞ-da çalışan politoloq Ərəstun Oruclu AzadlıqRadiosuna müsahibəsində belə deyir.

O, növbədənkənar prezident seçkilərinə dair sualları cavablandırıb:

- Baş verənlərin kökü Rusiyadan qaynaqlanır. Eyni qərar Rusiyada da verildi. Prezident Putin anlayır ki, sanksiyaların yumşaldılmasına nail ola bilməyəcək. İqtisadi problemlər, daxili siyasətdə onlardan qaynaqlanan ziddiyyətlər qabardığından, Vladimir Putin çalışır ki, Rusiyada seçkiləri tez keçirsin. Onun daha ciddi opponentləri hakimiyyətin içərisindədir. Buna görə də öz statusunu legitimləşdirərək daha altı il ölkəyə başçılıq etmək niyyətindədir. Bənzər durum Azərbaycandadır, ona görə də bənzər addımları İlham Əliyev atdı. Azərbaycan hakimiyyəti de-fakto Rusiyanın satellitidir. Hər iki ölkədə də sosial-siyasi böhran, hakimiyyətdaxili mübarizə dərinləşməkdədir. Bu, Azərbaycanda daha qabarıq görünür, hər nə qədər gizlətməyə çalışsalar da. Buna görə də Mehriban Əliyevanın prezidentlik söhbəti gedir, ona qarşı addımlar atılır. Son bir il-ilyarımda onun komanda üzvlərini sıxışdırırlar, diskriminasiyaya uğradırlar. Yəni bütün bunlar bir məqsədə yönəlib – indiki hakimiyyətin ömrünü uzatmağa, onu legitimləşdirməyə. Növbədənkənar seçkilərin təyin edilməsində başqa bir səbəb də var – Rusiyanın daha ağır böhrana düşə bilməsi. Müəyyən istisnalarla istər Mərkəzi Asiya ölkələri olsun, istər Ermənistan, istər Azərbaycan, istərsə Belarus, bu ölkələrin hamısı birbaşa Rusiyaya bağlıdır, o böhrana düşüncə, bunlar da domino prinsipi ilə bir-birinin ardınca gedəcək. Ona görə legitimliyi təmin etmək, «İlham Əliyev, yoxsa Mehriban Əliyeva» sualına son qoymaq lazımdır. Görün nə qədər riskli vəziyyətdir ki, Azərbaycan hakimiyyəti iki ay sonraya seçkilər təyin edir. Bugünkü hakimiyyətin alternativi Mehriban Əliyevadır. Hakimiyyətdəki köhnə qvardiya isə bunu qəbul etmək istəmir.

- İndiyədək İlham Əliyev hakim komandada «birləşdirici fiqur» kimi təqdim edilib. Xüsusən 2005-ci ildə hakimiyyətdəki rəqiblərini neytrallaşdırandan sonra komanda içində kiminsə ona qarşı baş qaldıracağına dair şübhə qalmadığı deyilirdi. Nə baş verdi ki, İlham Əliyev getmək istəyir və komanda onun mümkün varisinə - Mehriban Əliyevaya qarşı çıxır?

- Məsələ ondadır ki, İlham Əliyev 15 ildə hakimiyyətə tam sahib ola bilməyib. Biz bu gün baş verənlərə baxaq. Fevralın 8-də Yeni Azərbaycan Partiyasının qurultayında prezidentliyə namizəd müəyyənləşdiriləcək. İlham Əliyev seçkilərə qatılıb-qatılmayacağı haqda heç nə deməsə də, Prezident Administrasiyasının rəsmiləri, Ramiz Mehdiyevin qruplaşmasına aid şəxslər açıq bəyan edirlər ki, prezidentliyə namizəd YAP sədri olacaq. Və ya bir neçə ay əvvəl daxili qruplaşmaya yaxın şəxslərin dilindən açıqlama verildi ki, İlham Əliyev ölkədə qanlı qarşıdurmanı önləyəcək tək fiqurdur. Bunlar şantajdır, siyasi təzyiqdir. Köhnə qvardiya, regional klan mesaj verir ki, biz geri çəkilməyəcəyik. Amma məsələ burasındadır ki, İlham Əliyev özü də artıq bunlardan yorulub. Onun çıxışlarına baxın, o heç bir halda islahat istəmir. O bilir ki, islahat təhlükədir, cəmiyyət də artıq ondan yorulub. O 2005-ci ildən bu yana, yəni Hacı Məmmədov hadisəsindən bəri daxili işlər nazirini dəyişə bilmədi. Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, Ramil Usubov etibarlı kadr olaraq postunda qalmaqdadır. Bütün hesablaşmalar da bu qruplaşmanın öhdəsinə buraxılıb. Yeri gəlmişkən, ötən il qanunvericiliyə dəyişiklik edildi, indi Silahlı Qüvvələrin də daxili siyasi proseslərə cəlb edilməsinə icazə verən məqamlar var. Proseslər artıq zorakılıq istiqamətində gedir. Ortada hədə var, təzyiq var, «Biz bunu istəyirik, bununla hesablaşmalısan» mesajı var, bu da zorakılıqdır. Bu proses açıq fazaya da keçə bilər. Görünür, artıq bəzi addımlar – Paşayevlər klanının gücləndirilməsi, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması buna hazırlıq idi. İndi hər şey İlham Əliyevin iradəsindən asılıdır. O, YAP-ın qurultayında Mehriban Əliyevanın prezidentliyə namizədliyini verə biləcəkmi, ya yox? Bunu istəyirmi?

- Sizcə, YAP qurultayında fərqli namizədin irəli sürülmə ehtimalı çoxmu realdır?

- Yüksək ehtimalla İlham Əliyev bunu etməyəcək. O, təzyiqlərə müqavimət göstərə bilməyəcək və öz namizədliyinin verilməsi ilə razılaşacaq. Bu da o deməkdir ki, Azərbaycan bundan sonra da dağıdıcı yolla getməyə davam edəcək. Mən əsla iddia etmirəm ki, Mehriban Əliyeva qurucudur. Amma onun gəlməsi istənilən halda köhnə hakimiyyət iyerarxiyasını poza bilər. Onlar bilir ki, Mehriban Əliyeva prezident olacağı təqdirdə ən azı klan yerdəyişməsi olacaq, köhnə qvardiya dağılacaq. Artıq 25 il olur ki, Azərbaycan insanı Ramiz Mehdiyevi, Artur Rasizadəni, Ramil Usubovu görür. Bu adamların yeri arxivdir, onlar neçə nəsli sıradan çıxarıblar.

İ.Əliyev və M.Əliyeva
İ.Əliyev və M.Əliyeva

- Siz deyirsiniz ki, prezident 25 illik komandadan qurtula bilmədi, hətta bir daxili işlər nazirini vəzifəsindən uzaqlaşdırmağı bacarmadı. Elə isə, Mehriban Əliyeva bunu necə edəcək?

- Belə deyək ki, ən azı, onların işbirliyi alınmayacaq. Mən Mehriban Əliyevanın şəxsi keyfiyyətlərinə bələd deyiləm. Mən İlham Əliyev haqqında daha çox fikir söyləyə bilərəm, nəinki Birinci vitse-prezident haqqında. Amma ən azından onu deyə bilərəm ki, ondan çəkinirlərsə, gəlməsini istəmirlərsə, deməli, qorxmaq üçün, ehtiyatlanmaq, çəkinmək üçün əsasları var. Amma bu, yüksək ehtimalla, baş verməyəcək. Bunun baş verməsi üçün Azərbaycanda geosiyasi oyunçu təkcə Rusiya olmamalı idi. Qərbin, ABŞ-ın burda strateji xətti ya yoxdur, ya da görünmür. Sizə əvvəlki müsahibəmdə demişdim ki, bu rejimi Rusiya dəyişə bilər, bu da Azərbaycana tarixi xidmət olar. Ən azı ona görə ki, bir tərpəniş, irəliləyiş, yenilik baş verəcək. Rusiya da bunu etmək istəmir, çünki müqavimət göstərən həmin iyerarxiya Rusiyaya sadiqdir, ona loyaldır. Mehriban Əliyeva, paşayevlərsə özlərini tək Rusiyaya deyil, həm də Qərbə meylli göstərirlər.

- Siz birillik fəaliyyəti əsasında siyasətçi kimi Mehriban Əliyevanın bacarıqlarını necə dəyərləndirərdiniz?

- Mən Mehriban Əliyevanın siyasi baxışlarını görməmişəm. Onun fəaliyyəti Heydər Əliyev Fondunun xətti ilə olub, müəyyən mədəniyyət, humanitar xarakterli fəaliyyət göstərib. Siyasətçi kimisə xəttini görməmişəm. Mən deyə bilmərəm o, hakimiyyətə gəlsə yaxşı, ya pis olacaq. Ancaq dediyim odur ki, Azərbaycan cəmiyyətinə müəyyən tərpəniş lazımdır. Bunu Qərbmi dəyişəcək, ya Rusiya, ya da hakimiyyət özü içindən dəyişəcək, bilmirəm, amma bu, olmalıdır. Bütün bu neqativ enerji, narazılıqlar, haqsızlıqlar toplanır-toplanır, sonda partlayış baş verir. Bu baxımdan dəyişiklik mütləq olmalıdır. Bu cür rejimlərin dəyişməsininsə iki yolu var: Ya acların qiyamı baş verir, zəlzələvarı proses, ya da hakimiyyət içindən dağılır. Bunun hər ikisinin modeli var. Məsələn, Özbəkistan modeli. Orda Azərbaycandakından daha çirkin rejim vardı. İslam Kərimovun ölümündən sonra Şavkat Mirziyayev gəldi və hakimiyyət içindən dəyişdi. Artıq Özbəkistanda müəyyən irəliləyişlər var. Hakimiyyət dəyişməsə, «ərəb baharı» yaşayan ölkələrin aqibəti burda da təkrarlana bilər. Qısası, model olaraq ikicə yol var.

- Bəlkə üçüncü yol da var? Məsələn, keçmiş nazir Tofiq Zülfüqarov deyir ki, seçkilərdən sonra İlham Əliyev gənc, iqtisadi islahat aparacaq komanda ilə ortaya çıxa və beləcə, sizin dediyiniz o köhnə qvardiya hakimiyyətdən uzaqlaşdırıla bilər.

- İnanmıram. Bu nağılları 15 ildir eşidirik. Hər dəfə seçkilərdən əvvəl belə söhbətlər ortaya atılır. Siyasi, hüquqi islahat aparmadan iqtisadi islahat aparmaq qeyri-mümkündür. Belə model yoxdur. İqtisadi islahatın mütləq hüquqi bazası olmalıdır, məhkəmə müstəqil olmalıdır. Məhkəmə müstəqildirsə, bu artıq siyasi islahatdır. Bu, zəncirvarı prosesdir. Bir qeyri-demokratik ölkə göstərə bilməzsiniz ki, iqtisadiyyatı azad olsun. Burda üçüncü yol mümkün deyil. Üçüncü yol Ukrayna, Gürcüstan yoludur. Onlarda isə bizdəki kimi sərt rejim olmayıb. Ona görə orda inqilab yolu ilə transformasiya baş verdi. Ukraynada uğursuz dövlət qurulsa da, uğurlu cəmiyyət var, Gürcüstanda isə, demək olar, hər ikisi var, hakimiyyət ziddiyyətli olsa da, cəmiyyət uğurludur. Cəmiyyət uğursuzdursa, dövlət, ölkə uğurlu ola bilməz. Azərbaycanda cəmiyyəti tənzimləyən mexanizmlər - siyasi sistem, vətəndaş cəmiyyəti, məhkəmə sistemi, vəkillik institutu sıradan çıxarılıb. Bu sistem parodiyadır. Bu mühitdə hansı azad iqtisadiyyat qurula bilər? Kim gətirib bura yatırım qoyar? Ona görə üçüncü yolu görmürəm.

- Növbədənkənar seçkilərin təyinatı barədə çox ehtimallar dilə gətirilsə də, indiki dövlət başçısının səhhəti haqda danışılmadı. Bu nə qədər ağlabatandır?

- Azərbaycan qapalı ölkədir, şəffaflıq yoxdur. Normal ölkədə deyilir ki, məsələn, dövlət başçısının səhhətində bəzi problemlər var. Amma Azərbaycanda bu şeylər şayiə şəklində dolaşır. Ona görə bunu nə təkzib etmək olur, nə də təsdiq. İlham Əliyev yorğun görünür. Hər bir siyasətçinin hədəfi var. İlham Əliyevdə bu hədəf yoxdur. Mən görmürəm. İkinci Dünya müharibəsindən sonra psixoanalitiklər siyasətçilərin portretini hazırlamağa başladılar. Elə bir portret hazırlansa, İlham Əliyevin çox yorğun olduğu ortaya çıxar, rəsmi tədbirlərdə danışdıqlarının əksəriyyəti təkrardır, son illər yeni heç nə yoxdur. Belə məlumat var ki, İlham Əliyev islahatlar haqqında eşitmək belə istəmir, buna görə heç kim onunla islahat haqda danışmır. Bu da ölkəni uçuruma aparır.

- Ərəstun bəy, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə addımlar atılacağını da iddia edənlər var...

- O qədər gülünc iddialardır ki, münasibət belə bildirmək istəmirəm. Nə qədər ki bölgə Rusiyanın təsiri altındadır, Qarabağ məsələsində irəliləyiş baş verməyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG