Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:24

'Hökumətin islahat düşüncəsinə məəttəl qalmaya bilmirsən'-media icmalı


Prezidentin bu günlər imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman, ölkədə sosial infrastrukturların vəziyyəti, ayaqqabı istehsalındakı geriləmələr və başqa məsələlər medianın diqqət verdiyi mövzularındandır...

“İnsanları incidirlər, rüşvət istəyirlər,...”

“Moderator.az” saytı-nda ““İnsanları incidirlər, rüşvət istəyirlər, süründürməçilik edirlər” - Deputatdan sərt açıqlama” sərlövhəli yazı oxumaq olar.

Vahid Əhmədov, 18 oktyabr 2011
Vahid Əhmədov, 18 oktyabr 2011

Sayt dövlət başçısının bu günlərdə imzaladağı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı Milli Məclisin deputatı Vahid Əhmədov-la dəyərləndirib:

“Bu islahatlar davamlı olacaq. Çünki cənab prezidentin cəmiyyətə mesajı ondan ibarət oldu ki, islahatlar davamlı olacaq. İslahatlarda da əsas məqsəd şəffaflığı təmin etmək, korrupsiyanı aradan qaldırmaq, insanların həyat şəraitini yaxşılaşdırmaqdır. Əsas bu 3 məsələdən söhbət gedir”, deputat V.Əhmədov “modern.az”-a açıqlamasında vurğulayıb.

Deputat görə, sözü gedən sənəd inqilabi fərmandır:

“Çünki Azərbaycanda ən çox şikayət olunan sahə məhkəmə sistemidir. Məhkəmə sistemindən yüz minlərlə şikayətlər var. İnsanları incidirlər, rüşvət tələb edirlər, süründürməçiliyə yol verirlər. Qərarlar Azərbaycan qanunlarına uyğun yox, müəyyən təzyiqlər nəticəsində qəbul olunur”.

V.Əhmədov hesab edir ki, məhkəmələr tam sərbəst olmalıdır:

“Heç kimin tabeliyində olmamalı, ayrıca qurum olmalıdır. Bütün dünyada olduğu kimi, qərarları da sərbəst qəbul etməlidirlər. Heç kimə də qulaq asmamalıdırlar. Azərbaycan dövlətinin qanunlarına,... uyğun olaraq qərarlar verməlidirlər. Əgər insanın cəzası varsa çəkməlidir. Bu da tam şəffaf olmalıdır”.

Deputat sənəddə sahibkarlıq məsələləri ilə bağlı ixtisaslaşdırılmış məhkəmə yaradılması müddəasını da xüsusi vurğulayır:

“Həmçinin, sahibkarları məhkəmələr çox incidirlər, bu da problemdir. Minlərlə şikayəti məhkəmələrə göndəririk. Proses çox ciddidir”.

“ İki aya 15 min cüt ayaqqabı istehsalı”

Nemət Əliyev, 2013
Nemət Əliyev, 2013

“Azadlıq.info” saytı-nda “İstehsalda 65 faiz azalma” sərlövhəli yazı diqqət çəkir.

Sayt ölkədə ayaqqıbı istehsalının mövcud vəziyyətinə dair iqtisadçı Nemət Əliyevin düşüncələrinə yer ayırıb.

İqtisadçı qeyd edib ki, 10 milyon əhalisi olan ölkənin 90 min cüt ayaqqabı istehsal etməsi faciədir və təlabatın yerli istehsalla təminetmə səviyyəsi bu mal çeşidi üzrə 1 faizdən də azdır. N.Əliyevin bildirməsinə görə, ayaqqabı ehtiyacının 99 faizdən çoxu idxal hesabına təmin edilir:

“Gündəlik istifadə etdiyimiz ayaqqabının istehsalı bu ilin yanvar-fevral dövründə 65 faiz azalıb. Bu iki ayda cəmi 15 min cüt ayaqqabı istehsal etmişik. Bu gedişatla fabrik və sexlərimiz ilin sonunadək vur-tut 90 min cüt ayaqqabı tikəçək...”.

arxiv foto
arxiv foto

​N.Əliyev hesab edir ki, cırıq ayaqqabılara yamaq salan pinəçilərdən vergi yığmağı hədəf seçən hökumət bu sahədəki dözülməz vəziyyəti nəzərə alaraq yerli istehsalı təşviq edən gerçək islahatlar həyata keçirməlidir. Onun fikrincə, mövcud iqtisadi şəraitin dözülməz olması bu sahəni inkişafdan saxlayan başlıca səbəb kimi diqqəti cəlb edir:

“Doğrusu, hökumətin islahat düşüncəsinə məəttəl qalmaya bilmirsən. 2014-cü ildə 70 min cüt, 2015-ci ildə 67 min cüt, 2016-cı ildə 324 min cüt, 2017-ci ildə 196 min cüt, 2018-ci ildə 222 min cüt ayaqqabı istehsal olunub. Son 5 ildə hər ilə orta hesabla 176 min cüt ayaqqabı düşüb. Bu məhsul çeşidinə ölkə əhalisinin illik təlabatını ödəmək məqsədi ilə dünyanın dörd bir yanından 2016-cı ildə 34 milyon cüt, 2017-ci ildə 37 milyon cüt, 2018-ci ildə isə 36 milyon cüt ayaqqabı idxal olunub”.

İqtisadçı vurğulayıb ki, 2017-ci ildə idxal olunan ayaqqabıların 57 faizi Çin, 24 faizi Türkiyə, 16 faizi İran istehsalıdır.

Etibar Məmmədov: 'YAP o qədər şişib ki...'
Gözlə

No media source currently available

0:00 0:25:51 0:00

“ Dövlət dəstəyi”

“Azərbaycan” qəzetində isə “Dövlət dəstəyi qurub-yaratmaq əzmini artırıb” sərlövhəli yazı dərc edilib.

Müəllif Qobustan rayonunun müqayisəsində dövlət dəstəyi ilə ölkənin iqtisadi həyatında görülən işlərdən bəhs edilir.

Yazıda vurğulanıb ki, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası Qobustan rayonunun simasını da dəyişib, gözəlləşdirib:

“Başqa sözlə, dövlət dəstəyi bu yerlərə yeni nəfəs, insanlara qurub-yaratmaq əzmi bəxş edib”.

İlham Əliyev Kürdəxanıda mcburi köçkünlər üçün salınan şəhərciyin açılışında, Bakı, 5 aprel 2019
İlham Əliyev Kürdəxanıda mcburi köçkünlər üçün salınan şəhərciyin açılışında, Bakı, 5 aprel 2019

​Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov qəzetə deyib ki, 2014-2018-ci illərdə prezident İlham Əliyev Qobustan rayonunda xəstəxananın, xalçaçılıq emalatxanasının, məktəb və uşaq bağçasının tikintisi, əkin sahələrinin suvarılması, yol çəkilişi, abadlıq, quruculuq işləri ilə əlaqədar 10 sərəncam imzalayıb. Həmin sərəncamlarla rayona 31 milyon manatdan artıq vəsait ayrılıb, bu da rayon büdcəsindən 8 dəfə çoxdur:

“Öyrəndik ki, prezidentin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə ayrılmış 15 milyon 520 min manat vəsait hesabına Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri, avadanlıq və inventarla təchiz başa çatdırılıb. Yaxın vaxtlarda mərkəzi xəstəxananın açılışı gözlənilir”.

​Yazının sonunda da oxuyuruq:

“"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da Qobustan rayonu üzrə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Rayon sakinləri həmin proqramda üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün ilin ilk günlərindən əzmlə çalışırlar”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG