Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

‘Qış gəldi, qaz qəhətə çıxdı’-media icmalı


Sumqayıtda qaz belə gəlir, 1 dekabr 2018
Sumqayıtda qaz belə gəlir, 1 dekabr 2018

Dekabrın 1-də yerli media qış gəlməmiş qazın qəhətə çıxmasından, işəgötürənlərin sosial sığorta haqqından azad edilməsi barədə səslənən təkliflərdən, Vergi Məcəlləsinə olunan dəyişikliklərdən yazır.

Qaz əvəzinə virtouz ifa

“Azərbaycan” qəzeti “Qış gəldi, qaz qəhətə çıxdı” adlı məqalədə

əhaliyə qaz verilişindəki problemləri, istehlakçı şikayətlərinə müvafiq qurumların ciddi yanaşmamasını tənqid edir.

Qəzet yazır ki, Çağrı Mərkəzi olan “104- Operativ Xidməti” edilən zənglərə saatlarla cavab vermir: “...bu nömrə "operativ xidmət” üçün nəzərdə tutulsa da, ona operativ düşmək hər adama nəsib olmur, bunun üçün dəqiqələr yox, saatlar lazım gəlir”.

​Məqalədə qeyd olunur ki, davamlı zənglərdən sonra abonent xəttin o başında probleminin səbəbini və nə zaman aradan qaldırılacağını eşitmək istəsə də, əvəzində virtuoz sənətkar Vaqif Mustafazadənin təkrarsız ifasına qulaq asmaq imkanı qazanr, özü də saatlarla:

“O səbəbdən ki, probleminizi eşidib operativ tədbirlər görməli olan "bütün operatorlar məşğuldur” və bu məşğulluğun da nə vaxt qurtaracağını bilən yoxdur, hətta bilən varsa, ona nə əl çatır, nə də söz”.

Gədəbəydə qaz borusu, 2013
Gədəbəydə qaz borusu, 2013

​Qəzet daha sonra bir qrup Bakı sakininin artıq dörd gündür “boru xəttində baş vermiş zədələnmə” ucbatından qazsız qaldıqlarını nəzərə çatdırır:

“Nə etməli, hadisədir olub. Amma olmalı olmayan odur ki, adi bir boruda baş verən zədənin təmiri günlərlə uzanır və nəticədə təxminən 2000 abonent, yəni hər biri orta hesabla 3-5 nəfərlik ailə ilin-günün bu vaxtında qazsız qalır!”.

Qəzet bu süründürməçiliyi əsassız sayır: “...nə Bakı ucqar şəhərdir, nə də Azərbaycan yoxsul ölkə! Paytaxtımız neft-qaz yataqlarının üstündə salınıb, Azərbaycan hökuməti, xüsusən dövlət başçısı isə ölkənin təbii qazla tam və normal təchizatı üçün mümkün olanları edir”.

​Məqalədə vurğulanır ki, xüsusən qış aylarında ölkənin bütün ərazilərində, o cümlədən paytaxtda qazla təchizatda tez-tez fasilələr yaranr, “Azəriqaz” bunu aparılan "profilaktik işlər”lə əlaqələndirir, amma həmin işlərin niyə mütləq havalar soyuyanda keçirilməsinin səbəbini izah etmir.

Qəzet yazır ki, hələ payızda "Azəriqaz” qışa tam hazır olduğunu bildirsə də, qış gəlməmiş qaz qəhətə çıxıb.

“İşəgötürənlər sosial sığorta haqqından azad edilsin”

“Bizimyol.info.az” vergi və sosial qanunvericiliyə dəyişikliklər layihəsini ekspert Əkrəm Həsənov-la müzakirə edir. Həmin məqalə belə adlanır: “Ekspert işəgötürənlərin sosial sığorta haqqından azad edilməsini təklif edir”.

Azərbaycan manatı
Azərbaycan manatı

​Ə.Həsənovun sözlərinə görə, vergi və sosial qanunvericiliyə dəyişikliklər layihəsi kölgə iqtisadiyyatının həcminin azalmasına və maaşların olduğu kimi rəsmiləşdirilməsinə hesablanıb:

“Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür, əmək haqları isə olduğundan az göstərilir ki, vergi və sosial sığorta haqqı az ödənilsin. Layihə qəbul edildiyi halda əgər əmək haqqı 8 min manatdan az olarsa qarşıdakı 7 ildə qeyri-neft sektorundan 14faizlik vergi tutulmayacaq”.

Ekspert hesab edir ki, bu layihəni hazırlayanlar qarşıdakı 7 ildə maaşların həqiqi səviyyədə rəsmiləşdiriləcəyinə ümidlidirlər:

“Layihəni hazırlayanlar ümid edir ki, bu müddət ərzində iqtisadiyyatı şəffaflaşdırmaq mümkün olacaq”.

​Amma ekspert layihə müəllifləri kimi nikbin deyil, o, bu müddətdə iqtisadiyyatı şəffaflaşdırmağın mümkün olmayacağını düşünür:

“Ona görə ki, məcburi dövlət sosial sığorta haqqının məbləği azaldılmayıb. Amma deyirlər ki, əgər indi 25 faizlik sığorta haqqının 3 faizini işçi, 22 faizini işəgötürən ödəyirsə, gələcəkdə 10 faizini işçi, 15 faizini isə işəgötürən ödəyəcək”.

Ə.Həsənova görə, bu cür yanaşmanın heç bir faydası yoxdur, çünki işçini əlinə aldığı maaş maraqlandırır, işəgötürənsə maaşdan əlavə vergi və sosial sığorta haqqı ödəməlidir:

“Sosial sığorta haqqı isə endirilmir. Bu halda əmək haqqı necədirsə, gələcəkdə də elə qalacaq. Bu gün hər bir işəgötürən işçinin əmək haqqından 39 faiz dövlətə ödəniş edir, yəni 14 faiz vergi, 25 faiz sosial sığorta haqqı ödəyir... Odur ki, işəgötürən müxtəlif yollarla əmək haqqını az göstərəcək”.

Bu yöndəki islahatın effektli olmayacağını iddia edən ekspert təklif edir ki, sosial sığorta haqqının da dərəcəsi azaldılsın və yaxud bir neçə il ərzində ödəniş tələb edilməsin, əks halda qarşıdakı 7 ildə bundan dövlət itirəcək.

“Bizim indi gördüyümüz işi Napoleonun 200 əvvəl edib”

Rövşən Ağayev, mart 2014
Rövşən Ağayev, mart 2014

“Moderator.az” saytında belə bir məqalə diqqət çəkir: “Bizdəki əmlak qeydiyyat sistemi Fransada Napoleon dönəmində tətbiq edilib...”

Sayt Vergilər Məcəlləsinə ediləcək dəyişiklikləri, yəni bərbərlərin, ofisiant və dərzilərin də vergiyə cəlb olunmasını, əmlak uçotunun aparılmasını iqtisadçı-ekspert Rövşən Ağayev-lə müzakirə edir.

İqtisadçı bu yeniliyi təqdir etsə də, islahatların kompleks şəkildə həyata keçirilməsini zəruri sayır:

“Mən çalışan, işləyən hər kəsin dövlət büdcəsinə kiçik də olsa töhfə verməsini istəyirəm. Bu, sadəcə iqtisadi məsələ deyil, həm də siyasi məsələdir. 100 manat qazanan 100 manata, 100 milyon qazanan da 100 milyona görə büdcəyə töhfə verməlidir”.

​O ədalətli vergi, tam şəffaflıq, xərclərin uçotunun aparılması, hesabatlılıq kimi ideyaları prinsip olaraq bəyəndiyini bildirir. Amma Azərbaycanın bu sahədə çox gecikdiyini söyləyir:

“Bizim indi gördüyümüz əmlak qeydiyyat sistemini Fransada Napoleon 200 il əvvəl edib. Orada əmlakın dəyəri ilə uçota almağa başladılar. Bunu ona görə etdilər ki, kimin hansı məbləğdə mülkə malik olduğunu bilsinlər”.

R.Ağayev deyir ki, Napeleon Fransası-nda mülkün dəyərinə uyğun olaraq da hökumət vergi müəyyən edir, bilirdi ki, kimin qazancı nə qədərdir.

Ekspertin qənaətincə, məsələ təkcə hər kəsin gəlirlərinin uçotunun aparılması ilə yekunlşmamalıdır: “Hamı büdcəyə vergi ödəyirsə, hökumətin borcu da bu büdcəni şəffaf xərcləməkdir. Hansısa biznesin hansısa oliqarxa malik olması, kiminsə vergidən yayınması yolverilməzdir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG