Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Mehman Əliyev: ‘Bu gün başqa bir proses gedir...’


İlham Əliyevin ailəsi parlament seçkilərində. 2015
İlham Əliyevin ailəsi parlament seçkilərində. 2015

“Birinci dəfədir ki, biz böhran şəraitində seçkilərə gedirik”

“Bu, görüntü deyil. Görüntü əvvəllər olub, parlaq çıxışlar, cürbəcür proqramlar, məsələn, regional inkişaf və s. ilə bağlı. Ancaq struktur, kadrlar dəyişmirdi, necə vardı eləcə də qalırdı. Bu mənada bu gün başqa bir proses gedir. Siyasi islahatları isə görmürük. Əksinə, bu sahədə vəziyyət daha da sərtləşdirilir. Amma iqtisadi islahatın getdiyini demək üçün müəyyən proses gedir”, – “Turan” İA-nın direktoru Mehman Əliyev hakimiyyətin son addımlarından danışarkən belə deyir.

– Mehman bəy, adətən hökumət də, hökumətə yaxın mütəxəssislər də deyirlər ki, 2018-ci ildə aparılan iqtisadi islahatların bəhrəsini görmək mümkün olacaq. Sizcə, bu, nə qədər realdır?

Mehman Əliyev
Mehman Əliyev

– Biz hələlik, islahatları yox, institusional dəyişiklikləri görürük. Bir sıra yeni strukturlar yaradılır, bir sıra nazirliklərin birləşdirilməsi gedir. Məsələn, gözlənilir ki, Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi birləşdiriləcək. Hətta ola bilsin, Maliyyə Nazirliyi də onlara birləşdirilsin və üç qurum bir nazirlik kimi fəaliyyət göstərsin. Yeni kadrlar gətirilir və ya əvəzlənir. Sonuncu dəfə biz Fazil Məmmədovun işdən çıxarılmasına şahid olduq və başqalarının da gedəcəyi gözlənilir. 2018-ci il daha çox hazırlıq ili olacaq. Bəzi qanunverici aktlara da dəyişiklik ediləcək. Yəni, bu, daha çox hazırlıqdır. Əslində, biz bu prosesin nəticəsini 2019-cu ildə görə biləcəyik. Məsələn, ölkədə 43 aqropark tikilir. Başqa sahələrə də vəsaitlər yönəldilir və aktivlik var. Amma “Biz bu il nəticə görəcəyik” demək üçün hələlik, tezdir. Biz nəticəni 2019-2020-ci illərdə görə biləcəyik.

"...bu gün başqa bir proses gedir. Siyasi islahatları isə görmürük. Əksinə, bu sahədə vəziyyət daha da sərtləşdirilir"

– Sizcə, hökumətin atdığı addımlar islahat görüntüsüdür ya doğrudan da, bu köklü bir prosesin başlanğıcı sayıla bilər?

– Bu, görüntü deyil. Mən belə deməzdim. Görüntü əvvəllər olub, parlaq çıxışlar, cürbəcür proqramlar, məsələn, regional inkişaf və s. ilə bağlı. Ancaq struktur, kadrlar dəyişmirdi, necə vardı eləcə də qalırdı. Bu mənada, bu gün başqa bir proses gedir. Bunu görürük. Bu, daha çox iqtisadi-sosial sahəyə aid məsələlərdir. Siyasi islahatları isə görmürük. Əksinə, bu sahədə vəziyyət daha da sərtləşdirilir. Amma iqtisadi islahatın getdiyini demək üçün müəyyən proses gedir.

Buna da bax: Aydın Əliyev köhnə şin satanlara cavab verdi

– Ancaq siyasi, hüquqi islahatlar aparılmadan, iqtisadi islahatlar bəhrə verəcəkmi?

"Gözlənilir ki, Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi birləşdiriləcək"

– Mən sonuncu yazımda da qeyd etmişəm ki, siyasi islahatlar aparılmasa, demokratiya, insan haqları, söz azadlığı təmin edilməsə, Azərbaycanda iqtisadi islahat heç bir uğur gətirməyəcək. Yəni azad iqtisadiyyat, iqtisadi inkişaf birbaşa azad cəmiyyətə bağlıdır. Cəmiyyət azad olmadan iqtisadi inkişaf mümkün deyil. Siyasi islahatlardan isə söhbət getmir. Əksinə, cəmiyyətə davamlı təzyiqlər var, sonuncu olaraq vəkillərə, siyasi partiyaların rəhbərlərinə təzyiqlər edilir, məsələn, 20 yanvarda Şəhidlər Xiyabanına ziyarət zamanı gərginlik yaşandı və s. Yəni bunlar hamısı deməyə əsas verir ki, hakimiyyət vəziyyəti daha çox sərtləşdirməkdə israrlıdır.

Buna da bax: ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

– İnstitusional dəyişikliklərdən danışdınız. Amma bəzi mütəxəssislərin fikrincə, təhsil nazirinin vergilər naziri təyin edilməsi struktur və ya kadr islahatı sayıla bilməz, ən azı ona görə ki, təhsil sistemində dəyişiklik baş verməyibsə vergi sistemində o, neyləyə biləcək?

"Fazil Məmmədovun işdən çıxarılmasına şahid olduq və başqalarının da gedəcəyi gözlənilir"

– Addımlar atılır. Ancaq nəticəyə baxmaq lazımdır. Mən demirəm ki, biz hər şeyi müsbət görməliyik və ya mütləq yaxşı nəticə olacaq. Burda iki amil var. Birincisi, müsbət olan budur ki, oliqarx nazirlərin, məmurların yerinə icraçı nazirlər, məmurlar gətirilir. Onlar dəyişikliklərə gedəcəkmi, münasibətlər dəyişəcəkmi? Nəticə olacaqmı? O, başqa məsələdir. İkincisi də, mən dedim, siyasi islahatlar aparılmadan iqtisadi islahatlar uğursuzluqla nəticələnəcək.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

– Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu seçkilər əvvəlkilərdən fərqlənəcəkmi? İstər hakim, istərsə də müxalif düşərgədə ovqat, ümumi durum nə vəd edir?

"Azad iqtisadiyyat, iqtisadi inkişaf birbaşa azad cəmiyyətə bağlıdır"

– Hakimiyyətdaxili problemlər var. Özü də köhnə oliqarx sistemi, oturuşmuş qruplar yenilikləri qəbul etmək istəmirlər. Buna görə də daxildə gərginlik yaşanmaqdadır. O ki qaldı müxalifətin aktivliyinə, onun ciddi şəkildə fəallığını sonuncu dəfə 2003-cü il prezident seçkilərində, 2005-ci ildə parlament seçkilərində görmüşük. Ondan sonra müxalifət seçkiləri ya boykot edib, ya da iştirak etsə belə, 2003 və ya 2005-ci ili təkrarlaya bilməyib, zəif iştirak edib. Bu da problemlərlə bağlıdır. Hakimiyyət müxalifətin üstünə güclü şəkildə gedib, eləcə də medianın, cəmiyyətin üstünə gedib və daxili parçalanmalar da bir tərəfdən təsirini göstərib. 2013-cü ildə Milli Şuranın yaradılması cəhdi və onun aqibəti göstərdi ki, müxalifət düşərgəsində də vəziyyət sağlam deyil. Bu da müxalifətin seçkilərdə uğur qazanmasına çox ciddi problemlər və əngəllər yaradır.

"Hakimiyyət vəziyyəti daha çox sərtləşdirməkdə israrlıdır"

– 2018-ci ildə də müxalif düşərgənin toparlana bilməyəcəyini düşünürsünüz?

– Hələ ki belədir. Bilmirəm möcüzə baş verəcəkmi? O qədər inanmıram.

– “Möcüzə” dedikdə nəyi nəzərdə tutursunuz?

Buna da bax: 'Hakimiyyətin paşayevlərə keçməsi elə də asan olmayacaq' [video]

– Yəni müxalif qüvvələr bir yerə yığılsın, yeni struktur yaratsınlar, birgə seçkilərə qatılsınlar və axıra qədər getsinlər. Mən hələlik, bunu görmürəm.

– Üçüncü qüvvə ortaya çıxa bilərmi?

"Müxalifət düşərgəsində də vəziyyət sağlam deyil"

– Üçüncü qüvvəni də görmürəm. Belə bir qüvvə ancaq hakimiyyətin içərisindən çıxa bilər. Yəni iqtidar parçalana və üçüncü qüvvə meydana çıxar. Amma bunu da bilmirəm. Hərçənd mübarizə var. Hakimiyyətdəki narazı qrupun nəsə edəcəyinə isə inanmıram. Bəlkə islamyönümlü qruplardan danışmaq olar. Onlar da hələlik, hazır deyil, orda da formalaşma, hansısa proses yoxdur.

Buna da bax: Hikmət Hacızadə: 'Yeni ümidlər yayılır. Guya Mehriban xanım gələcək...'

– Hakimiyyət daxilindəki “narazı qrup” kimlərdir? Mətbuatda vaxtaşırı danışılan Naxçıvan klanı, ya islahatçı kimi təqdim edilən paşayevlər? Ya adı bəlli olmayan başqa bir qrupdan söhbət gedir?

"Hakimiyyətdəki narazı qrupun nəsə edəcəyinə inanmıram"

– Əslində, köhnə komanda var, onun da nüfuzlu üzvləri, qrupları var, klanlar sistemində qurulub. Onlar üçün hakimiyyəti itirmək iqtisadi rıçaqları, kapital itirməkdir, nəzarəti itirməkdir. Bunu qəbul etmək istəmirlər.

– Hakimiyyət bu dəfəki seçkilərdə sürprizlə qarşılaşa bilərmi?

– Bu dəfəki seçkilər ötən seçkilərdən fərqlənir. Birinci dəfədir ki, biz böhran şəraitində seçkilərə gedirik. Azərbaycanda böhran bitməyib. Bu da ciddi problemdir. Elektorat narazıdır. Hakimiyyət narahatdır. İkincisi, Qərblə Azərbaycan arasında gərginlik yaşanmaqdadır və bəzi amillərə görə bu gərginlik daha da arta bilər. Ona görə də hesab edirəm ki, hakimiyyətdaxili vəziyyəti, iqtisadi-sosial durumu daha da yaxşılaşdırmağa cəhd göstərməlidir, bu səbəbdən islahatlar aparmağa məcburdur. Bu il cəhdlər daha çox olmalıdır, addımlar atılmalıdır ki, insanlar nələrinsə real şəkildə dəyişdiyini görsünlər, ümidlər yaransın. Bir də, hakimiyyət Qərblə məxrəcə gəlməlidir. Bu baş verməsə, seçkilərə problem yarana bilər. Hakimiyyət buna görə də çox narahatdır. Bu iki amil hakimiyyətə problem yaradır və onu narahat edir.

"Birinci dəfədir ki, biz böhran şəraitində seçkilərə gedirik"

– Dediniz ki, vətəndaş narazıdır. Bu “narazı elektorat” nəzarət imkanlarını əlində saxlayan hakimiyyətin siyasətinə qarşı çıxa, seçkilərdə ona “get” deyə bilərmi?

– 2013-cü ildə hələ neft pulları vardı, vəziyyət sabit idi, amma yenə də müxalifətin nümayəndəsi Cəmil Həsənlinin televiziya çıxışlarına başqa namizədlərdən daha çox baxırdılar, maraq vardı. Biz bunun monitorinqini də aparırdıq. Amma o zaman vəziyyət sabit idi, müəyyən inkişaf vardı, vəsaitləri vardı. Bu gün vəziyyət tam başqadır, narazılar çoxdur. Sabah müxalifət nümayəndəsi telekanallarda çıxış etsə, görüşlər keçirsə, orda hansı proses gedər, onu Allah bilir. Bu gün təkər satan Prezident Aparatına gedib narazılığını bildirir, evi sökülən də həmçinin. Bunlar sosial-iqtisadi problemlərdir. Qaçqın və ya başqa təbəqədən olanlar sözünü deyə, narazılığını çatdıra bilər. Seçkilərdə isə bütün problemlər üzə çıxır, təsirini gücləndirir, o anda canlanma yaranır, informasiya axını güclənsə, proseslərin gedişatını proqnozlaşdırmaq çətinləşir. Hakimiyyət də bunu başa düşür.

"Sabah müxalifət nümayəndəsi telekanallarda çıxış etsə, görüşlər keçirsə, orda hansı proses gedər, onu Allah bilir"

– Neftin qiyməti artır, hakimiyyət narazı zümrəni sakitləşdirmək üçün bəzi addımlar ata bilərmi?

– Ola bilər. Neftin qiyməti artdıqca vəsait də artır. Məncə, əsas kiçik, orta sahibkarlığa, tikintiyə, kənd təsərrüfatına investisiya qoyulması canlanma yarada, iş yerlərinin yaradılmasına səbəb ola bilər. Hakimiyyət də bu gün həmin yöndə hərəkət edir. Müəllim, həkim təbəqəsi isə hər zaman hakimiyyətə sədaqətli olub. Yenə də elə olacaq, yəqin. İnsanlar üçün əlində olanı itirməmək çox vacibdir. Bank sektorunda və ya başqa şirkətlərdə ixtisarlar getdiyi bir halda onlar iş yerlərini itirmək istəməyəcəklər. Orda canlanma görmürəm.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG